BolgeXeber.Com » Bölgə » "Göyçay Avtonəqliyyat" narazılıq yaradır - fotolar

"Göyçay Avtonəqliyyat" narazılıq yaradır - fotolar

1-07-2014, 12:15
Oxunub: 3 315 Bir qrup Göyçay sakini rayonda fəaliyyət göstərən “Göyçay Avtonəqliyyat” ASC-nin fəaliyyətindən narazıdır.

Bu barədə virtualaz.org saytının redaksiyasına müraciət edən narazı rayon sakinləri məlumat verib.

Onlar 1950-ci illərdə yaradılan “2723 nömrəli avtonəqliyyat müəssisəsi” (“avtokolon”) 1999-cu ildə “Göyçay Avtonəqliyyat” ASC-yə çevriləndən sonra baş verən özbaşınalıqlara etirazlarını bildiriblər.

Narazı rayon rayon sakinləri ASC yaradılandan sonra işçilərin qanunsuz olaraq işdən çıxarılmasından, keçmiş avtonəqliyyat müəssisəsində çalışan işçilərə məxsus səhmlərin qanunsuz olaraq onlardan alınmasından, müəssisənin tabeliyində olan nəqliyyat vasitələrinin yeni yaradılan ASC-nin sədri tərəfindən mənimsənilməsindən və ASC-nin qanunsuz olaraq bazar kimi fəaliyyət göstərməsindən narazıdır.

Sakinlər “Göyçay Avtonəqliyyat” ASC-nin sədri Arif Əliyevin fəaliyyətindən və onlara qarşı etdiyi qanunsuz əməllərindən şikayətçidir.

Virtualaz.org saytının müxbiri şikayətçilərin iddialarını araşdırmaq və onların səsləndirdiyi ittihamların nə qədər əsaslı olduğunu araşdırmaq məqsədilə Göyçaya ezam olunub.

Əməkdaşımız Göyçayda olarkən narazı sakinlərlə danışıb, onların şikayətlərini dinləyib, “Göyçay Avtonəqliyyat” ASC-nin fəaliyyəti ilə yerindəcə tanış olub.

Öncə qeyd edək ki, 1950-ci illərdə yaradılan “2723 nömrəli avtonəqliyyat müəssisəsi”ndə 580-ə yaxın Göyçay sakini çalışıb. İşçilərin dediyinə görə, müəssisənin tabeliyində 400-dən çox avtomobil olub. Orada çalışanların əksəriyyətini rayon sakinlərini təşkil edib. Demək olar ki, hər bir işçinin səhminin olduğu müəssisə 1999-cü il, fevralın 24-də Dövlət Əmlak Nazirliyinin sərəncamı ilə ASC-yə çevrilib. Arif Əliyev isə “Göyçay Avtonəqliyyat” ASC İdarə Heyətinin sədri seçilib.

Keçmiş “2723 nömrəli avtonəqliyyat müəssisəsi”ndə çalışan narazı göyçaylılar virtualaz.org saytının müxbiri ilə söhbətlərində qara günlərinin ASC yaradılandan sonra başladığını dedilər. İşçilər keçmiş müəssisədə onlara məxsus səhmlərin, nəqliyyat vasitələrinin, müəssisənin tabeliyində olan və uzun illər çalışdıqları sexlərin ASC yaradılandan sonra qanunsuz olaraq əllərindən alındığını söylədilər. Dediklərinə görə, ASC yaradılandan sonra keçmiş avtonəqliyyat müəssisəsinin tərkibində olan avtomobillər Arif Əliyev tərəfindən müxtəlif yollarla mənimsənilib, qalan maşınlar isə yüksək icarə haqqı ilə illərdir müəssisədə çalışan işçilərə verilib.

1988-ci ildən “Göyçay Avtonəqliyyat” ASC-də sürücü işləyən Mübariz Qurbanov da şikayətçilər arasındadır. O, müəssisəyə məxsus və işlək vəziyyətdə olmayan “KamAZ” markalı maşını 1993-cü ildə öz vəsaiti hesabına təmir etdirib. Maşının təmirinə 5200 manat pul xərcləyən M.Qurbanov həmin maşınla Qarabağ uğrunda aparılan döyüşlərdə yerli sakinlərin həmin ərazilərdən çıxarılmasında da iştirak edib.

ASC yaradılandan sonra işdən çıxmayan bir neçə sürücüdən biri olduğunu deyən M.Qurbanov yeni yaradılan ASC-nin sədri Arif Əliyevlə bağlı ciddi ittihamlar səsləndirdi: “Tanımadığımız Arif Əliyev “Göyçay Avtonəqliyyat” ASC-yə sədr təyin olunandan sonra günümüz qara oldu. Bütün məsuliyyətimlə deyirəm ki, burada çalışan insanlardan heç biri öz əmlakına sahib ola bilməyib. Sürücüləri müxtəlif yollarla işdən uzaqlaşdırdılar.

ASC yaradılarkən mənə və ailə üzvlərimə məxsus olan səhmləri Arif Əliyvə vermişəm. Lakin onlardan bu günə qədər də heç bir xəbər yoxdur. Əmlakımızı hansı yolla öz hesablarına keçirdikləri məlum deyil. ASC yaradıldıqdan sonra öz maşınıma görə hər ay icarə haqqı ödəyirəm. Bu gün də 300 manat icarə haqqı ödəyirəm. Arif Əliyev bizim savadsızlığımızdan istifadə edərək səhmlərimizi mənimsəyib və öz adına keçirib. Mən öz maşınımı, səhmlərimi ala bilmirəm. Sonuncu görüşümüzdə Arif Əliyevdən maşınımın özəlləşdirilməsini tələb etdim. Lakin mənə dedi ki, kimlərəsə hesab verir və maşının özəlləşdirilməsi üçün ona 10 min manat ödməliyəm”.

M.Qurbanov icarə haqqının ödənişini bir neçə gün gecikdirdiyi üçün Arif Əliyev tərəfindən polisə verildiyini və bir neçə dəfə Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) çağırıldığını deyir: “Sonuncu dəfə maşınımı əlimdən aldılar. Üç ay maşınım polis bölməsində saxlanıldı. Ailə üzvlərim aylarla ac qaldı. Sonra Vergilər Nazirliyinə müraciət etdim. Nazirlikdən yoxlama gələndə Arif Əliyev mənim evimə gəlib yalvardı ki, ondan şikayətçi olmayım. Mənə maşınımı qaytaracağını da dedi. Lakin sonradan bu sözünün üstündə durmadı”.

M.Qurbanov ASC-yə məxsus maşınların qanunsuz olaraq fəaliyyət göstərdiyini, sürücülərin heç bir müqaviləsinin olmadığını və onlardan alınan icarə haqları qarşılığında heç bir ödəniş çekinin verilmədiyini də vurğuladı.

ASC yaradılmazdan əvvəl mövcud olan 400-dən artıq nəqliyyat vasitəsinin artıq yoxa çıxdığını deyən M.Qurbanov hazırda qalan maşınların da istismar müddətini bitirdiyini və yararsız vəziyyətdə olduğunu qeyd etdi.

O, maşınların əksəriyyətini Arif Əliyev tərəfindən müəssisədə çalışan şəxslərə verilmədiyini, ucuz qiymətə başqa rayonlara satıldığını söylədi: “Arif Əliyev bu yaxınlarda da sürücü yoldaşlarımızdan Rafiqin maşınını əlindən aldı. 30 ildir sürücü işləyən Rafiqin maşınını 5000 manata başqasına satdı. Rafiqə isə söz verib ki, sənə yeni iş verəcəm. Başqa bir iş yoldaşımız Mehmanın da ASC-də səhmləri var idi. Mehman vəfat edəndən bir gün sonra onun maşınını başqasına satdı. Səhmlərini isə öz adına keçirdi. Sürücülərin heç biri maaş almır. Səkkiz aydır maaş almayanlar var”.

Arif Əliyevin müəssisəyə məxsus sənədləri saxtalaşdırdığını deyən M.Qurbanov arxivdə aparılacaq yoxlamalar zamanı bu dediklərinin həqiqət olduğuna əmin olacağımızı və daha böyük korrupsiya faktlarının aşkarlanacağını da əminliklə söylədi.

Narazı göyçaylılardan biri də Vüqar İsmayılovdur. 1978-ci ildən Göyçay avtonəqliyyat müəssisəsində çilingər, sonra isə sürücü işləyən V.İsmayılov da ona məxsus səhmlərin Arfi Əliyev tərəfindən mənimsənildiyini deyir: “Müəssisənin baş mühasibi Əli Zeynalov 1998-ci ildə səhmlər paylanarkən bizi başa saldı ki, yeni səhmdar cəmiyyət yaradılacaq və siz də səhmlərinizi yığın. 1999-cu ildə tanımadığımız Arif Əliyev ASC-yə sədr gəldi. O zaman da mənim “ZiL” markalı maşınım var idi. Bir müddət icarə haqqı ödəyərək işlədim. Sonra mənim maşınımı əlimdən alıb müəssisənin həyətinə qoydu. Maşın uzun müddət işləmədi. Arif Əliyev o maşını mənə 2 min manata satdı. Maşını alarkən artıq işlək vəziyyətdə deyildi. Mənim atam da 1950-ci illərdən bu müəssisədə sürücü işləyib. Atama məxsus üç səhm də var idi. Arif Əliyev atamın səhmlərini də özəlləşdirdi. “Avtonəqliyyat”ın torpaq sahəsində bizə məxsus ərazi var idi. Arif Əliyev özü şəxsən Əmlak Komitəsinə məktub göndərərək həmin ərazinin atam İsmayıl İsmayılova verilməsinə etiraz etmədiyini bildirmişdi. Lakin atam vəfat edəndən sonra bizi tanımadığını dedi”.

V.İsmayılov deyir ki, ASC yaradılandan sonra Arif Əliyev müəssisədən şəxsi məqsədləri üçün istifadə edib: “Arif Əliyev müəssisənin ərazisində nar şirəsi istehsalı ilə məşğul olmağa başladı. Bir müddət sonra buradan yaxşı gəlir götürə bilmədi. İndi isə müəssisə bazar kimi fəaliyyət göstərir. Arif Əliyevin gəlişindən sonra “Göyçay Avtonəqliyyat” ASC bazara dönüb. 1978-ci ildən işləməyimə baxmayaraq əmək kitabçamı ala bilmirəm. Bütün sənədləri ələ keçirib. Səhmləri özəlləşdirməyi bəs deyilmiş kimi əmək kitabçalarımızı da vermir. Bu müəssisə 1993-cü ildən bir müddət hərbi əhəmiyyətli nəqliyyat bazası kimi də fəaliyyət göstərib. Qarabağa göndərilən maşınlarda sürücü kimi mən də getmişəm. Ancaq Arif Əliyev sonradan gəlib deyir ki, siz heç biriniz burada olmamısınız”.

V.İsmayılov səhmlərinin geri qaytarılmasını və Arif Əliyevin fəaliyyətinin yoxlanılsmasını tələb edir: “İstifadəyə yararlı olan 400-dən çox maşın hanı? Onların arasında hərbi maşınlar da var idi. İşığın, qazın olmadığı zaman həmin maşınlar rayonlara ucuz qiymətə satıldı. Hamısı arxiv sənədlərində var. Araşdırılsın görək bu maşınların taleyi necə olub. Arif Əliyev necə ASC sədri olub? Kimlər seçib onu? Avtonəqliyyat necə oldu ki, bazara çevrildi? Qeyri-qanuni fəaliyyət göstərən bu bazardan hər gün əldə edilən 2 min manata yaxın gəlir hara gedir? Bizim də səhmlərimiz olduğu halda ASC yaradılanda xəbərimiz olmayıb. Sürücü işləmiş insanıq. Heç bilmirdik ki, səhmdar cəmiyyəti nədir. Savadsızlığımızdan istifadə edib bütün səhmlərimizi əlimizdən aldılar. Nəqliyyat sahəsindən xəbəri olmayan Arif Əliyev səhmlərimizi aldı, o boyda müəssisəsni də bazara çevirdi”.

Valeri İsakov da Arif Əliyevin özbaşınalığının qurbanı olanlardan biridir. 1979-cu ildən Göyçayda avtonəqliyyat müəssisəsində işləyən V.İsakov ASC yaradılarkən ixtisara salınan işçilərdən biri olub. Əslən yəhudi olan V.İsakov da səhmlərini ASC yaradılarkən müəssisəyə verib. İşdən çıxarılandan sonra “Göyçay Avtonəqliyyat” ASC-nin nəzdində olan və atasının da çalışdığı sexdə fəaliyyətini davam etdirib. V.İsakov bir müddət sonra bu işindən də olub.

İki ay əvvəl V.İsakov Bakıya gedib. Qayıdarkən sexinin Arif Əliyev tərəfindən sökdürüldüyünü görüb.

Səhmlərinin və ona düşən əmlakın geri qaytarılmasını istəyən V.İsakov bazara döndərilən “Göyçay Avtonəqliyyat” ASC-nin indiki təyinatı haqda da ölçü götürülməsini istəyir: “Avtonəqliyyatın bazar kimi fəaliyyət göstərən hissəsi evimin qarşısındadır. Hər yer zibillikdir. Bazarın bütün zibilini evimin qarşısına tökürlər. Heç nəyə nəzarət edilmədiyi kimi buna da baxan yoxdur”.

ASC sədri Arif Əliyev tərəfindən haqsızlığa məruz qaldığını deyən daha bir şikayətçi isə Rüstəm İsmayıldır. R.İsmayıl qanuni yolla əldə etdiyi torpaq sahəsinin Arif Əliyev tərəfindən ələ keçirildiyini və onun xəbəri olmadan özəlləşdirildiyini deyir: “1994-cü ildə Göyçay Rayon İcra Hakimiyyətinin və o zamankı “Göyçay Avtonəqliyyat” müəssisəsi rəhbərinin icazəsi ilə 80 kvadratmetr torpaq sahəsində şəxsi vəsaitim hesabına çörək sexi tikdirmişəm. 1998-ci ildə ölkədən getdikdən sonra Arif Əliyev mənə məxsus və şəxsi vəsaitim hesabına tikilmiş yeri “Göyçay Avtonəqliyyat” ASC-nin balansına salıb. O, bunu edərkən Əmlak Komitəsini də aldadıb. Arif Əliyevin bu qanunsuz əməlləri ilə bağlı onunla bir neçə dəfə görüşmüşəm. Lakin heç bir nəticə əldə olunmayıb. Məndən polisə şikayət edib, məhkəməyə verib. Məhkəməyə verərək müəssisənin ərazisinə mənim və ailə üzvlərimin girməsinə qadağa qoydurmaq istəyir. 40 ilə yaxın atam, 38 il isə qardaşın avtonəqliyyatda çalışıb. Arif Əliyev mətbuata verdiyi açıqlamada məni reket, yalançı adlandırıb. Onun dediyinə görə, guya ki, mən bir neçə şəxslə “Göyçay Avtonəqliyyat” ASC-yə gedərək öz vəsaitim hesabına tikdirdiyim obyektin pəncərəsini sökdürmüşəm. Həmin obyekti isə özününkü kimi qələmə verir. Lakin Arif Əliyevin dediyi həmin şəxslər rayon icra hakimiyyətinin əməkdaşları idi. Mən öz vəsaitim hesabına tikilən obyektin pəncərə və qapısının qanunsuz olaraq Arif Əliyev tərəfindən bağlanması ilə bağlı Prezident Administrasiyasına müraciət etmişdim. Administrasiyadan icra hakimiyyətinə gələn göstərişə əsasən mənə məxsus obyektin qapı və pəncərəsinin bağlanmasının qarşısı alındı”.

Arif Əliyevin özbaşınalıqlarından hər kəsin narazı olduğunu deyən R.İsmayıl bildirir ki, bəzi insanlar onun təzyiqlərindən qorxduğu üçün danışmır: “Arif Əliyev ASC sədri olduqdan sonra keçmiş müəssisədə çalışanlardan heç kim ondan razı deyil. O, bəzi insanlara müxtəlif vədlər verərək onları aldadıb. Əksər insanlar isə Arif Əliyevin təzyiqlərindən qorxduğu üçün danışmır. Hamı bir parça çörəyini itirməkdən qorxur”.

R.İsmayıl Arif Əliyevin əməlləri ilə bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına, Vergilər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa müraciət etdiyini deyir.

R.İsmayıl A.Əliyevin əməlləri ilə bağlı araşdırma aparılmasını tələb etdiklərini bildirdi: “Tələbimiz və istəyimiz Arif Əliyevin ASC rəhbərliyində olduğu dövrdəki fəaliyyətinin yoxlanılmasıdır. Arif Əliyev ASC sədri seçilərkən digər səhmdarların necə kənarda qaldığı, avtonəqliyyatın balansında olan binaların necə söküldüyü, nəqliyyat müəssisəsinin ərazisində şirə istehsalının necə həyata keçirildiyi, avtonəqliyyatın ərazisinin sonradan necə bazara çevrildiyi, müəssisənin balansında olan 400-dən artıq maşının indi harada olması, işçilərin hansı səbəblərdən işdən çıxarılması, onların əmək kitabçalarının niyə verilməməsi araşdırılmalıdır. Göyçayda avtonəqliyyat yoxdur. Bir dənə də olsun istismara yararlı nəqliyyat vasitəsi yoxdur. “Göyçay Avtonəqliyyat” ASC-nin nəyə xidmət etdiyi məlum deyil. ASC olaraq 15 ildir Arif Əliyevin sədrliyi ilə fəaliyyət göstərir, ancaq hər hansı bir müasir texnika ilə təchiz olunmayıb. Gələn gəlirlər hara gedir? Bunların hamısı ciddi şəkildə yoxlanılmalıdır”.

“Göyçay Avtonəqliyyat” ASC-nin fəaliyyətindən narazı olanlardan biri də Göyçayın Çaxırılı kənd və Göyçay şəhər 3 saylı orta məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlqar Məhərrəmlidir. O, rayonda ictimai nəqliyyatın vəziyyətindən şikayətçidir.

İ.Məhərrəmli avtonəqliyyat səhmdar cəmiyyətə çevrilərkən yeniliklərin olacağını gözlədiklərini, lakin gözlənilənlərin tam əksinin şahidi olduqlarını söyləyir: “ASC yaradılmamışdan əvvəl heç olmasa istismara yararlı maşınlar var idi. Sürücülərə təmir üçün ehtiyat hissələri verilirdi. Müasir texnika gətirilməkdən, yeniliklər edilməkdənsə avtonəqliyyatın vəziyyəti daha da bərbad hala salındı. Yeni yaradılan ASC-nin fəaliyyəti göz qabağındadır. ASC-ni yaratmasaydılar, bundan yaxşı idi. Sürücülər Allah ümidinə yola çıxır. Onların axşamlar maşını saxlaması üçün dayanacaq belə yoxdur. Maşınları öz həyətlərində saxlayırlar. Bu məsələnin həllinə ümidimiz də qalmayıb. Şikayətlərə baxılmır. Kimə şikayət edirsənsə, başqasının üstünə atır. Hər kəs öz biznes maraqlarını güdür.

Biz 15-20 nəfər müəllim yığışaraq nəqliyyatın vəziyyəti ilə bağlı rayon icra hakimiyyətinə şikayətə də getmişik. İcra hakimiyyətindən bizə dedilər ki, ora səhmdar cəmiyyətdir və biz onların işinə qarışa bilmərik. Rayonun müəllimlərinə, ziyalılarına bu cavab veriləndən sonra kimə şikayət edək? Deyirlər ki, belədir, xoşunuza gəlmirsə, istifadə eləməyin”.

“Göyçay Avtonəqliyyat”da uzun illər sürücü işləyən Böyükağa Dadaşov da Arif Əliyevin sədr seçilməsindən sonra haqsızlıqla üzləşənlərdəndir.

B.Dadaşov üzvü olduğu ASC-nin yaradılmasından sonra maşınların onlara icarəyə verildiyini deyir: “Mən də bir maşını icarəyə götürdüm. Maşını sürmədiyim halda icarə haqqını hər ay ödəyirdim. Maşını sürmək sərf eləmirdi. Çünki benzinin qiyməti baha idi. Vəziyyətin yaxşılaşmasını gözləyirdim. Arif Əliyev məni çağırıb maşını müəssisənin həyətində niyə saxladığımı soruşdu. Vəziyyəti izah etdikdən sonra razılaşdı. Bir müddətdən sonra mənə məktub gəldi ki, “Göyçay Avtonəqliyyat” ASC-dən işdən çıxarılmışam. Müəssisəyə gedərkən rəhbərlik tərəfindən hədələndim. Maşınımı da əlimdən aldılar. Çox keçmədi ki, Arif Əliyev maşını başqasına satdı. Səhmlərim də batdı. Arif Əliyev deyir ki, qabağıma heç kim çıxa bilməz, nə istəyirəmsə, edirəm. Təkcə mən də deyiləm. Arif Əliyev tərəfindən haqsızlığa məruz qalanlar çoxdur. Maşınların əksəriyyəti yoxa çıxıb”.

Vüsal Babayev uzun illər “Göyçay Avtonəqliyyat”da sürücü işləyən atası Mehman Babayevə məxsus “Kamaz” markalı maşının atasının vəfatından sonra yeni yaradılan ASC-nin rəhbərliyi tərəfindən mənimsənildiyini deyir. O, atasına məxsus “KamAZ”ın mərhumun dəfn mərasimindən dərhal sonra satıldığını, onların səhmlərindən isə bir xəbər çıxmadığını söyləyir. Deyir ASC rəhbərlyindən isə onlara bildirilib ki, səhmlər yoxdur və olmayacaq da.

Vüsal Babayev təzyiqlərdən çəkindikləri üçün bu işin ardınca getmədiklərini də əlavə etdi.

“Göyçay Avtonəqliyyat” ASC-nin fəaliyyətindən narazı qalan və sədr Arif Əliyevdən şikayətçi olan göyçaylıları dinlədikdən sonra müəssisəyə getdik. Məqsədimiz qarşı tərəfin - rəhbərliyin bu ittihamlara münasibətini öyrənmək idi.

Müəssisənin ərazisinə bazar olan girişdən daxil olduq. Həqiqətən də ASC-yə məxsus ərazinin böyük bir hissəsi bazar kimi fəaliyyət göstərir. Göyçay və digər ətraf rayonların kəndlərindən bazara məhsul gətirən kəndlilər səhər saatlarından etibarən burada alış-verişə başlayır.

Bir məqamı da qeyd edək ki, rayon ərazisində “Təzə bazar” adı ilə bilinən yeni bazar da tikilib. Lakin təzə bazara üz tutuanların sayı çox deyil. Köhnə bazar kəndlilərin daha çox üz tutduğu yerdir. Həmçinin təzə bazarda icarə haqqı daha yüksəkdir.

“Göyçay Avtonəqliyyat” ASC-nin bazar hissəsindən keçib maşınların saxlanıldığı əraziyə baş çəkirik. Buradakı mənzərə də bizə buranın nəqliyyat müəssisəsi olduğunu deməyə əsas vermir. Gördüklərimiz sovet dönəmindən qalmış və öz ömrünü çoxdan başa vurmuş “İkarus”, “PAZ”, “LAZ”, “ZiL” kimi köhnə-külə maşınlardır. Ərazidə 30-a yaxın belə nəqliyyat vasitəsi görmək mümkündür. Onlardan isə sadəcə olaraq bir neçəsi istifadə olunur. Onlar da sürücülərin böyük əməyi hesabına...

Digər rayonlardan gələn avtobuslar da ASC-nin ərazsində dayanır. Bu həm bazara gələnlərə sərf edir, həm də müəssisə rəhbərliyinə. Çünki müəssisənin ərazisinə gələn hər bir avtomobil girişdə 20-30 qəpik yerpulu ödəyir, gələnlər elə bazarlığını buradan edərək geri qayıdır.

Müəssisənin ərazisində olarkən sexlərinin sökülməsindən narazı olan Valeri İsakov və Rüstəm İsmayılın qeyd etdikləri yerə də nəzər yetirdik. Valeri İsakovun dediyi kimi, ona məxsus olan sex yerlə-yeksan edilmişdi. Heç sexin söküntülərini də görmədik. Yaxınlıqda olanlar həqiqətən də bir neçə ay əvvəl burada V.İsakova məxsus sexin olduğunu təsdiqlədilər.

Rüstəm İsmayılın da qalmaqallı obyektində olduq. Onun sənədlər göstərib “mənimdir”, ASC sədri Arif Əliyevin isə “avtonəqliyyatın ərazisidir” dediyi obyektdə olarkən oranın artıq xarabalığa çevrildiyinin şahidi olduq.

Amma məsələdən hali Göyçay sakinləri də uzun müddət öncə çörək sexi kimi fəaliyyət göstərən obyektin Rüstəm İsmayıl tərəfindən tikildiyini və bir müddət də onun atası İsmayıl İsmayılov tərəfindən istifadə edildiyini təsdiqlədilər.

“Göyçay Avtonəqliyyat” ASC-də olarkən köhnə maşınları öz gücləri hesabına işlətməyə çalışan bəzi sürücülərlə də söhbət etmək istədik. Amma sürücülər narazılıqlarının fayda vermədiyini, nəticədə isə bir parça çörəklərindən məhrum ola biləcəklərini əsas gətirərək danışmaqdan imtina etdilər.

Ölkədə nəqliyyat infrastrukturunun inkişat etdirildiyi və bu sahəyə ona milyon manatlarla vəsaitin ayrıldığı bir zamanda Göyçayda vəziyyətin bu dərəcədə acınacaqlı olması çox təəccüblüdür. Hələ onu demirik ki, Göyçayda sərnişin daşınmasında istifadə edilən bu maşınların Bakıda istifadəsi qadağandır. Düzdür, bu mənzərə demək olar ki, bütün kənd rayonlarında var, ancaq gördüklərimizə əsasən deyə bilərik ki, Göyçayda bu dərd daha böyükdür.

“Göyçay Avtonəqliyyat” ASC-də olarkən fotoçəkiliş apardığımızı görən bir nəfər bizə yaxınlaşdı. Çəkiliş aparmağımızın məqsədini soruşan həmin şəxsdən özünü təqdim etməsini xahiş etdik. Özünü bazarın nəzarətçisi kimi təqdim edən Mahir Məmmədov çəkiliş aparmamağımızı istədi. Çəkilişə isə bazarda quraşdırılan nəzarət kamerlarından bizi izləyən ASC sədri Arif Əliyevin icazə vermədiyini dedi. Əks halda əraziyə polis çağıracaqlarını söylədi.

Özünü “Göyçay Avtonəqliyyat” ASC-nin yox, məhz bazarın nəzarətçisi kimi təqdim edən Mahir Məmmədovdan Arif Əliyevin yerini soruşaraq onunla görüşmək istədiyimizi dedik. Arif Əliyevin “buralarda olduğunu” deyən Mahir Məmmədov bizə yalnız onun əlaqə nömrəsini verdi.

Bizi kameralardan izləyən və nəzarətçinin dediyinə görə, çəkilişə şəxsən özü icazə verməyən Arif Əliyevə zəng edərək onunla görüşmək istədiyimizi bildirdik. Arif Əliyev hazırda Bakıda olduğundan bizimlə görüşə bilməyəcəyini söylədi. Və Bakıdan qayıdandan sonra bizimlə görüşəcəyini dedi.

Bizim isə deməyə sözümüz yox idi. Sədr bizi həm Göyçayda kamera ilə bilavasitə izləyirdi, həm də Bakıda idi. Eyni vaxtda...