BolgeXeber.Com » Bölgə » Ağdamın icra başçısının birinci müavininə də «dişi batmadı»

Ağdamın icra başçısının birinci müavininə də «dişi batmadı»

12-06-2014, 11:25
Oxunub: 3 070 Ağdamın icra başçısına yuxarıdan təlimat gəlib: «Başını aşağı sal, Qasımovlarla işin olmasın»

Ağdamın yeni icra başçısı Raqub Məmmədovla keçmiş icra başçıçı Nizami Sadıqovun kadrları arasında münaqişəli vəziyyət davam edir. Ağdamdakı mənbələrdən verilən məlumata görə, öncə yerli maliyyə idarəsinin rəisi, daha sonra təhsil şöbəsinin müdiri ilə üz-üzə gələn Məmmədov onları işdən çıxara bilmir.

Bununla bağlı qalmaqallı vəziyyətin yaranması hətta mətbuata belə çıxıb. Amma Raqub Məmmədovun bir başqa problemi də var. O da birinci müavini Zülfü Qasımovla bağlıdır. Ağdamın icra başçısı özünə yeni komanda qurmaq üçün kadrlarını vəzifə başına gətirmək istəsə də, bir nəticə hasil olmayıb. Son olaraq Zülfü Qasımovdan başlamaq istəyib ki, aldığı təpkilər qarşısında geri çəkilib.

Belə ki, bölgədə məşhur şəxslərdən biri olan, tikinti sektorunda ünlü simalardan sayılan Qasım Qasımovun qardaşı olan Zülfü Qasımovu işdən çıxarmaq üçün xəbərdarlıq edən Raqub Məmmədova yuxarılardan gələn tapşırıq, onu geri addım atmağa vadar edib. Məlumata görə, icra başçısına deyilib ki, Qasımovla işi olmasın və başını aşağı salaraq birlikdə işləsinlər.

Amma Nizami Sadıqovun vaxtında Ağdam İcra Hakimiyyətində mühüm post tutan Zülfü Qasımovla bağlı rayonda münasibət birmənalı deyil. Jam.az-a verilən məlumatlara görə, bütün işlərdə əli olan birinci müavindən şikayətçi düşənlərin sayı həddindən artıq çoxdur. Hətta Raqub Məmmədov icra başçısı təyin olunanda böyük əksəriyyət Qasımovun da işdən çıxarılacağına ümid edirmiş. Görünən odur ki, yeni icra başçısı camaatın bu arzusunu reallaşdıra bilməyəcək.
Bolgexeber.com