BolgeXeber.Com » Bölgə » Gəncəli sahibkarlar prezidentdən kömək istəyir

Gəncəli sahibkarlar prezidentdən kömək istəyir

12-05-2014, 09:40
Oxunub: 3 895 Gəncəbasarın “vergi naziri” Şahin Əyyubovdur?

Dəfələrlə mətbuatda ölkənin ikinci paytaxtı olan Gəncə şəhərində sahibkarlara, iş adamlarına qarşı baş verən qanunsuzluqlardan bəhs edən yazılar dərc olunub. Amma heç bir nəticə yoxdur.

Ölkə başçısı İlham Əliyev cənabları sahibkarların, iş adamlarının normal fəaliyyəti üçün hər cürə şərait yaradır. Çünki ölkə başçısı yaxşı bilir ki, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılması, kasıbçılığln aradan qaldırılması deməkdir. Unutmaq olmaz ki, cənab prezidentin iqtisadi proqramında 2 mühüm xətt var: yeni iş yerlərinin açılması və kasıbçılığın mümkün qədər aşağı salınması. Hər iki istiqamərdə son 10 ildə xeyli irəliləyiş əldə olunub. Ancaq çox təəssüf ki, yerində olmayan, ya da kiməsə güvənən bəzi məmurlar sahibkarları, iş adamlarını dövlətdən narazı salırlar. Bu isə sonda ölkə başçısının yeritdiyi kursa kölgə salır.

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) bildirir ki, belə məmurlardan biri də Vergilər Nazirliyinin Gəncə Vergilər Ərazi İdarəsinin rəhbəri Şahin Əyyubovdur. Bu şəxs açıq-aşkar iş adamlarına göz açmağa imkan vermir və ölkə mətbuatında gedən yazılara məhəl qoymur. Hətta ölkə başçısının sahibkarlarla bağlı tapşırıqlarını da qulaqardına vurur.

Məlumdur ki, ildə bir dəfə Vergilər Nazirliyi iri vergi ödəyiciləri olan müəssisələrdə qanuni audit yoxlamaları həyata keçirir, illik yoxlamalar aparır, çatışmazlıqları ortaya çıxarır, aktlar tərtib olunur və icra olunur. Belə qanuni yoxlamalardan heç bir iş adamının narazılığı yoxdur.
Amma əsl biabırçılıq bu yoxlamalardan sonra başlayır. Və qanuni yoxlamalardan sonra özünü Gəncəbasarın “vergilər naziri” hesab edən Şahin Əyyubovun göstərişi ilə müəssisələrdə müxtəlif bəhanələrlə təkrar yoxlamalar başlayır. Məqsəd isə müəssisələrdən külli miqdarda rüşvət almaq, ya da uydurma cərimələrlə müəssisələri çökdürməkdir.

Sahibkarlar haqlı olaraq soruşur ki, Vergilər Nazirliyinin qanuni yoxlamasından sonrakı təkrar yoxlamalar hansı zərurətdən yaranır? Əgər bu yoxlamaların məqsədi pul yığmaqdırsa açıq desinlər… Sahibkarlar bu qanunsuz yoxlamalara etiraz edəndə Gəncəbasar zonasının “vergilər nazirliyi”nin işçiləri saymazyana bildirir ki, Vergilər Nazirliyinin bizə dəxli yoxdur. Ya da müəssisəni yoxlamaq üçün verilən qanunsuz sərəncamın altındakı imzanı- Əyyubov soyadını-sahibkarların gözünə soxurlar…

Çıxılmaz vəziyyətdə qalan sahibkarlar bildirir ki, biz ölkədə bir soyad tanıyırıq, o da xalqın sevib-seçdiyi prezident İlham Əliyevin soyadıdır.
Gəncə sahibkarları cənab Prezident İlham Əliyevə müraciət edərək, bu qanunsuz yoxlamalara, özbaşınalığa son qoyulmasını xahiş edirlər. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.