BolgeXeber.Com » Bölgə » Gəncənin icra başçısı polkovnikin qohumlarının bağına da əl qoydu

Gəncənin icra başçısı polkovnikin qohumlarının bağına da əl qoydu

13-06-2014, 16:25
Oxunub: 5 614 Vəliyevlər aldıqları bağın pulunu ödəməmək üçün məhkəmələrə təzyiq edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun oğlu Elmir Vəliyevin Bakının Bilgəh qəsəbəsində sabiq polis polkovniki Tofiq Əsədovun bağ sahəsini zəbt etmələri haqda yazmışdıq. Bolgexeber.com bildirir ki,“Yeni Müsavat”ın 22 may tarixli sayında manşetdən dərc olunan “Elmar Vəliyev və oğlu polis polkovnikinin əmlakını zəbt edib və dağıtdırıb” sərlöhvəli yazıda Vəliyevlərin qanunsuz əməllərindən söhbət açılırdı. Bu gün (iyunun 13-də) Sabunçu Rayon Məhkəməsində hakim Gültəkin Hacıyevanın sədrliyi ilə Elmar Vəliyevin işçiləri tərəfindən T.Əsədovun bağının dağıdılması və sökülməsi məsələsinin araşdırılması davam etdiriləcək

Dünən Vəliyevlərlə bağlı Bakı sakini Səliqə Lətifova da redaksiyamıza müraciət edib. Deyib ki, Vəliyevlər Tofiq Əsədovun bağına bitişik olan onun bağ sahəsini də zəbt ediblər: “1998-ci ildə mərhum həyat yoldaşım yaxın qohumlarımla birgə Bilgəh qəsəbəsinin bağ massivində torpaq sahəsi götürdü. Böyük zəhmətlə həmin torpağı yararlı vəziyyətə salaraq, onu abadlaşdırdıq, çoxsaylı ağac əkdik, imkanımız dairəsində bəzi indiki tikililərlə müqayisədə çox xırda tikililər inşa etdik”.

“Elmar Vəliyevin təzyiqinə əsasən...”

S.Lətifova deyir ki, 2012-ci ildə həmin bağ sahəsinin sənədləri ilə bağlı bir sıra çətinliklərlə üzləşib. Bakı Şəhər İcra Hakimiyyətinin 10.09.1992-ci il tarixli, 1374 saylı qərarı ilə 12 sot olan həmin bağ sahəsi 24 nömrəli Order əsasında adına rəsmiləşdirilib. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi (DƏDRX BŞƏİ) plan-cizgini müxtəlif bəhanələrlə ona verməyib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (BİİM) müraciətindən sonra 2013-cü ilin aprelində plan-cizgi verib. Bundan sonra kadastr planı almaq üçün Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edəndə də eyni bəhanələrlə üzləşib. Yenidən 2 saylı BİİM-ə üz tutub. Nəhayət bağ sahəsi 2013-cü ilin oktyabrında Bakı Torpaq Komitəsində (BTK) uçota alınıb və plan-ölçü verilib. Buna baxmayaraq, DƏDRX torpağa çıxarış ala bilməyib: “Uzun gediş-gəlişdən sonra idarənin işçiləri süründürməçiliyin səbəbini açıq dedilər - Gəncənin icra başçısı Elmar Vəliyevin təzyiqinə əsasən mülkiyyətimdə olan həmin bağ sahəsinə dair çıxarışı verə bilmirlər. Dedilər ki, onlara bunu Elmar Vəliyev qadağan edib, buna görə də özümü yormayım”.

“Bağı Elmar Vəliyevə satdıqlarından peşmandılar”

S.Lətifova qonşu torpaq sahələrinin sahibləri olan qohumlarından nə baş verdiyini xəbər alıb: “Dedilər ki, qohumlarımdan birinin bağ sahəsini Elmar Vəliyev oğluna alıb. Bundan sonra qohumlarımın rahatlığı pozulub, başlarına oyun açılıb. Bağı Elmar Vəliyevə satdıqlarından peşmandılar. Belə ki, qohumum icra başçısının oğlu Elmir Vəliyevə sahəsi 12 sot olan 1937 saylı bağ sahəsini satıb. Bundan sonra Elmir Vəliyev atasının gücündən istifadə edərək DƏDRX məsul işçiləri ilə cinayət əlaqəsinə girib və 11.10.2013-cü il tarixli, 0269516 saylı dövlət reyestrindən çıxarış əldə edib. Çıxarışda həmin torpaq sahəsi 17.3 sot göstərilib! Yəni Elmir Vəliyev qohumumdan alqı-satqı müqaviləsinə əsasən 12 sot torpaq sahəsi alsa da, dövlət reyestrindən 17.3 sot torpaq sahəsinə çıxarış əldə edib!!! Həmin saxta çıxarışı silah kimi mənə və digər qonşulara qarşı işlədərək məhkəmə yolu ilə 63 sot torpaq sahəsini əldə etmək istəyir.

Buradan DƏDRX BŞƏİ-ə müraciət edirəm - alqı-satqı müqaviləsində Elmar Vəliyevin oğluna cəmi 12 sot torpaq sahəsi satılıbsa, müqaviləsində nəzərdə tutulmayan əlavə 5.3 sot torpaq sahəsinə çıxarış vermək hüququnu sizə kim verib? Bu ki, cinayətdir! Həmin 5.3 sot ərazi 22 ildir ki, mənim istifadəmdədir. Bakı şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 24 iyun 1995-ci il tarixli 27 saylı məktubla həmin torpaqda ev, qaraj, su hovuzu və hasar tikməyimə icazə verib və həmin işləri də öz vəsaitimiz hesabına gördürmüşük. Hazırda mənimsənilmiş torpaq sahəmdən və üzərindəki tikililərdən daimi istifadə etmişəm. Vəliyevlərə mənim heasabıma pay verilən 5.3 sot torpaq sahəsində mənə məxsus 3 otaqlı 2 eyvanlı ev, hasar və digər qurğular yerləşir. Belə olan halda DƏDRX BŞƏİ-in səlahiyyəti var idimi ki, mənim evimi və digər əmlaklarımı Elmar Vəliyevin oğluna bağışlasın və ya satsın?"

“Vətəndaş bilməlidir ki...”

S.Lətifova bundan sonra Sabunçu Rayon Məhkəmsinə iddia ərizəsi verib və E.Vəliyevin qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edib: “Elmar Vəliyevin oğlu 2 saylı BİİM-ə qarşılıqlı iddia verdi və mənə şər atmaqdan da çəkinmədi. Göstərdi ki, onun satın aldığı 1937 saylı bağ sahəsini zəbt etmişəm və mənə verilmiş sənədlər onun satın aldığı torpaq sahəsinə aiddir. Sonradan məhkəmədə aydın oldu ki, həmin torpaq sahələri üst-üstə düşmür, sadəcə bitişikdilər. Bundan sonra sonuncu məhkəmə iclasında iddia tələbinin əsasını dəyişərək, mənə qanuni əsaslarla ayrılmış bağ sahəsinin Elmir Vəliyevin aldığı bağ sahəsinə bitişik olmasını əsas gətirərək(!) mənə verilən orderin ləğv olunmasını, həmin torpaq sahəsinin üzərində Elmir Vəliyevin mülkiyyət hüququnu tanınmasını istədilər. Yəni faktiki mülkiyyətimdə olan torpaq sahəsinə Elmir Vəliyevin mülkiyyət hüququnu tanınmasını tələb etdilər. Ən maraqlısı da budur ki, hakim vəkilimi dinləmədən, vəkilin verdiyi vəsatətləri nəzərə almadan, iddia tələbinə dəqiqləşmə veriləndə, həmin dəqiqləşmə ilə tanış olmaq üçün vaxt vermədən, yalnız Vəliyevlərin maraqlarını rəhbər tutaraq, iş üzrə onların xeyrinə qərar qəbul etdi. Həmin heç bir qanuna əsaslanmayan qərarla bağ sahəm və orada inşa etdiyim tikililər əlimdən alınaraq Elmir Vəliyevə verildi. Əsas da bu oldu ki, mənim torpağım Elmir Vəliyevin aldığı bağa bitişikdir! Yəni, bundan sonra bütün vətəndaşlarımız bilməlidir ki, onların əmlakları vəzifəli şəxslərin və onların övladlarının əmlaklarına bitişik olmamalıdır”.

“Elmar Vəliyev mənə mesajlar göndərir ki...”

S.Lətifova deyir ki, 2 saylı BİİM-in hakimi E.Mustafayevin qanunsuz qərarından apelyasiya şikayəti verib: “Şikayətim Bakı Apelyasiya Məhkəməsinin(BAM) hakimi Valeh Ağayevin icraatındadır və iş üzrə məhkəmə iclası 17 iyun 2014-cü ilə təyin olunub. Elmar Vəliyev mənə mesajlar göndərir ki, məhkəmə sədri Rəşid müəllimin vasitəsi ilə torpaq sahəmi əlimdən alıb, BAM-in sədri ilə də məsələni həll edib və iş yenə də onun xeyrinə həll olunacaq. Buna görə də prezident İlham Əliyev cənablarına və cənab Ramiz Mehdiyevə müraciət edirəm ki, mənə qarşı edilən qanunsuzluqlara son qoyulsun”.

“Həmin məqalə qəzetinizdə çap olunan günün sabahısı...”

S.Lətifovanın üzləşdiyi qanunsuzluqlardan polis polkovniki Tofiq Əsədov da məlumatlıdır. Onu da arayıb baş verənlərlə bağlı fikirlərini öyrəndik. T.Əsədov deyir ki, başına açılan oyunlar ona və qohumlarına məxsus 1936, 1937 və 1937 Q saylı bağlarla əlaqədardır: “1936 saylı bağla əlaqədar olanları sizə danışmışam. Həmin məqalə qəzetinizdə çap olunan günün səhərisi bağ alqı-satqısı ilə məşğul olan yaxın tanışım Hacı Nasir mənə zəng elədi. Dedi ki, Gəncədən Nizami rayonunun icra başçısı Məharət müəllim gəlib, istəyir bu işləri yoluna qoysun. Sevindim ki, hər şey qanun çərçivəsində öz həllini tapacaq. Məharət müəllim Hacı Nasirə bildirib ki, Elmar müəllim 1936, 1937 Q saylı bağları istəmir. Ona yalnız özünün 1937 saylı bağı lazımdır. Məharət müəllim gəlişinin məqsədinin də həmin bağlarda olan tikinti materiallarını öz ərazilərini yığmaq və ərazilərini ayırmaq olduğunu da dedi. Sonra vəkillərini dəvət edib, Hacı Nasirə bildirib ki, bütün məhkəmələrdə qaldırdığımız iddialardan imtina edərək barışıq ərizəsi imzalamalıyıq. Bu məlumat mənə çatanda vasitəçiyə bildirdim ki, vəkilin özü ilə görüşüb bu məsələləri yoluna qoymaq istəyirəm, hər halda onların işlərini görən odur. Lakin Məharət müəllim vəkilin mənimlə görüşməsinə razılıq vermədi.

1936 saylı bağ sahəsinin Elmar müəllimin işçiləri tərəfindən dağıdılmasına və sökülməsinə görə olan məhkəmə isə növbəti dəfə 13 iyun 2014-cü il təyin olundu. Həmin iş Sabunçu Rayon Məhkəməsinin hakimi Gültəkin Hacıyevanın icraatındadır. E.Vəliyevin iddiası isə BAM-ın icraatındadır. Dünən həmin məhkəmələrlə əlaqə saxladım. Mənə dedilər ki, E.Vəliyev iddiasından imtina etməyib. Belə olduqda bildim ki, Məharət və digəriləri yenə də məni aldatmaq istəyirlər. Məqsədləri isə yalanla, qeyri-qanuni yolla 1936, 1937 Q və nömrəsini bilmədiyim bağı da ələ keçirmək istəyirlər. Belə olmasaydı, Elmir Vəliyev və Gəncə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət müəllimin nə marağı var ki, ümumi yolu bağlayaraq bağ sahiblərini həyətlərinə buraxmasınlar? Nəzərinizə çatdırım ki, 1936 saylı bağla əlaqəli məhkəmədə iddia qaldırmışam. Elmar Vəliyev də qarşılıqlı iddia verib. Həmin iddiada mənə 7 dəfə şər- böhtan atılıb və məhkəmədən xahiş olunur ki, əgər məhkəmənin gedişində qarşılıqlı iddiada yazılanlar əksini taparsa dərhal prokurorluğa müraciət olunsun.

Elmir Vəliyev və onun müəllimi Məharətin bu iddianı qaldırmaqda məqsədləri məni qorxutmaqdır".

“Bəylər Əyyubov həqiqəti bilsə...”

T.Əsədov deyir ki, BİİM-nin absurd qərar verməsi Vəliyevlərlə məhkəmə sədrinin qohumluq əlaqələrinə söykənir: “Rəşid Rzayev Bakı şəhər prokuroru işləmiş mərhum Şükür Rzayevin oğludur. Qardaşı Rövşən Rzayev Milli Məclisin deputatıdır və prezidentin şəxsi mühafizəsinin rəisi general-polkovnik Bəylər Əyyubovla bacanaqdır. Bəylər Əyyubov isə Elmar Vəliyevin qardaşı ilə qudadır. Ancaq inanmıram ki, Bəylər Əyyubov qanunsuz olaraq kiminsə yaşayış mülkünün əlindən alınmasına köməklik etsin. Bəylər Əyyubovu mən çox yaxşı tanıdığım üçün əminliklə bildirirəm ki, o həqiqəti bilsə və bu işdə mənim və qohumlarımın qanunsuzluqla üzləşdiyini ona çatdırsalar, bu məsələdə hökmən ədalətin və hüququn qalib gəlməsinə çalışar. Görünür Rəşid Rzayev özü də çətin duruma düşüb, yoxsa onun səhhətində hansı problem vardır ki, 2 hakiminə, eyni işlə əlaqəli, tapşırıq verir ki, qanuni qərar qəbul edin, aylar sonra isə 3-cü hakimə tapşırıq verir ki, həmin işlə bağlı qanunsuz qərar qəbul et!”

“Elmar müəllim uşaqları bu mənasız mübarizəyə cəlb etməz”

T.Əsədov E.Vəliyevin ətrafının ona oğlu vasitəsi ilə təzyiq etdiklərini də söylədi: “Oğlum Gəncədəki ”N" saylı hərbi hissədə xidmətdədir. Xidmətini başa vurmağa çox az bir zaman var. Özümün və qohumlarımın bağ sahələrinin qanunsuz dağıdılmasına təpki göstərdiyimə görə oğlumla bağlı hərbi hissədə gecə 1:30-da yoxlama keçiriblər və onu şərləmək istəyiblər. Hərbi hissənin şərəfli, qeyrətli zabitlərinin çəkinmədən göstərdikləri səylər nəticəsində oğlum şərdən xilas oldu. Baş verənlərdən sonra bir daha əmin oldum ki, Elmar müəllimin bu işlərdən tam və düzgün şəkildə xəbəri yoxdur. Elmar müəllimin də oğlu olduğu üçün o heç vaxt oğlumu qanunsuz olaraq yoxlatmaz və uşaqları bu mənasız mübarizəyə cəlb etməz. Yevlax və Gəncədən olan sahibkar dostlarımla, vəzifədə olan və sıravi şəxslərlə söhbətlərim olub. Onlar deyir ki, Elmar müəllim halal adamdır, kimsəni incitməz. Ona görə də inanıram ki, Elmar müəllim baş verən qanunsuzluqları tam nəzarətə götürərək aradan qaldıracaq".

“Böhtanla alınan bağda xoşbəxt yaşamaq olarmı?”

T.Əsədov deyir ki, ölkədə vətəndaşların mülklərinin zorla, qanunsuz məhkəmə qərarları ilə əllərindən alınması prosesi başlayıb: “Görən bunlar düşünürlər ki, hallalıq verilmədən mülkü necə zorla almaq olar? Qanunsuz, yalan və böhtanla, alınan bağda xoşbəxt yaşamaq olarmı? Vəzifə, səlahiyyət sahibləri bu təhlükəli rüşeymin Azərbaycanda kök atmasına imkan verməməlidirlər”.