BolgeXeber.Com » Bölgə » Lənkəranda hicablı xanım polis tərəfindən “səhvən” təhqir edildi

Lənkəranda hicablı xanım polis tərəfindən “səhvən” təhqir edildi

7-06-2014, 15:00
Oxunub: 3 577 Rayon Polis Şöbəsi özfəaliyyətlə məşğul olan sahə müvəkkilini cəzalandıracağına söz verib...

Lənkəran şəhərindəki “Əbəlfəzl” məscidində xanımlar mədrəsəsində Quran dərsi keçən hicablı müəllimə Məhəmmədova Xuraman Zahid qızı polis əməkdaşları tərəfindən təhqirə məruz qalıb.Bolgexeber.com bildirir ki, cenubews.com internet portalının xəbərinə görə, o, zorla şəxsi maşına mindirilərək polis şöbəsinə aparılıb.

Xuraman Məhəmmədova şöbədə də nalayiq sözlər və təhqirlərlə üzləşib. Hicablı müəlliməyə deyilib ki, polis şöbəsinə onun sələmə verməsi və çantasında camaatın pensiya kartlarının olması barədə məlumat daxil olub. Lakin bir neçə saat saxlanıldıqdan sonra ondan üzrxahlıq edilib və bildirilib ki, “Bağışlayın, yanlışlıq olub”.

Məsələ ilə bağlı xanımın hüquqlarını müdafiə edən Sədrəddin Kazımov bunları deyib: “İyunun 2-i, saat 18:20 radələrində Xuraman müəllimənin ailəsi tərəfindən mənə zəng gəldi ki, bəs o, polis şöbəsinə aparılıb. Dərhal şöbəyə getdim. Məlum oldu ki, o, sahə müvəkkili kimi tanınan polis mayoru Əliyar tərəfindən zorakılıqla, nalayiq ifadələr işlədilməklə şəxsi maşınına mindirilib. Xuraman müəllimə polis şöbəsinə gətirildikdən sonra da ona qarşı eyni münasibət davam edib. Ona deyilib ki, bir çadralı qadın var, oğurluq edib, sən bəlkə o qadınsan, sən separatçısan və s”.

Hüquq müdafiəçisi qeyd edib ki, bununla bağlı həmin polis Lənkəran Şəhər-Rayon Şöbəsinə heç bir məlumat verməyib: “Yəni sahə müvəkkili özbaşına iş tutaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yuxarı rəis heyətin məruzə etmədən və yuxarı rəis heyətindən tapşırıq almadan bu addımı atıb. Bir sözlə, o adam hansısa qüvvəyə işləyir və inanclı insanlarla dövlət arasında qarşıdurma yaratmaq istəyir. Biz artıq şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişik ki, həmən polis əməkdaşı dərhal cəzalandırılsın. Polis şöbəsində də Xuraman müəllimədən şəxsən üzr istənilib və söz verilib ki, əməkdaş cəzasını alacaq”.

Əlavə edək ki, olaydan xəbər tutan rayon inanclıları da polis əməkdaşının cəzalandırılmasını tələb ediblər. Belə ki, inanclılar adından dini icma şurasının ağsaqqalı Vüqar İsmayılov rayon polis şöbəsinə gələrək hicablı xanımı təhqir edən kəsin kim olur-olsun cəzalandırılmalı olduğunu tələb edib. Şöbədən ağsaqqala bildiriblər ki, polis əməkdaşı vəzifəsindən asılı olmayaraq cəzalandırılacaq.