BolgeXeber.Com » Bölgə » Ağcabədidə yollardan havaya sovrulan yüz minlər

Ağcabədidə yollardan havaya sovrulan yüz minlər

22-04-2014, 12:10
Oxunub: 3 500 Ağcabədidə hazırda təmir olunan və icrası üçün 700 min manatdan vəsat ayrılan yollar bir aydan sonra söküləcək

Ağcabədidə bir neçə aydan sonra söküləcək olan yollar təmir olunur. Bunun üçün ayrılan 700 min manatdan artıq vəsaitin yarısı isə əvvəlcədən mənimsənilib.

Bu barədə Ağcabədidən daxil olan məlumata görə Ağcabədi rayon icra başçısı Şahin Məmmədov Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovla əlbir şəraitdə dövlətin külli-miqdarda vəsaitini havaya sovururlar. Bunda məqsəd isə havaya sovrulan vəsaitin böyük əksər hissəsini mənimsəməkdir.

Pia.az-a daxil olan məlumata əsasən Ağcabədi şəhər icra nümayəndəliyi tərəfindən Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov oğluna məxsus olan “Ağcabədi Fərid” MMC şirkətinə şəhər yollarının təmir olunması üçün 710 min manat vəsait köçürüb. İşin ilginc tərəfi isə odur ki, hazırda təmir olunan həmin küçələr bir aydan sonra yenidən dağıdılacaq. Çünki bir aydan sonra “Azərsu” ASC Ağcabədi şəhərinin kanalizasiya sisteminin yenilənməsi üçün çalışmalara başlayacaq və bu zaman hazırda təmir olunan yollar yenidən dağıdılacaq.

Məlumatda vurğulanır ki, Ağcabədinin icra başçısı Şahin Məmmədov, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov və Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev əlbir olaraq bu yolla külli miqdarda dövlət vəsaiti mənimsəyirlər. Belə ki, bir aydan sonra dağıdılacaq olan yollarda cüzi təmir işləri aparılır. Ayrılan vəsait isə sənədləşdirilərək mənimsənilir.

Mənbə bildirir ki, Vidadi Hüseynov yolların təmir olunması üçün keçirilən tenderin qanuni olması üçün bir neçə idarənin və müəssisənin adınıda həmin tender oyununda iştirakçı kimi yazıb. Sonra isə yolların təmiri üçün keçirilən tenderiin qalibi məhz Vidadi Hüseynovun oğluna məxsus olan “Ağcabədi Fərid” MMC şirkəti olub.

Məlumatda iddia olunur ki, Vidadi Hüseynovun həyata keçirdiyi asfalt qoyma işləri üçün ayrılan 710 min manat vəsaitin yarı hissəsi təxminən 350 min manatı icra başçısı Şahin Məmmədov tərəfindən əvvəlcədən götürülüb. Həmin vəsait isə “Ağcabədi Fərid” MMC şirkətinə Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev tərəfindən köçürülüb. Vidadi Hüseynovun həyata keçirdiyi təmir işlərini isə sonda başçısının sağ əli Aqil Əliyev təhfil alacaq. Yəni vəsaitlərin mənimsənilməsi üçün ortada heç bir problem yoxdur. Bir neçə aydan sonra isə həmin yollar yenidən dağıdılacağına görə isə istər icra başçısı, istər 33 saylı Yol İstismar İdarəsinin müdiri, istərsə də Ağcabədi şəhər icra nümayəndəsi çox rahatdırlar. Çünki onların “təmir etdikləri” yolları bir aydan sonra “Azərsu” ASC dağıdacaq.

Qeyd edək ki, bundan əvvəldə Şahin Məmmədov və Vidadi Hüseynov əlbir olaraq külli miqdarda vəsaitləri Vidadi Hüseynovun oğluna mənsub olan “Ağcabədi Fərid” MMC-yə köçürərək mənimsəyiblər. Bunun üçün sadəcə “Ağcabədi Fərid” MMC-nin qalib elan olunduğu tenderlərə nəzər yetirmək kifayətdir.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com