BolgeXeber.Com » Bölgə » İcra başçısı 8 ildir Şirvanı mənimsəyib

İcra başçısı 8 ildir Şirvanı mənimsəyib

19-05-2014, 11:00
Oxunub: 3 512 Nazirin qohumları Şirvanda qara plyonkalı maşınlarda gəzir; Camalovlar əyalət şəhərində “at oynadır”.
Bu günlərdə Mərdan Camalovun Şirvan Rayon İcra Hakimiyyətinə başçı təyin olunmasının 8 ili tamam olur. M.Camalov Bakıdan 120 km məsafədə yerləşən energetiklər, gənclər şəhərinə 2005-ci il 18 aprel tarixdə başçı göndərilib. Camalovlar nəslinin respublikamızda ən tanınan siması Müdafiə Sənayesi naziri Yavər Camalovdur. Bütün bölgələr nazir, komitə rəhbərləri arasında pay-puş olunanda Şirvan Yavər Camalova hədiyyə olunub. Bundan sonra onun qardaşı Mərdan Camalov prezidentin sərəncamı ilə icra başçısı təyin edilib. M.Camalov boya başa çatdığı Şirvan şəhərinin sakinlərinə yuxarıdan aşağı baxmaqla kiçikdən böyüyə qədər hər kəsin nifrətini qazanıb. M.Camalov Şirvan şəhərinin ilk olaraq torpaqlarını dədə malı kimi kateqoriyalara bölərək əvvəlcə hektarlarını 100 min manatlara, sonra isə torpağın hər kvadrat metrini 100-150-200 manata satıb.
Hazırda Şirvanda hər kəs bilir ki, torpağın kvadrat metrini M.Camalov şəxsən satır. Bir neçə ay bundan öncə M.Camalov baş memar Hacı Vüqarı işdən qovdu. Məsələ ondan ibarətdir ki, baş memarın möhürünü M.Camalov icra başçısı təyin olunandan ondan alıb özündə saxlayıb. Memar icra başçısının qəbuluna hər həftənin şənbə günü gedərək siyahı üzrə hesablaşıb sənədlərə möhür vurdururmuş. Hacı Vüqar M.Camalova badalaq gələrək yazılı sənədlərin arasına boş ağ vərəq qoyub möhür vurdururmuş və həmin sənədləri icra başçısının xəbəri olmadan pulunu sakinlərdən alıb satırmış. M.Camalova kimsə bu barədə dosye ötürüb və memar növbəti dəfə icra başçısının gözü qarşısında əməliyyat keçirəndə ilişib. M.Camalov hesabda 10 sənədə möhür vurulmalı olduğunu bilib dərhal ayağa qalxaraq möhürün səsindən çox vurulduğunu bilərək sənədlərə baxanda aldadıldığının şahidi olub. Baş memarın xəyanət etdiyinin və həbs olunacağını bəyan edən M.Camalov Hacı Vüqarı hüquq mühafizə orqanlarının əlinə verməklə hədələyib və əfv olunması üçün tikinti şefi Hamlet Hüseynovun vasitəçiliyi ilə əldə etdiyi vəsaitdən verməsini tələb edib. Həmin vəsait sonradan rayondakı Bayraq Meydanın tikintisində istifadə olunub. M.Camalov 8 il ərzində Şirvan şəhərində kifayət qədər torpaq sahəsi, iaşə obyektləri ələ keçirdib. Bütün Şirvan sakinlərinin gözü qarşısında M.Camalov Heydər Əliyevə dırnaq arası sayğısı olduğundan adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı köşkləri fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə M.Camalova çatır. Həmin obyekt əvvəllər M.Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsimləşmişdir. Qalmaqallı “Muray MMC” şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı. Bu yaxınlarda isə Camalovlara məxsus olan “Leyla” şadlıq sarayının ətrafında 90 ədədə yaxın şam ağacını hasara alaraq həmin yeri də icra başçısı zəbt edib. Yaxınlarda 90 ədədə yaxın iri şam ağaclarının kəsilməsinə start veriləcəyi gizlin deyil. Təxminən 20 gün əvvəl Şirvan şəhərinin mərkəzində xəstəxananın giriş qapısında səhiyyənin emblemini, gerbini ləğv edərək “Apteklər kralı” kimi tanınan Rəhman adlı sahibkara satdı. Şəhərdə avtomobilin, piyadaların hərəkətinə əngəl törədən həmin tikili Şirvanda böyük narazılığa səbəb olub. Şirvan sakinləri M.Camalovun 8 illik özbaşnalığına, qanunsuz əməllərinə ötən parlament seçkisində Azay Quliyevə səs verməməklə cavab verdilər. Bu il qarşıdan gələn prezident seçkisində də M.Camalovun heyfini Şirvanlılar onu icra başçısı təyin edən İlham Əliyevdən çıxmaq niyyətindədirlər. M.Camalov və qohumları prezidenti Şirvanda real davranışları ilə saymırlar. İcra başçısı özü pərdəli, şəxsi avtomabilində DYP-nin müşayəti ilə işə, evə gedib gəlir. Bunu görən qohum əqrabası da bahalı maşınlarına pərdə vurub “avtoş”luq edirlər. Beləcə Şirvan sakinləri onlara qarşı sayqısız, kobud, zərrə qədər insanların halına yanmayan M.Camalovun əlindən cana doyublar.
Adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.

Hüseyn Abbasoğlu
bolgexeber.com