BolgeXeber.Com » Bölgə » Cəlilabadda ailə faciəsi

Cəlilabadda ailə faciəsi

19-05-2014, 10:10
Oxunub: 2 958 Həyətdəki su quyusunda huşunu itirən qardaşlardan birini xilas etmək mümkün olmadı. Ötən gün Cəlilabad rayonunun Uzuntəpə kəndində evlərinin həyətindəki su quyusunda təmir apararkən zəhərlənərək Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilmiş iki qardaşdan biri - Rasim Əsədov gecə saatlarında dünyasını dəyişib.


Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Cəlilabadda ailə faciəsi baş verib. Uzuntəpə kəndinin sakini Əliqismət Əsədova məxsus evin həyətindəki su quyusunda onun üç oğlu təmir işi aparan zaman elə quyunun içindəcə huşlarını itiriblər.

Qonşuların və ev sakinlərinin səyi ilə Fərrux və Rasim Əsədovlar quyudan huşsuz vəziyyətdə çıxarılıblar. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə çatdırılıblar.

Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər 1986-cı il təvəllüdlü Bayram Əliqismət oğlu Əsədovun meyitini quyudan çıxarıblar.

Məlumata görə, quyudakı su nasosu işlək vəziyyətdə olarkən qardaşlar orda təmir işləri apararaq, quyunu dərinləşdirmək istəyiblər. İlkin ehtimala görə, su nasosundan ayrılan dəm qazı qardaşların zəhərlənməsinə səbəb olub. Hadisənin dəqiq səbəbi ekspertizanın rəyindən sonra bəlli olacaq.