BolgeXeber.Com » Bölgə » İcra baçısının müavini atasına yardım yazdırıb

İcra baçısının müavini atasına yardım yazdırıb

1-07-2014, 09:45
Oxunub: 3 403 Nəsir Muxtarlının taxıl zəmisi oyununun üstü açılır

Artıq keçmiş maliyyəçi olan nazir Heydər Əsədov buğda istehsalçılarına verilən dövlət yardımlarının bir hissəsinin mənimsənilməsi qənaəti ilə araşdırmalara start verib.
Bolgexeber.com mia.az-a istinadən xəbər verir ki, yaxın günlərdən başlayaraq, yardım ayrılmış 58 rayon üzrə ciddi təftişlərin aparılması planlanıb.

Kənd Təsərrüfatı Nazirliyindəki mənbə deyib ki, Heydər Əsədov bu məqsədlə maliyyə naziri Samir Şərifovu da məlumatlandırıb:
«Heydər Əsədov əmindir ki, 58 rayon üzrə ayrılmış 20 milyon manatdan çox vəsaitin ən azı 7-8 milyon manatı mənimsənilib. Maraqlısı budur ki, ərazi icra başçılarının ərazi nümayəndələrinin başçılıq etdiyi yerli komissiyalar ölkə üzrə ümumilikdə 150 min nəfər buğda istehsalçısı olduğunu rəsmi sənədlərdə qeyd etsələr də, faktiki bu qədər buğda əkən olmayıb. Bu azmış kimi, buğda sahələrinin hektarları bəzi rayonlar və kəndlərdə ayrı-ayrı fərdlər 3-5 dəfə şişirdilib. Məsələn, 3 hektar buğda əkən istehsalçının adına 15 hektar yazılmaqla, hər hektar üçün ayrılmış əlavə 40 manat yardım mənimsənilib. Bu isə birbaşa Dövlət Büdcəsinin talanması ilə yanaşı, həm də şəxsən prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların kobud pozulmasıdır. Şübhəsiz ki, nazirlik bu faktları araşdırdıqca, həm Prezident Administrasiyasını, həm də Baş Prokurorluğu məlumatlandırır. Güman edirəm ki, yaxın həftələrdə bir neçə rayonda baş vermiş ciddi hüquqpozmalarla bağlı əldə olunmuş faktlar Baş Prokurorluğa göndəriləcək. Bu isə o deməkdir ki, həmin rayonların icra başçıları və ərazi icra nümayəndələri ciddi sınaqlarla üz-üzə qalacaq».
Masallı və Ağcabədi rayonlarında da subsidiyaların bir hissəsinin saxta rəqəmlərlə mənimsənilməsi yönündə ciddi şübhələr var: “Ağcabədidə 42 kənd və bir şirkət üzrə ümumilikdə 3674 buğda istehsalçısı rəsmi qeydiyyata alınıb. Bu istehsalçıların guya 18359 hektar buğda əkdiyi bildirilib. Nəticədə isə 734 min 360 manat subsidiya bu rayona yönəldilib. Doğrudur, bu rəqəmin böyük hissəsi adı ölkədə məşhur olan «Kraun Co» MMC-yə ayrılıb. Həmin şirkətin 8600 hektar buğda əkdiyi rəsmi sənədlərdə göstərilib. Və bu rəqəmə uyğun olaraq, həmin şirkətin rəsmi təmsilçisi Zaur Sarıyevin adına açılmış hesaba 344 min manat pul köçürülüb. Əlbəttə, bu rəsmi sənədlərin nə dərəcə həqiqəti özündə birləşdirməsi ciddi araşdırılmalıdır. Və söz yox ki, digər rayonlarda olduğu kimi, burada da şişirdilmə faktının olması istisna deyil».
Masallıda isə daha böyük biabırçılığa imza atıldığı ilkin araşdırmamız zamanı üzə çıxıb. Bu rayonda daha böyük mənimsəmələrin olması nazirliyin özündə də şübhə doğurmur.

Ən maraqlı detallardan biri isə həmin rayonda icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlının atası Muxtar Muxtarovun adına da yardım yazılıb. Sənədə görə, M.Muxrarov 2,8 hektar buğda əkib. Başçının müavininin atasının həqiqətən 2.8 hektar torpaq əkib-əkməməsi maraqlı araşdırma mövzususdur. Bundan əlavə, Nəsir Muxtarlının doğulduğu Həsənli kəndində 543 ayrı-ayrı təsərrüfatçının həqiqətən də 751 hektar buğda əkməsi, razılaşaq ki, ciddi şübhə doğurur. Ümumiyyətlə, Masallının 33 kəndi üzrə 5370 şəxsin 7794.67 hektar ərazidə buğda əkməsi və buna görə həmin rayona 311 min 786 manat 80 qəpik yardımın ayrılması ilə bağlı bütün sənədlər də tərəfimizdən araşdırılır.
Yazıda adları çəkilənlərin mövqeyini dinləməyə hazırıq.