BolgeXeber.Com » Bölgə » Zabratda bələdiyyə sədrinin əməlləri sakinlərin qəzəbinə səbəb olub

Zabratda bələdiyyə sədrinin əməlləri sakinlərin qəzəbinə səbəb olub

18-04-2014, 07:40
Oxunub: 3 852 Qurumun büdcəsinə yığılan vəsaitlərdən başqa məqsədlər üçün istifadə edilir

Məlum olduğu kimi, ölkə rəhbərliyinin 2009-cu ildə verdiyi qərarla bələdiyyələrin balansında olan torpaq sahələri hərracla satılır. Müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi, fiziki şəxslərlə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları arasında 20 gündən gec olmayaraq, mülki və torpaq qanunvericiliyinə uyğun müqavilə bağlanır. Hərrac komissiyalarına bələdiyyələr, icra orqanlarının nümayəndələri, Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları daxildirlər.

Torpaq satışının hərrac yolu ilə həyata keçirilməsində əsas məqsəd bu sahədə dəhşətli səviyyəyə çatan rüşvət və korrupsiya hallarının qarşısını almaq idi. Hərrac üsuluna keçiləndən sonra qanun pozuntuları bir qədər səngiyib. Buna baxmayaraq, bəzi bələdiyyə sədrləri yenə də hərracdan kənar yollara baş vururlar. Daha dəqiq desək, müsabiqə-filan keçirmədən rəhbərlik etdikləri yerli özünüidaretmə qurumlarının balansındakı torpaqları ayrı-ayrı şəxslərə satırlar. Son vaxtlar mətbuat səhifələrində Sabunçu rayonunun Zabrat bələdiyyəsi haqqında silsilə yazılar dərc olunur. İddialara görə, Zabrat bələdiyyəsinin sədri Hənifəyev Adil Fazil oğlu qanunvericiliyin tələblərini pozaraq torpaq satışını başqa prinsiplər əsasında aparır. Halbuki, bələdiyyə sədrinin «prinsip»ləri Zabrat qəsəbəsindən torpaq almaq arzusunda olan insanları qane etmir. Bələdiyyə sədri qanunsuz torpaq satışı ilə bərabər, qəsəbədə təmir-bərpa işləri aparmamaqda da ittiham olunur. Xatırladaq ki, sədrin fəaliyyətindən narazı olan zabratlılar bir neçə ay əvvəl bələdiyyə binasının önündə aksiya keçirmək istəmişdilər. Buna səbəb sakinlərin evlərini sənədləşdirə bilməməsi idi. «Bələdiyyənin bizdən aldığı pulların özümüzə qaytarılmasını tələb edəcəyik. Qəsəbənin bələdiyyə sədri camaatın qeydinə qalmaq əvəzinə digər işlərlə məşğuldur. Adil Hənifəyevi ancaq açdığı marşrutlar maraqlandırır. O, bir vaxtlar camaata satdığı torpaqları indi sənədləşdirmək istəmir. Bəhanə də budur ki, rəsmi sərəncam yoxdur». Ortada yaşanan maddi maraqlar üzündən Zabratda yüzlərlə ev bu günə qədər sənədsiz qalıb. Vətəndaşlar müxtəlif dövlət qurumlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Adil Hənifəyev isə rayon rəhbərliyinə verdiyi hesabatlarda qəsəbədə heç bir problemin olmadığını deyərək həyata keçirdiyi qeyri-qanuni işlərin üstünü ört-basdır edib. Zabrat bələdiyyəsinin keçən illər ərzində gördüyü işlərin hesabatında qeyd olunur: «Son üç il ərzində qəsəbədə 145.000 manatlıq abadlıq işləri görülmüşdür. Bunun da əsasını qəsəbədaxili yolların cari və əsaslı təmiri təşkil etmişdir. Belə ki, 9000 m2 yola asfalt vurulmuş, 6 kmyollar cari təmir olunmuşdur. Həmçinin mərkəzi küçələrdə 1800 m2 divara mala çəkilmiş, 12.400 m2divar sahəsi rənglənmiş və 1060 ədəd yaşıl ağaclar əkilmişdir. Kimsəsiz, aztəminatlı və "Şəhid Ailələrinə” göstərilən maddi-mənəvi dəstək 19.500 manat təşkil etmişdir. Qəsəbə ərazisində sanitar-təmizlik işləri gündəlik diqqət mərkəzindədir. Bu məqsəd üçün 22.000 manat vəsait xərclənmişdir». Bizə çatan məlumatlarda isə bildirilir ki, Zabratın yolları bərbad vəziyyətdədir: «Bələdiyyə sədri rəsmi sənədlərdə çox işlərin görüldüyünü yaza bilər. Amma real mənzərələr heç bir işin icra olunmadığını göstərir. Qəsəbə yolları istifadəyə yararsız vəziyyətdədir. Bələdiyyənin büdcəsinə yığılan vəsaitdən bir qəpik belə yolların təmirinə, yaxud Zabratın abadlaşmasına xərclənmir». Məlumatda o da vurğulanır ki, sədr qəsəbənin icra nümayəndəsi Vüqar Əsədovla birləşərək boş torpaq sahələrini hərracdan kənar satırlar. Qeyd olunur ki, bir neçə il əvvəl icra nümayəndəsi və bələdiyyə sədri hektarlarla torpağı öz qohumlarının adına sənədləşdiriblər. Həmin torpaqlar qəsəbənin yaxşı yerində olduğu üçün baha qiymətə satılır. Deyilən fikirlərə aydınlıq gətirmək məqsədilə Zabrat bələdiyyəsinin 550-51-00 nömrəli telefonuna zəng vurduq. Dəstəyi qaldıran bələdiyyə işçisi sədrin yerində olmadığını bildirdi. Daha sonra Adil müəllimin mobil telefonu ilə əlaqə saxladıq. O isə hüzr mərasimində olduğunu və danışa bilmədiyini deyərək dəstəyi üstünə asdı.

İnanmaq istərdik ki, bu yazıdan sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev həm bələdiyyə sədrinin, həm də icra nümayəndəsinin barəsində lazımi tədbirləri görəcək.