BolgeXeber.Com » Bölgə » Qaxın icra başçısı prezidentin tapşırıqlarına məhəl qoymur

Qaxın icra başçısı prezidentin tapşırıqlarına məhəl qoymur

4-06-2014, 12:45
Oxunub: 4 679 Qaxın rəhbəri Musa Şəkiliyev meşə massivlərinin qırılmasına şərait yaradır?

Keçmiş meşəbəyi rayondakı təmir-tikinti işlərini qeyri-qanuni olaraq fiziki şəxslərə həvalə edir.Prezidentin yerlərdəki səlahiyyətli nümayəndəsi olan icra başçılarından bir neçəsi qarşıya qoyulan vəzifə və tapşırıqların öhdəsindən lazımınca gələ bilmirlər. Ölkə rəhbəri bəzi çıxışlarında bu məsələyə toxunub və yerli icra hakimiyyəti orqanlarının başçılarına vətəndaşlarla normal ünsiyyət saxlamağı tapşırıb. Təəssüf hissi ilə demək istəyirik ki, bəzi rayonların rəhbərləri bunun əksinə olaraq camaata yuxarıdan aşağı baxır, üstəlik onlara əlavə problemlər yaradır.

Bölgələrdə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığı bu ərəfələrdə ölkənin şimal-qərbində yerləşən Qax rayonunda sosial problemlər dizə çıxır. Rayonda hökm sürən müxtəlif problemlərlə bağlı indiyə qədər ayrı-ayrı media orqanlarında dəfələrlə tənqidi yazılar dərc olunub. Və həmin məlumatların bir çoxunda əsas tənqid hədəfi kimi Qax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Musa Şəkiliyev göstərilib. Amma məmur bunların heç birinə əhəmiyyət verməyərək özbaşına əməllərini davam etdirir. Məlumunuz olsun ki, söhbətini etdiyimiz şəxs 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. İcra başçısı əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcraiyə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində işləyib. 12 aprel 2010-cu ildən Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Məlumatlı şəxslərdən aldığımız xəbərlərə görə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi 4 il ərzində rayonun sosial-iqtisadi inkişafı üçün mütərəqqi addımlar atmayıb: «Ölkənin əsas turizm bölgələrindən biri hesab edilən Qax yerli sahibkarların hesabına ayaqda qalır. İcra başçısı rayonun abadlaşması istiqamətində demək olar ki, heç bir iş görmür. Dövlət büdcəsindən Qax İcra Hakimiyyətinə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Musa Şəkiliyev və ətrafında olan bəzi vəzifəli şəxslər öz mənafelərini daha üstün tuturlar. Məhz bunun nəticəsidir ki, rayonda meşə təsərrüfatı sürətlə məhv edilir. İcra başçısı uzun müddət meşə təsərrüfatı sahəsində fəaliyyət göstərib, meşəbəyi olub. İcra hakimi 13 il rayonun Meşə Təsərrüfatı İdarəsinə rəhbərlik edib. 1989-2002-ci illər ərzində rayonda «yaşıl soyqırım» dözülməz hala çatmışdı. Həmin vəziyyət bu gün də davam edir. Başçı hamıdan çox yaşıllıqların, ağacların qeydinə qalmalıdır. Ona görə ki, prezident İlham Əliyev yaşıllıqların qorunması ilə əlaqədar bütün yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq verib. Lakin hörmətli icra başçısı Qaxın zəngin meşə zolaqlarının məhv edilməsinə şərait yaradır. İlin bütün fəsillərində meşələrdəki çoxillik ağaclar kəsilərək yük maşınları ilə mebel sexlərinə daşınır. Eşitdiyimə görə, icra başçısının Bakıda böyük mebel sexi var və qırılan ağacların bir hissəsi bura gətirilir. Bir neçə ildən sonra rayonun meşə massivləri tamamilə məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Çox güman ki, bu gedişlə belə də olacaq». Mənbə həmçinin Qaxda yol tikintisi sahəsində mövcud olan nöqsanlardan da bəhs etdi. Verilən məlumata görə, Musa Şəkiliyev yol tikintisini daha çox fiziki şəxslərə etibar edir: «İcra başçısı Dövlət Satınalmaları Agentliyi ilə razılaşmadan iş görür. Fiziki şəxs Kazım Hümmətov bu yaxınlarda Aşağı Malax kəndinə gedən yolun təmiri üzrə tenderi udub. İş büdcəyə 157 min 175 manata başa gələcək. Bu, özəl sahibkarlarla ilk əqd deyil. 2005-ci ildən onun 8 ərizəsi olub. Şəhərin bir sıra küçələrini (Dağıstanlı, C.Əhmədzadə, İ.Mustafayev, V. Eyvazov, S.Qocayev və s.) Hümmətov təmir edib. Qaxda təmir tikinti işlərinə daha çox başçıya yaxın olan şirkətlər cəlb olunur. Tenderlər formal xarakter daşıyır.

Fiziki şəxs olan Kazım Hümmətovun hansısa layihəyə cəlb edilməsi düzgün deyil. O, Musa müəllim üçün təsadüfi adam deyil. Başçı ilə iş adamının münasibətləri çox yaxşıdır. Bu səbəbdən də icra başçısı heç bir şirkəti olmayan fiziki şəxsə təmir-tikinti işlərini həvalə edir». Aidiyyəti dövlət qurumlarından, konkret olaraq Maliyyə Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarından xahiş edirik ki, Qax Rayon İcra Hakimiyyətində yoxlamalara başlasınlar. Fikrimizcə, müvafiq yoxlamalar aparılsa, ilginc yeyinti faktlarının üstü açıla bilər. Qeyd edək ki, Musa Şəkiliyev «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin yaxın qohumudur və onun kadrı kimi tanınır.gundelik-baku

Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.