BolgeXeber.Com » Bölgə » Bayılda plana düşən gecəqondular söküldü

Bayılda plana düşən gecəqondular söküldü

5-06-2014, 09:35
Oxunub: 2 959 Su İdman Sarayının tikintisi ilə bağlı uçurulan evlərin yerində park salınacaq
Bakının Bayıl qəsəbəsində gecəqondu tipli evlərin söküntüsünə başlanılıb. İş icraçılarından “Yeni Müsavat”a verilən məlumata görə, söküntü işləri hazırda tikintisi davam edən Su İdman Sarayı və yaxınlıqdakı piyada keçidinə görədir.


Əvvəllər neft buruqların olduğu ərazilərdə inşa edilən bu evlərin sakinləri isə bir müddət əvvəl köçürülüb. Öncələr bu ərazidə yaşayan Qalib Məmmədovun verdiyi məlumata görə, evlərin kvadrat metri üçün onlara 1500 manat kompensasiya ödənilib: “Ümumilikdə 45 min manat pul aldım. Həmin pula ev almaq istəyirəm, tapa bilmirəm. Gərək Bakıdan bir qədər kənarda torpaq alım, ev tikim. Başqa çarəm yoxdur”.

Ərazidə olarkən öyrəndik ki, Su İdman Sarayının tikintisi ilə bağlı sökülən evlərin yerində park salınacaq. Yaxınlıqdakı yol isə bir qədər genişləndiriləcək. Burada eyni zamanda yeni yol bağlantılarının və piyada keçidinin tikintisi aparılır. Ümumilikdə həmin ərazidə 5 yol bağlantısının inşası həyata keçirilir.

İş icraçılarından birinin məlumatına görə, onların uzunluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Həmin ərazidə eyni zamanda bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır. Keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metr olacaq.
Su İdman Sarayı 2015-ci ildə Avropa ölkələri arasında ilk dəfə Bakıda təşkil olunacaq yay oyunlarına görə tikilir. Su İdmanı Sarayının layihələndirilməsini və tikintisini Koreya Respublikasının “Securo CO.LTD” şirkəti həyata keçirir.

Su İdmanı Sarayı üçün Bayılda 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verəcək. Sarayda üç üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.

Sarayın ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil yerüstü dayanacağı yaradılacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Eyni zamanda bu ərazidə Avropa Oyunları Parkının layihəsi əsasında da inşaat işləri aparılacaq.

18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaq. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılıb.

Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri yaradılacaq.