BolgeXeber.Com » Bölgə » Şirvanda avtobus sürücüləri aksiya etdilər

Şirvanda avtobus sürücüləri aksiya etdilər

5-04-2014, 04:40
Oxunub: 3 132 Avtobus sürücüləri işə çıxmaqdan imtina etdilər; yüzlərlə sərnişin saatlarla avtovağzallarda gözləməli oldular

Apreli 4-də Şirvan və Salyan rayonlarındakı avtovağzallarda çalışan avtobus sürücüləri aksiya keçiriblər. İşə çıxmaqdan imtina edən avtobus sürücülərindən “Yeni Müsavat”a verilən məlumata görə, aksiyaya səbəb Salyan və Şirvan rayonlarını birləşdirən magistral yolun dağılaraq bərbad hala düşməsidir. Avtobus sürücülərinin sözlərinə görə, iki rayonu birləşdirən magistral yolun dağılması səbəbi ilə 1 saatlıq yolu bəzən 3-4 saata gedirlər.
Bu da öz növbəsində onların iş qrafikinə çox ciddi təsir edir. Bəzən günlərlə reysə çıxmaq üçün növbə gözlədiklərini deyən sürücülər daha sonra “Azeryolservis” ASC-nin 38 saylı Yol Tikinti İdarəsinin Şirvan rayonundakı ofisinin qarşısına toplaşaraq yolun təmir olunmasını tələb ediblər.

Yol tikinti idarəsindən aksiya keçirən sürücülərə bildirilib ki, sözügedən magistral yol yaxın günlərdə əsaslı təmirə dayandırılacaq. İdarədən bildirilib ki, artıq bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri təsdiqlənib. Uzunluğu 31 kilometr olan Salyan-Şirvan yolunun 10 kilometr hissəsini Şirvan 34 saylı yol istismarı idarəsi, 21 kilometrini isə Salyan 38 saylı yol istismarı idarəsi təmir edəcək.

Sürücülərin aksiyası nəticəsində Salyan və Şirvan rayonlarının avtovağzallarında yüzlərlə sərnişin saatlarla gözləməli olub. Avtovağzal rəhbərliyi bu reysə kənardan avtobus qoşmaqla problemi qismən aradan qaldırmağa çalışıb.

Şirvan sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, magistral yolun 31-ci kilometrliyi tamamilə dağıldığından çox vaxt avtobusun aşmaması üçün düşüb 200-300 metr piyada getməli olurlar. Onların sözlərinə görə, asfalt örtüyü dağıldığından yol üzərində qabartı və çökəkliklər yaranıb. Bu da avtomobillər üçün çox ciddi problemlər yaradıb. Qırxçıraq, Parça Xələc, Seydan, Abadkənd, Xələc, Kolanı, Qarabağlı, Təzəkənd, Gomuşlu, Kərimbəyli, Qaraçala, Yolüstü, Çadırlı, Bəşirbəyli və Pambıqkənd yaşayış məntəqələri ilə əlaqəni tamamilə kəsib.

Kənd sakinlərinin sözlərinə görə, magistral yol axırıncı dəfə 70-ci illərdə asfaltlanıb. Sonradan yol təmir adı ilə bağlansa da, yüngül yamaqdan başqa bir iş görülməyib.