BolgeXeber.Com » Bölgə » Beyləqanın icra başçısı yol tikintisinə ayrılan vəsaitləri hara xərcləyir?

Beyləqanın icra başçısı yol tikintisinə ayrılan vəsaitləri hara xərcləyir?

14-05-2014, 11:55
Oxunub: 3 641 Beyləqanın bərbad yolları...

Azərbaycanın ən geridə qalmış rayonlarından biri də Beyləqandır. 90 min nəfərə yaxın insanın yaşadığı rayonda sosial-iqtisadi vəziyyət istənilən səviyyədə deyil. İşsizlik probleminin pik nöqtəyə çatması rayon sakinlərinin ya Bakıya, ya da qonşu rayonlara pənah gətirməsinə səbəb olub. Dövlət büdcəsindən Beyləqanın abadlaşmasına, yeni iş yerlərinin açılmasına və digər tədbirlərin həyata keçirilməsi məqsədilə kifayət qədər vəsaitin ayrılmasına baxmayaraq, rayonda inkişaf ləng gedir, demək olar ki, heç getmir. Buna səbəb rayonun rəhbərliyində təmsil olunan şəxslərin müəyyən maraqlarıdır.
Yəni yerli məmurların «tamah dişi»nin olması inkişafın qarşısını kəsir, büdcə vəsaitlərinin təyinatı üzrə sərf olunmasına imkan yaratmır. Məlumatı olmayanlar üçün bildirək ki, Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vaqif Abdullayevdir. O, 2012-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edir. Amma onun başçı təyin edilməsindən sonra Beyləqanda problemlər nəinki azalıb, hətta əhalini narahat edən daha ciddi problemlər meydana gəlib ki, son iki ildə bunları həll etmək mümkün olmayıb. Beyləqandakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rayonun yolları olduqca bərbad vəziyyətdədir: «Həm mərkəzdə, həm də kəndlərdə yollar istifadəyə yararsız hala düşüb. Yol tikintisinə görə büdcədən vəsait ayrılsa da, heç bir iş görülmür. Məsələn, Əmirzayidli kəndinə gedib gəlmək müşkülə çevrilib. Sakinlər 20 dəqiqəlik yolu 4 saata gedirlər. Qış aylarında əhali ikiqat zülm yaşayır. Xəstələri rayon mərkəzinə çatdırmaq olmur. Beyləqanın mərkəzi yolları da tamamilə bərbad haldadır. Kənd yolları ilə eyni səviyyədədir. Yolların təmiri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət olunub, ancaq camaatın başını aldadıb öz işlərini görürlər».



Məlumatda Yevlax-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsinin də yararsız vəziyyətdə olduğu bildirilir: «Bu yolun sonuncu dəfə nə vaxt təmir olunduğu bilinmir. Sovet vaxtından necə qalıbsa, indi də həmin gündədir. Yolun təxminən 40 kilometr hissəsi dağıldığından avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Magistral avtomobil yolu vaxtında təmir və bərpa olunmadığından yollarda iri çalalar əmələ gəlib. Belə ki, çala-çuxurlu yollarda maşınlar hərəkət edə bilmir. Sürücülər mənzil başına çatmaq üçün daha çox vaxt itirirlər. Cənab prezident İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2013-cü ilin avqust ayında sərəncam imzaladı. Dövlət başçısının sərəncamı ilə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrıldı. Mənim bildiyimə görə, həmin vəsaitin böyük hissəsi Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri tərəfindən mənimsənilib. Hesablama Palatasının nümayəndələri keçən il Beyləqan İcra Hakimiyyətində yoxlama aparıb büdcə vəsaitlərinin xərclənməsi məsələsində qanun pozuntularına yol verildiyini aşkarlayıblar. Lakin icra başçısı Vaqif Abdullayev yuxarılarda olan himayədarlarının hesabına palatanın hesabatında yer alan mənfi halları müsbətə çevirməyi bacarıb. Bu cür səbəblərə görə yol tikintisinə ayrılan büdcə vəsaitlərinin yeyinti mənbəyinə çevrilməsi faktlarının üstü bağlı qalır».


Mənbə deyir ki, Beyləqanda əhalinin güzəranı, sosial vəziyyət yaxşı deyil: «Dövlət büdcəsindən əmək haqqı alanlar ancaq müəllimlər və həkimlərdir ki, onların da vəziyyəti ürəkaçan deyil. Rayonun təhsil və səhiyyə sistemi məhvə doğru gedir. Digər tərəfdən, maddi cəhətdən zəif olan əhaliyə taxıl sahələrini əkmək üçün lazımi kömək göstərilmir. Başqa bölgələrlə müqayisədə Beyləqana verilən kreditlər çox azdır. Əhalinin dolanışığı aşağı səviyyədədir.

Kənd təsərrüfatı məhsulları istehsal edən rayon olmasına baxmayaraq, burda qiymətlər Bakıda olduğu kimidir. Kənd təsərrüfatı məhsullarının qiymətlərinin belə baha olmasının səbəbi orada heyvandarlığı inkişaf etdirməyin çətin olması və maya dəyərinin baha başa gəlməsidir». Məlumatda həmçinin qeyd edilir ki, ötən il Beyləqan rayonuna büdcədən bir sıra layihələrin həyata keçirilməsi üçün 3,7 milyon manatdan artıq pul ayrılıb. Bu vəsaitin 2653750 manatı Beyləqan şəhər 2 nömrəli 1176 şagird yerlik tam orta məktəbin əsaslı təmir işlərinin satın alınması üçün nəzərdə tutulub.


"Perlit" MMC şirkəti vasitəsi ilə həyata keçirilən layihəyə sərf olunan məbləğlə ayrılmış pul arasında isə kəskin fərqlərin olduğu deyilir. İddialara görə, vəsaitin xərclənməsində neqativ hallara yol verilib. Buna baxmayaraq, Vaqif Abdullayev məsələnin böyüməsinə izn verməyib. Göründüyü kimi, Beyləqanda əhalinin sosial durumu gərgin həddədir. Yuxarı instansiyaların məsələyə münasibət bildirməsi, rayonu düşdüyü ağır vəziyyətdən xilas etməsi vacibdir. Əks halda, beyləqanlılar daha da ağır günlər yaşamalı olacaqlar.gundelik.baku

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.