BolgeXeber.Com » Bölgə » Şəmkir rayon sakini rayondakı özbaşınalıqdan danışdı

Şəmkir rayon sakini rayondakı özbaşınalıqdan danışdı

30-04-2014, 07:55
Oxunub: 3 775 Şəmkir rayon sakini Ələddin Hüseynov rayon hüquq-mühafizə orqanlarının özbaşınalığı ilə bağlı çərşənbə günü RATİ-də mətbuat konfransı keçirib.

Ə.Hüseynov oğlu Sərxan Hüseynovun həbsini əsassız sayıb. Bu həbsdə qudası Fərhad Kazımovun Şəmkir rayon polis şöbəsində işləyən oğlu Kamran Kazımovun marağı olduğunu iddia edib. Bununla bağlı Ə.Hüseynov ölkənin hüquq-müahfizə orqanlarına müraciət etsə də, heç kim tərəfindən qəbul edilməyib.

Hadisənin mahiyyətinə toxunan Ə.Hüseynov deyib ki, oğlu qudasının çobanı kimi xidmət göstərib, xidmət əvəzi olaraq F.Kazımov hər ay S.Hüseynova bir qoyun verəcəyini vəd edib. Keçən il dekabrn sonunda baş verən pul oğurluğu ilə bağlı həbsə alındığını deyib. Bu cinayətə görə 4-5 nəfər, o cümlədən oğlu S.Hüseynov saxlanıb. İstintaq aparılıb, cinayəti sübuta yetmədiyi üçün buraxılıb. Amma bu il aprelin 21-də yenidən həmin məsələ qaldırılıb, oğlu İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilə 7 sutka həbs cəzası alıb. Aprelin 28-də buraxılmalı olan oğlu hələ də azad edilməyib. Ə.Hüseynov məhkəmə qərarından şiakyət vermək üçün qərarı əldə etmək istəsə də, qərarı ala bilməyib. Bu səbəb üzündən Ə.Hüseynov oğlu barədə məhəkəmə qərarı olmadığını iddia edir, oğlunun qanunsuz olaraq həbsdə saxlanıldığını bəyan edir.

Oğlu ilə aprelin 24-də görüşdüklərini deyən ata bildirib ki, onlar görüşdə ikən polis evlərində axtarış aparıb, evdən 1500 manat pul tapıb. Onun sözlərinə görə, itən pulun miqdarı belə bəlli deyil. Rayon polis rəhbərliyi oğurlandığını iddia etdiyi pulun məbləğinin gah 10 min manat, gah da 20 min manat olduğunu bildirir. F.Kazımovun oğlu isə itən 20 min manat tapıldığı halda polislərə 5 min manat “hədiyyə” verəcəyini bildirib. “Ortada sübut olacaq heç nə yoxdur, hələ də anlaya bilmirik ki, adını qohum qoyan şəxs bu oyunu başımıza niyə gətririr”, deyə Ə.Hüseynov nəzərə çatdırıb. Ə.Hüseynov qudasının yanına ağsaqqallar göndərərək övladının buraxılmasını xahiş etsə də, qudası buna kobud cavab verib, bütün xahişləri rədd edib.

Ə.Hüseynov hüquq-mühafizə orqanlarını ailənin müraciətlərinə sayğısız yanaşmaqda ittiham edib. S.Hüseynovun anası isə oğlunun həbsini qanunsuz sayaraq, buna görə YAP sıralarından istefa verdiyini və Azərbaycan vətəndaşlığından imtina edəcəyini söyləyib.