BolgeXeber.Com » Bölgə » Gəncədə qaz sayğacı problemi

Gəncədə qaz sayğacı problemi

30-04-2014, 08:40
Oxunub: 4 986 Gəncədə qaz abunəçilərinin bir hissəsi qaz sayğaclarının kartlarına pul yükləyə bilmir.

apa-nın qərb bürosunun verdiyi məlumata görə, sakinlər kartlarını pul yükləyən terminallara yaxınlaşdıranda yükləmə prosesinin alınmaması barədə xəbərdarlıq alırlar. Gəncə Qaz İstismarı Sahəsinə gələrək kartlarını yoxlatdıran abunələr müxtəlif məbləğdə (100, 200, 300 və hətta daha çox) debitor borclarının olması barədə bildirişlər alırlar.

Gəncə şəhər Qaz İstismarı Sahəsinin Satış şöbəsinin müdiri Hüseyn Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, 2009-cu ildə şəhərdə elektron qaz sayğacları qurulanda 20 mindən artıq abunəçinin mexaniki sayğaclarından 1 milyon 600 min manat borcu qalıb. H.Şirinov o borcların 5 ildən sonra abunəçilərdən alınması qərarına gəlindiyini bildirib. Müsahib borcla bağlı sakinlərə mütəmadi məlumat verildiyini desə də, şəhər sakinləri Qaz İstismar Sahəsinin borc iddiaları ilə razılaşmırlar. Onlar bildirir ki, 2009-cu ildə elektron qaz sayğacları qurulanda bütün debitor borclar onlara ödədilib və sonra sayğacın kartları verilib. Hətta ötən 5 il ərzində vətəndaşların elektron tipli sayğacları bir dəfə dəyişdirilsə də, onlara borcları barədə heç bir məlumat verilməyib. Hazırda Gəncə şəhər Qaz İstismarı Sahəsi abunəçilərin borclu olmadıqlarını sübut etmək üçün onlardan 2009-cu ilə kimi olan qəbzlərini tələb edir. Lakin hər bir prosesin elektronlaşdığını düşünən sakinlər həmin illərin qəbzlərini saxlamayıblar.

Hazırda borc məsələsindən şikayət edən abunəçilərin sayı az olsa da, yaxın bir ay ərzində bu sayın 20 minə çatacağı gözlənilir. Abunəçilər artıq bununla bağlı aidiyyəti qurumlara, hətta Prezident Administrasiyasına belə şikayət etməyə hazırlaşırlar.

Gəncədə ümumilikdə 70 mindən artıq qaz abonenti var.