BolgeXeber.Com » Bölgə » AMİ-də saxta diplom alveri

AMİ-də saxta diplom alveri

1-05-2014, 08:00
Oxunub: 5 907 Gəncədə fəaliyyət göstərən müəllimlərin əksəriyyəti AMİ-nin saxta diplomunu alıblar.

Son vaxtlar ölkə mətbuatında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilən saxta diplomlar probleminə dair materiallara xüsusilə tez-yez rast gəlinir. Etiraf etmək lazımdır ki, bu problem ölkəmiz üçün heç də yeni deyil. Lakin bu günə qədər Təhsil Nazirliyinin rəsmiləri məsələni daha çox passiv müşahidə etməklə kifayətlənirdilər. Bu yaxınlarda Təhsil naziri Mikayıl Cabbarovun "Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom verilib" açıqlaması isə, artıq bu qəbildən qanun pozuntularına qarşı bundan sonra ciddi ölçülər götürüləcəyinə dair açıq mesaj oldu.Xatırlayırsınızsa, qəzetimizin ötən sylarında biz Müəllimlər İnstitutunun bir çox filiallarında təcrübə olunan qanunsuz tələbə qəbulu və transferi barədə dəfələrlə ifşaedici materiallar dərc etmişik. Əslində bu əməliyyatlar elə saxta diplom probleminin kökündə dayanan məqamlardır. Belə ki, qəbul imtahanında keçid balını toplaya bilməyən məzunlar ilk növbədə xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin universitetlərinə saxta yolla qəbul olunurlar. Bir müddət sonra isə həmin “tələbələr” Azərbaycanın dövlət və ya özəl universitetlərinə transfer edilirlər. Müəllimlər İnstitutunun Gəncə filialı kimi təhsil müəssisələrində isə, qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər rüşvət verməklə hətta birbaşa 2-ci kursa da qəbul oluna bilirlər. Bəzi mənbələr iddia edirlər ki, Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən filial direktorları saxta diplomlar çap etdirir və istədiyi şəxslərə satırlar. Mətbuatda yayımlanan məlumatlara görə təkcə Gəncədə 200-dən artıq belə fakt aşkarlanıb. Bu isə o deməkdir ki, eyni seriyalı diplomu iki nəfər daşıyır. Beləliklə, saxta diplomu rüşvətlə əldə edən vətəndaş həm də universiteti öz biliyi ilə qazanan digər vətəndaşın da haqqını pozmuş olur.Redaksiyamıza yeni daxil olmuş məlumatda da bu kimi hallardan biri öz əksini tapıb. Məlumatda bildirilir ki, Gəncə şəhər 10 saylı orta məktəbində dərs hissə müdiri vəzifəsində işləyən Novruzova Nuridə Nadir qızı da Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş belə saxta diplomlardan birinin sahibidir. Məlumatı təqdim edən mənbə qeyd edir ki, 002201 saylı qeydiyyat nömrəsinə malik olan bu diplom institut tərəfindən 2004-cü ildə verilmişdir. Həmin diploma görə Nuridə Novruzova 2004-cü ildə Azərbaycan Müəllimlər institutunun Gəncə filialının ibtidai sinif müəllimi ixtisası üzrə qiyabi şöbəsində ali təhsilini başa vurmuşdur. Lakin 10 saylı məktəbdə olan mənbələr iddia edirlər ki, Müəllimlər İnstitutunda “təhsil aldığı” müddət ərzində, Nuridə xanım artıq burada işləyirdi və onun işini buraxaraq sessiyalarda iştirak etmək üçün instituta getdiyini bircə dəfə də olsun görən olmayıb. Digər tərəfdən isə N.Novruzovanın həyat yoldaşı Xasay müəllim də məhz Müəllimlər İnstitutunun Gəncə filialında işləyir. Bu isə artıq bir çox müəmmalara aydınlıq gətirə biləcək bir məqamdır. Daha sonra məlumatda bildirilir ki, Gəncə filialından verilmiş bir çox digər diplomlar kimi, hazırda Nuridə xanımın ali təhsil haqda sənədi də müvafiq qurumlar tərəfindən yoxlanılır. Həmçinin qeyd olunur ki, 10 saylı orta məktəbin direktoru Şahin Əzizzadənin xəbəri olsa da, Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynovun N.Novruzovaya məxsus diplomun saxta olduğundan xəbərdar olub-olmadığı barədə dəqiq məlumatımız yoxdur. Hər halda ümid etmək olar ki, aparılan yoxlama bütün bu və digər suallara da aydınlıq gətirəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bolgexeber.com