BolgeXeber.Com » Bölgə » Etibar Pirverdiyevin adamı Qusarı viran qoyub

Etibar Pirverdiyevin adamı Qusarı viran qoyub

7-04-2014, 04:10
Oxunub: 3 580 Şair Alxasov rayonda torpaqları peşkəş edib

“Azərenerji” ASC prezidenti dəvələri üçün bitki sahələri əkdirir; bölgədə vəhhabi xofu yaşanır, əhali isə çörək pulunu Rusiya bazarlarında axtarır...
Qusar elə bölgədir ki, şimal zonasında ən ucqar, həssas və qapalı əyalət sayılır. Mətbuatda Qusardan informasiyaların qısırlığı da bununla əlaqədardır. İnsanlar çörək nicatını Rusiya bazarlarında tapıb, rayondan qopublar və problemlər də aşıb-daşıb, qalmaqdadır.

Çünki qusarlılar üçün vətəndə iş yeri yoxdur. Sərhəddən çörək-duz gətirən qusarlılar rayona qayıdanda problemlərin dəyişməz olduğunu görürlər, yeni iş yerlərinin açılmaq əvəzinə azaldığının şahidi olurlar. Ona görə də Qusar biganəlik, etinasızlıq ucbatından tənəzzül etməkdədir.

İnsanların burada çörək qazanacağına ümid yeri olmadığından, rayonda bir bədbinlik hiss olunur. İnsanlar çörək pulu dalınca Rusiya bazarlarına axışır. Onların dediyinə görə, Qusarda dolanışıq üçün mənbə yoxdur.

Sakinlər deyir ki, indi icra başçısı camaatın problemləri ilə maraqlanmır. Əksinə, rayonun mərkəzi parkında özünə restoran tikdirib. Amma təkcə Qusardakı parkın ərazisi zəbt olunmayıb.

Əhali torpaqların vəzifəli şəxslər arasında pay-püş edilməsindən narazıdır. Kəndlilər torpaq sahələrini, örüşləri itirir, səfalı yerlər əllərindən alınır. Kəndlilərin sözlərinə görə, Qusar imkanlı şəxslərə peşkəş olunur. Buna görə heç kəsdən hesab soruşmurlar.
Örüş sahələri zəbt edilən kəndlilərə bunun müqabilində qəpik-quruş ödənilir. Qusarda meşə ərazilərini, otlaqların, istirahət üçün ayrılmış əraziləri kütləvi şəkildə çəpərləyirlər.
“Mal-qara otarmağa yer qalmayıb. Əhali əkdiyi məhsuldan da xeyir götürə bilmir. Həftələrlə su olmur. Məhsul yanıb, zay olur. Əhali qalıb bilmir nə etsin. Camaat burda çox narazıdır. Şikayət də edə bilmirlər. Qusarda böyük sosial partlayış olsa heç kəs təəccüblənməsin. Özü də burda Qubadan da betər olacaq. Ən qəzəbli rayondur”, - deyə bələdçimiz danışır.

Rayonda ən çox danışılan söhbət Quba etirazlarının burada təkrarlanma ehtimalıdır. El arasında gəzən söz-söhbətə görə, qusarlılar rayon rəhbərliyindən cana doyublar və xalq üsyanı üçün zəmin yaranır. Onlar deputat Azər Badamovu da “gündüz əldə çıraq” gəzirlər. Rayonun yol, qaz, işıq problemləri mövcuddur və bu şikayətlər dil gətirilmir.
Qusarlılar sosial müavinət almaqda da problemlə üzləşirlər. Onlar hələ də “6 ay qanunu” ilə yardım alırlar. Təzə nazir Səlim Müslümovun təyinatından sonra bu regionda müavinət qanunsuzluğu həllini tapmayıb. Əhali narahat edən digər vacib məsələ sələfilərin fəllaşmasıdır. Deyirlər ki, rayonun Dağıstanla sərhəddə yerləşməsi ölkəyə şimaldan gələn radikalizm təhlükəsinin böyüməsinə təkan verir. Deputat özü də vəhhabi faktorundan danışıb. Deyib ki, Azərbaycanda bu təriqət geniş yayılıb. Sakinlər də bu dini cərəyanın təsiri altına düşən gənclərin gələcəyindən narahatdırlar. Ötən ilin sonunda vəhhabilərin polisə hücumu insanları daha da qorxuya salıb. Sələfilərin bu bölgədə sərbəst fəaliyyəti və Dağıstanla mütəmadi əlaqələr insanları təşvişə salıb.

Qusarda işsizliyin kütləviləşməsi isə sələfilərin artımı ilə nəticələnir. Dağıstana işləməyə gedənlər geriyə sələfi kimi qayıdırlar. Ancaq bələdçimizin sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir.

* * *
Rayon rəhbərliyini isə rayonun dərd-bəlası qətiyyən maraqlandırmır. İcra başçısı Şair Alxasov yerli adam olsa da, onun başı Qusardakı kommersiya fəaliyyətinə qarışıb.
Qusarlılar bizə danışır ki, Şair Alxasovun rayon ərazisində müxtəlif obyektləri var. Onun gəlir qaynaqları restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlərdən ibarətdir. Ancaq bu biznes təkcə icra başçısına məxsus deyil. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin də Qusarda böyük biznes imkanlarına sahibdir.

İcra başçısı ilə şərik olan E. Pirverdiyevin rayonda əkin sahələrinin olduğu deyilir. Camaatın dediyinə görə, ASC rəhbərinə məxsus şirkət həmin sahələrdə ot-bitki əkdirir. Ümumiyyətlə, Pirverdiyev fermer təsərrüfatı və əkinçilikdə biznes qurmuş məmurdur. Onun dəvələrinin olması sirr deyil. Qusardakı ot-bitki əkilən sahələrdən toplanan qidalar həmin dəvələr üçün aparılır. Hər halda sakinlər belə deyirlər. Onların sözlərinə görə, icra başçısı da Pirverdiyevlə sıx əlaqələrə malikdir.

Ş.Alxasov icra başçısı təyin edilməmişdən əvvəl Bakıda bizneslə məşğul olub. Onun Sumqayıtın hazırkı icra başçısı Eldar Əzizovla da yaxşı münasibətlərinin olduğu söylənir. Elə icra başçısı olmaq yolunda da Əzizovun dəstəyi olub.

Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışan şəxs 2007-ci ildən şimal rayonunun rəhbəridir.
Onun vəzifəyə gəlməsində E.Pirverdiyevin də böyük rolu olub. Hər bölgənin qubernatoru olduğu kimi Qusarın da kuratoru Pirverdiyevin olduğu iddia edilir. Kəsəsi, enerji sahəsinin rəhbərinin adamı Qusarın gününü qara edib...



“Yeni Müsavat”