BolgeXeber.Com » Bölgə » İcra başçısı Ağsunun problemləri ilə əvvəlki kimi maraqlanmır

İcra başçısı Ağsunun problemləri ilə əvvəlki kimi maraqlanmır

3-07-2014, 11:00
Oxunub: 3 330 Ənvər Seyidəliyev xeyli arxayınlaşıb

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevun yaxın qohumu Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin ediləndən sonra rayon əhalisinin vəziyyəti bir qədər də kəskinləşib. Bununla bağlı qəzetimizə verilən məlumatlarda bildirilir ki, Ənvər Seyidəliyevin yaxın qohumu nazir təyin olunana qədər rayon əhalisinin müəyyən şikayətləri dinlənilir, bəzi insanlara qismən də olsa, köməklik edilirdi. Lakin hal-hazırda Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sakinlərə qarşı biganə münasibət bəslədiyi deyilir:

«Ötən ilin oktyabrına qədər Ənvər Seyidəliyev hər həftənin 5-ci günü sakinlərlə görüşür, vətəndaşları qəbul edirdi. Hətta nəzərinizə çatdırım ki, başçının qəbulunda müəyyən problemlər müzakirə olunurdu. Etiraf edim ki, onların əksəriyyəti həll edilirdi. Lakin başçının qohumu yüksək vəzifəyə təyin ediləndən sonra Ənvər Seyidəliyev problemi olanların üzləşdikləri çətinliklərə biganə münasibət bəsləyir, hətta bəzi vətəndaşları qəbul etmir». Hər həftənin cümə günündə qəbul günlərinin keçirildiyini etiraf edən sakinlər qeyd etdilər ki, başçının indiki qəbulları bir qədər formal xarakter daşıyır və böyük problemləri olanlar qəbul edilmir. Hətta bildirilir ki, Ağsunun icra başçısı icra hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasınlar. Qəbula yalnız ona təşəkkür etməyə gələn şəxslər yazılır və onların da guya "problemi” həll edilir: «Qəbula düşən sakinlərdən eləsi var gəlib deyir ki, qonşusu ilə yola getmir, küçəyə çıxanda palçıq olur, habelə digər «problemlər». Halbuki aylarla sosial müavinətlərini ala bilməyən, idarə və təşkilatların qapısında süründürülən şəxslər başçının qəbuluna düşməyə nail olmur. Təəssüf ki, əsl problemləri olanlar icra hakimiyyətində qəbula yazılmağa gələndə mühafizəçi və ya başçının müavinləri, köməkçiləri tərəfindən "Ənvər müəllim burda yoxdur”, "bu gün qəbul olmayacaq”, kimi bəhanələrlə qapıdan geri qaytarılır. Haqqını tələb edən şikayətçilər isə polislər vasitəsilə ya binadan uzaqlaşdırılır, ya da hədələnir”.

Ağsuluların sözlərinə görə, ötən ilin oktyabrından sonra sakinlərin rayonda sosial müavinət almasında da ciddi korrupsiya faktları müşahidə edilir. Söylənilənlərə görə, indi rayonda ünvanlı sosial yardım alanların bəziləri imkanlı şəxslərdir. Çünki alınacaq məbləğlə bağlı danışıqlarda məşhur 4+8 formulu ilə razılaşan yalnız imkanlı şəxslərdir. Təəssüf ki, bəzi kasıb, imkanı olmayan şəxslər isə həmin pulu verə bilmədiyi üçün yardımdan məhrumdur: «Sanki rayonun ən gəlirli yerləri, idarə və müəssisələr icra başçısının qohumlarına, yaxınlarına məxsusdur. Ağsuda bir sıra iri ticarət obyektləri ayrı-ayrı məmurlar tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə müavinləri və köməkçilərinin adından yararlanır. Ağsunun 49 obyekti bir sıra məmurların qohumlarının adı ilə tikilərək özəlləşdirilib. Bütün bunlar bir yana, icra başçısının müavinlərindən birinin rayon ərazisində 400 hektar həyətyanı torpaq sahəsi, 6 süni balıqartırma gölü və 96 iri ticarət obyekti fəaliyyət göstərir. Bir sıra ərazilər və obyektlər icra başçısının digər müavinləri tərəfindən ələ keçirilib.

Bütün bunlar bir yana, Ağsunun daxili və kəndarası yollar bərbad durumdadır. Hələ ötən il istifadəyə verilmiş, tikintisinə 20 milyon manata yaxın vəsaitin ayrıldığı 30 kilometrlik Ağsu-Çaparlı-Padarçöl avtomobil yolunda bir neçə yerdə problem yaranmışdı. Tikinti işləri aparılan vaxt yol bir neçə yerdən erroziyaya uğrasa da, icra başçısı bu yolun çökməsini ictimailəşməyə qoymadı və təzə yola yamaq vurdurdu. Lakin buna baxmayaraq, yol yenidən çökdü. Sakinlər bildirirlər ki, Ağsu rayonunun icra başçısının fəaliyyəti rayonda narazılıq yaradır. Rayonda məmur özbaşınalığının pik həddə çatması, ayrı-ayrı şəxslərin əməllərinin ciddi narazılıq doğurması, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının yaxın qohumları olduğu üçün istədikləri kimi hərəkət etmələri Ənvər Seyidəliyevin vəzifə karyerasını sual altına alır. Bəzi məmurların özbaşınalıqlarına göz yumulması, rayonun bir sıra idarələrində korrupsiya hallarının olması, Rayon Mərkəzi Xəstəxanasında, Sosial Müdafiə Mərkəzində, Maliyyə İdarəsində problemlərin mövcudluğu Ağsuda vəziyyətin ürəkaçan olmamasından xəbər verir. Sakinlər bildirirlər ki, başçı kəndlərin problemləri ilə də əvvəlki kimi maraqlanmır. Belə ki, rayonun Kəndoba, Abasxanlı və Cəlair kəndlərində ağır və dözülməzdir. Gözdən uzaq kəndlərin yolları, işıq və su problemləri sakinlərin dözülməz şəraitdə yaşamasına səbəb olub. Bəzi kəndlərin orta məktəbləri də bərbad durumdadır. Məktəblilərin təhsil almaq üçün müəyyən çətinliklər çəkmələri rayonda təhsilin səviyyəsini aşağı salıb. Sakinlərin dediyinə görə, sosial-iqtisadi problemlər icra başçısı Ənvər Seyidəliyevi əvvəlki kimi maraqlandırmır. İcra başçısının başı Bakı şəhərində də biznes şəbəkələri və iri mağazalarının fəaliyyətinə qarışıb. Rayonda ciddi sosial-iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda Ənvər Seyidəliyevin başının biznesə qarışması olduqca təəccüblü görünür. Axı Ağsu rayonunda insanlar ağır şəraitdə yaşayır. Belə çıxır ki, sakinlərin necə yaşaması icra başçısı üçün o qədər də maraqlı deyil. Yaxın qohumu nazir təyin edilən başçı indi rayonda daha arxayın davranır.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.