BolgeXeber.Com » Bölgə » Masallıda bu gün yanan evin təfərrüatları

Masallıda bu gün yanan evin təfərrüatları

19-05-2014, 19:50
Oxunub: 3 305 Qonşular ananı və 3 azyaşlı uşağı alovun içindən xilas edə bilib
Bu gün saat 16 radələrində Masallı rayonunun Qızılağac kəndində güclü yanğın baş verib.

Qonşular ananı və 3 azyaşlı uşağı alovun içindən xilas edə bilsələr də 3 otaqlı kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub.

Ev sahibəsi Tamella Məlikova deyir ki, 4-ə 20 dəq qalmışdı, bir də gördüm, mətbəxdən alov çıxır. "Keçdim mətbəxə, gördüm, elektrik məftilləri artıq yerdədir. Qonşu qışqırdı ki, keçmə, "tok" vurar. Gəldik ki, işıqları söndürməyə, "motor" işləmədi. "Qonşunun köməyi ilə uşaqları evdən çıxartdıq!.

Elə evdə yanğının baş verdiyini də ilk əvvəl qonşular görüb və uşaqları ilə televizora baxan ev sahibəsini xəbərdar edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, mətbəxdə nəzarətsiz qalan qeyri standart elektrik qızdırıcısında baş vermiş nasazlıq yanğına səbəb olub və otaqdakı qaz balonuna da keçib.

Çağırışa gələn yanğınsöndürənlər mətbəxdəki içi dolu iki may qaz balonunu vaxtında evdən çıxartdığından partlayışın qarşısı alınıb. Alovu ram etmək isə mümkün olmayıb.

Hadisə şahidi Məmmədhəsən Abbasov bildirir ki, evə girmək mümkün deyildi. "Alov çox sürətlə yayılırdı. Ev isə qədim ev idi, taxta idi. Ona görə söndürmək mümkün olmadı. 15-17 dəqiqəyə ev yandı, qurtardı. Mənim zəng etməyimlə evin yanmağı 17 dəqiqə çəkdi".

Yanğın nəticəsində 98 kv.m-lik 3 otaqlı kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub. Ev sahibləri nəinki zəruri əşyaları, heç ailəyə məxsus sənədləri, zinət əşyalarını da çıxarmağa nail olmayıblar. Ən ağrılısı da budur ki, Tamella xanım evsiz olduğuna görə Rusiyada yaşayan qardaşı Azad Məmmədovun evində müvəqqəti məskunlaşıbmış. Əri gunəmuzd fəhlə işləyən, özü isə evdar olan 3 uşaq anası indi ailəsinin harda gecələyəcəyini, qardaşına nə cavab verəcəyini bilmir.