BolgeXeber.Com » Bölgə » Səlim Müslümovun bəzi kadrları onun həyata keçirdiyi işlərin üstündən xətt çəkir

Səlim Müslümovun bəzi kadrları onun həyata keçirdiyi işlərin üstündən xətt çəkir

14-06-2014, 17:30
Oxunub: 3 301 Əlillərə, şəhid ailələrinə avtomobil və mənzillər nəyin qarşılığında verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş rəhbəri Füzuli Ələkbərovun fəaliyyət dövrü qurumun tarixində silinməz izlər qoyub. Əlbəttə ki, müsbət mənada yox. Sabiq nazirin vaxtında həm nazirliyin mərkəzi aparatında, həm də yerlərdəki qurumlarında çalışan şəxslərin əksəriyyəti qanundankənar işlərə qol qoyaraq xoşagəlməz vəziyyət yaratmışdılar. Hətta iş o həddə çatmışdı ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ay ərzində bir neçə dəfə qurumun yerli mərkəzlərində yoxlamalar həyata keçirib korrupsiya faktları aşkarlayırdılar.

Nəhayət, bu sahədə mövcud olan problemlərin və Füzuli Ələkbərovdan yuxarılara ünvanlanan şikayətlərin sayının artması prezident İlham Əliyevin naziri işdən çıxarmasına səbəb oldu. Ölkə başçısının sərəncamı ilə Səlim Müslümov ötən ilin oktyabr ayında nazir vəzifəsinə təyin olundu. Vurğulayaq ki, keçmiş fond sədrinin nazir postuna gətirilməsindən doqquz ay ötür. Düzdür, bu müddət Füzuli Ələkbərovun dövründən yığılıb qalan çoxsaylı problemlərin həllinə bəs etmir. Amma ümumi götürdükdə nazir doqquz ayda çox işlər görüb. İnsaf naminə bunları qeyd etmək lazımdır. Səlim Müslümovun özünün də bildirdiyi kimi, ünvanlı sosial yardımlarla bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb: «İstər nazirliyin "qaynar xətt”inə (102 xidməti), istərsə də Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə Idarəsinin "qaynar xətt”inə gələn müraciətlərdə xeyli azalma müşahidə edilir. Baş Prokurorluğa daxil olan müraciətlərin hər biri nazirliyə göndərilir və onların hər biri ilə şəxsən özüm tanışoluram. Artıq indiyə qədər 25-dən yuxarı sosial müdafiə mərkəzinin direktoru, onların müavinləri işdən azad olunub. Sosial müdafiə mərkəzlərindən 130 nəfərə yaxın baş məsləhətçi, məsləhətçi və digər işçilər işdən çıxarılıb. Prezidentin bu sahədə bütün sistemin sağlamlaşdırılması tapşırığı var və ona əməl olunacaq».

ƏƏSMN rəhbəri mövcud problemləri aradan qaldırmağa səy göstərdiyi bir vaxtda bəzi ikinci, üçüncü dərəcəli məmurlar özbaşına əməllərini davam etdirirlər. Nə qədər ağır da olsa deməliyik ki, bu gün Qarabağ müharibəsi iştirakçılarına avtomobillərin, şəhid ailələrinə mənzillərin paylanması məsələsində neqativ hallar göz çıxarır. Qeyd edək ki, nazir bütün işçilərinə rüşvətdən uzaq olmağı tapşırıb. Yəni heç bir halda vətəndaşdan pul istənilə bilməz. Ümumiyyətlə, Səlim Müslümovun gəlişindən sonra ƏƏSMN strukturunda rüşvət və korrupsiya hallarının sayı xeyli azalıb. Buna baxmayaraq, bəzi xırda rütbəli məmurlar nazirin gördüyü işlərin əksinə gedərək avtomobillərin və mənzillərin paylanması zamanı qanunsuz hərəkətlərə yol verirlər. Yayılan məlumatlara görə, avtomobil və mənzil növbəsində dayanan əlil və şəhid ailələrindən «şirinlik» tələb edilir ki, onları siyahıda qabağa salsınlar. Konkret ad çəkmək istəməsək də, belə faktlar var. Və özləri də çox yaxşı bilirlər ki, söhbət kimdən gedir.

Həmin şəxslərə xatırlatmaq istəyirik ki, ölkə başçısı İlham Əliyev Səlim Müslümovun fəaliyyətini dəstəkləyib və bu sahədə korrupsionerlərə, cinayətkarlara yer olmadığını bildirib. Nazirliyin bəzi əməkdaşları qanunun tələblərini pozaraq sosial durumu ağır vəziyyətdə olan insanlardan nəysə umurlar. Təbii ki, belə məsələlərin üzə çıxması qurumun fəaliyyətindəki müsbət işlərə kölgə salır. Əlil və şəhid ailələrinə nəyinsə müqabilində avtomobil və mənzillərin paylanması düzgün deyil. Biz yüz faiz əminliklə deyə bilərik ki, hörmətli nazirin bu işlərdən xəbəri yoxdur. ƏƏSMN şefi bilməlidir ki, bəzi kadrları onun arxasından işlər çevirir. Həmin şəxslər gec-tez özlərini «yandıracaq». Buna qədər isə nazirin onları ifşa edib işdən çıxarması və barələrində aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat verməsi vacib şərtdir. Yoxsa onlar öz çirkin əməllərini həyata keçirməyə davam edəcəklər. Qeyd edək ki Səlim Müslümov nazir postuna təyin ediləndən sonra büdcədən əlilərin avtomobillə təmin olunması məqsədilə 11 milyon manat vəsait ayrılıb. Bu vəsaitlə, həm 858 Böyük Vətən Müharibəsi iştirakçıları, həm 675 Qarabağ müharibəsi, həm də Cernobl əlilləri tam şəkildə avtomobillə təmin ediləcək. Bu arada, Tibbi-Sosial Ekspert Komissiyalarının bir neçəsində vəziyyət hələ də düzəlməyib. Məlum olduğu kimi, nazir vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən bir neçə komissiya sədrini bu yaxınlarda işdən azad etdi. Amma bəziləri bundan nəticə çıxarmayıb. Əlillik dərəcələrinin müəyyən edilməsində Füzuli Ələkbərovun dövründəki «ənənə»dən istifadə edilir. Lazım gəlsə, konkret faktları da ortaya qoya bilərik. Amma hələlik lüzum görmürük.
gundelik-baku