BolgeXeber.Com » Bölgə » Yevlaxın icra hakimiyyətində yoxlamalar olacaq

Yevlaxın icra hakimiyyətində yoxlamalar olacaq

4-06-2014, 12:50
Oxunub: 4 849 Rayonun bir sıra strukturlarının fəaliyyəti təftiş ediləcək

Ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" özündən əvvəlki birinci və ikinci regional inkişaf proqramlarının daha mükəmməl formada məntiqi davamı olaraq bölgələrin tərəqqisinə təkan verəcək. Qeyd edək ki, üçüncü proqrama əsasən, regionlardakı iqtisadi imkanların səfərbər edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, investisiya qoyuluşunun artırılması, yeni müəssisələrin və iş yerlərinin açılması ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.

Lakin təəssüf ki, ölkə rəhbərliyi tərəfindən regionların inkişafı ilə bağlı lazımi tədbirlər həyata keçirilsə də, bəzi rayonlardan gələn şikayətlər bölgələrdə xoşagəlməz halların olduğunu düşünməyə əsas verir. Məsələn, Yevlaxdan aldığımız xəbərlərdə bildirilir ki, icra hakimiyyətinin başçısı Qoca Səmədov bəzi sahibkarları incidir, onlara qarşı yerli-yersiz tələblər irəli sürür. Rayondakı etibarlı mənbələrdən icra başçısının törətdiyi fəsadlarla bağlı redaksiyamıza çox maraqlı məlumatlar daxil olub. Sakinlərin sözlərinə görə, əhalinin güzəranının ağır vəziyyətdə olduğu rayonda bəzi məmurlar və onların adamları xoşagəlməz işlərlə məşğul olurlar. Bununla bağlı əldə etdiyimiz məlumatlarda bildirilir ki, son vaxtlar burada sosial problemlər daha da artıb. Xüsusən rayonda özəl sektorun inkişafına bəzi məmurlar tərəfindən maneələr yaradılır. Vəziyyət elə həddə çatıb ki, hətta günorta saatlarında küçə tinlərində spirtli içkilər qəbul edən gənclərə rast gəlmək olar. Digər bir problem şəhər mərkəzindən kənar küçə və prospektlərinə hələ də asfalt örtüyünün çəkilməməsidir. Məsələn, valideynlərimin yaşadığı Elçin Ağayev küçəsi Qarabağ müharibəsində şəhid olmuş şəxslərdən birinin adını daşısa da, hələ də baxımsız vəziyyətdədir. 20 ildən artıqdır ki, həmin küçəyə asfalt çəkiləcəyi bildirilsə də, hələlik real iş yoxdur. Eləcə də kanalizasiya problemi mövcud olaraq qalır. İçməli su problemi də həll olunmamış vəziyyətdədir. Şəhərin böyük bir hissəsinə su birbaş Kür çayından gəlir. Həmin suyun dərmanlanması, xlorlanması zamanı mövcud imkanlardan istifadə edilmir.

Sakinlərin yaşadığı ərazidə indiyə qədər Yevlaxdan seçilən deputat İlham Məmmədovu görən olmayıb. Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun sahibkarları incitməsi, onlara qarşı yerli-yersiz tələblər irəli sürməsi, eyni zamanda sakinlərin problemlərinə soyuq münasibət sərgiləməsi adi hal alıb. İcra başçısının fəaliyyətindəki nöqsanlar, eləcə də bəzi məmurların xoşagəlməz işləri bununla yekunlaşmır. Barəsində yazılan tənqidlərə, yuxarılara ünvanlanan şikayət məktublarına baxmayaraq, icra başçısı tutduğu əməllərdən əl çəkmək istəmir. Bir neçə illik fəaliyyətləri ərzində məmurlar rayonu çökdürüblər. Rayonun iqlimi onsuz da, əlverişsizdir, yaşıllıq sahələri azdır. Son üç ildə Yevlaxda işsizliyin səviyyəsi xeyli artıb. Orta yaşlı insanlar birtəhər də olsa özlərinə iş tapırlar. Ali təhsilli gənclər isə iş tapmaqda çətinlik çəkirlər. Rayonda az sayda iş yeri açılsa da, gənclər öz savadları hesabına ora düzələ bilmirlər. Ona görə ki, bəzi məmurların adamları bütün idarə və müəssisələri zəbt ediblər. Kimin adamı varsa, rahat şəkildə işləyir.

Adamı olmayanlar isə Bakıya fəhlə işləməyə gedirlər. Rayonun sosial problemləri o qədər çoxdur ki, artıq camaat təngə gəlib. Burda yaşamaq çox çətindir. Dövlət idarələrində məmur süründürməçiliyi insanları lap bezdirib. Hətta xatırlayırsınızsa rayonda bir neçə ay bundan əvvəl əlillərdən biri özünə qəsd etmək istədi. Yayılan xəbərlərdə bildirilirdi ki, Yevlax rayonunda özünü yandıran əlilin bu addımı atmasına səbəb onun problemlərinə biganə münasibət idi.

Beləcə, rayona aid bəzi qurumlarda yer almış məmur özbaşınalıqları hallarının artmasına dair məlumatlar gündən-günə çoxalır. Xüsusilə də rayonun maliyyə və təhsil şöbələrinin fəaliyyəti vətəndaşları daha çox narahat edir və baş verənlər müxtəlif səpgili narazılıqların yaranmasına əsas verir. Qeyd edək ki, iyul ayında Yevlax Rayon İcra Hakimiyyətində total yoxlama həyata keçiriləcəyi gözlənilir. Bəzi məmurların fəaliyyətləri ilə əlaqədar yaranan vəziyyət insanları təngə gətirdiyindən, özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşandığından yuxarı instansiyalara şikayət məktublarının da sayı artıb. Bütün bunlar Yevlaxın ayrı-ayrı strukturlarının fəaliyyətlərinin təftiş edilməsi zəruriliyini ortaya çıxarıb. Rayonun xüsusən təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaitinin heç də tam həcmdə ünvanyönlü xərclənməməsi, hesabat və məruzələrdə şişirdilmiş rəqəmlərin göstərilməsi, idarələrin fəaliyyətində "Dövlət büdcəsi haqqında" Qanunun bir çox maddələrinin kobud şəkildə pozulması yoxlamaların həyata keçirilməsi aktuallığını gündəmə gətirib. Rayonda nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəislərinin cəzalandırılması istiqamətində konkret addımlar atılmır.

Maraqlıdır ki, tabeliyində fəaliyyət göstərən idarələrin işindən yaranan narazılıqlar və bu əsasda vətəndaşların şikayət ərizələri ilə müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə davamlı olaraq müraciət etmələri rayon rəhbərliyini qətiyyən narahat etmir. Belə qənaətə gəlmək olar ki, rayonda baş verən məmur özbaşınalıqları, vətəndaşların hüquqlarının pozulması və digər bu kimi hallar normal iş rejimi kimi qiymətləndirilir. Burada günbəgün artan narazılıqları şərtləndirən əsas səbəblərdən biri, daha doğrusu, ən başlıcası rayonun iqtisadi-sosial inkişafı məqsədilə ayrılan dövlət vəsaitlərinin yerli məmurlar tərəfindən mənimsənilməsi və rayonda hökm sürən məmur özbaşınalıqlarıdır.
gundelik-baku