BolgeXeber.Com » Bölgə » Siyalə Rüstəmovanın Şirvandakı kadrından xəbəri varmı?

Siyalə Rüstəmovanın Şirvandakı kadrından xəbəri varmı?

5-07-2014, 11:05
Oxunub: 3 048 Baytarlıq İdarəsinin müdiri Yasər Əsgərov nazir Heydər Əsədovun gördüyü işlərin əksinə gedir

Rayon ərazisində fəaliyyət göstərən ət dükanlarının çoxunda anti-sanitariya hökm sürür.Kənd təsərrüfatı naziri Heydər Əsədov ötən ilin noyabr ayında keçirilən respublika baytartıq müşavirəsində bir sıra məsələlərə toxunmuşdu. Nazir müşavirədə etdiyi çıxışında kadr məsələsini önə çəkərək hər şeyi kadrın həll etdiyini vurğulamışdı: «Kadr olmasa, heç bir uğurdan danışmaq mümkün deyildir. Odur ki, professional kadrlar yetişdirilməsi günün vacib məsələsidir. Hər bir sahədə olduğu kimi, baytarlıqda da professional, müasir tələblərə cavab verən kadr məsələsi ciddi problemdir və bunun aradan qaldırılması tələb olunur. Biz baytar həkimlərinin təlimi üçün xüsusi bir strategiya müəyyənləşdirməliyik. Mən bu istiqamətdə bəzi xarici təşkilatlarla, o cümlədən donor təşkilatları ilə danışıqlar aparıram.

Bu yaxınlarda Fransadan gəlmiş nümayəndə heyətini qəbul elədim. Dünya Bankı və İslam İnkişaf Bankı nümayəndələri ilə görüşlərimiz olacaq, eləcə də ərzaq təhlükəsizliyi ilə məşğul olan qurumlar bu sahəyə köməklik göstərmək istəyirlər. Bu təşkilatlarla yerli kadrların keyfiyyətinin yüksəldilməsi istiqamətində söhbətlər davam etdiriləcək». Heydər Əsədov həmçinin ticarət mərkəzlərində, bazarlarda baytarlıq sənədi olmayan heyvanların, quşların və onların məhsullarının, eləcə də baytarlıq xidmətindən keçməyən, müəyyən edilməmiş yerlərdə heyvanların kəsiminə və satışına yol verildiyini də söyləmişdi: «Xidmət rəhbərliyinə tapşırıq verirəm bu sahədə xüsusi bir nəzarət aparılmalı, mütəmadi reydlər keçirilməli, bütün qanuni vasitələrdən istifadə olunmalıdır ki, tezliklə problemlər aradan qaldırılsın». Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəhbəri baytarlıq sahəsində mövcud olan problemlərin həlli istiqamətində çalışsa da, Şirvan şəhər Baytarlıq İdarəsinin müdiri Yasər Əsgərov qeyri-qanuni işlərlə məşğul olur. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Şirvan şəhəri ərazisində fəaliyyət göstərən fermer təsərrüfatları ilə işə zəif şəkildə aparılır: «İdarənin əməkdaşları yalnız ödənişli xidmət göstərirlər. Rayonda heyvan kəsimi yerlərində gündəlik həkim nəzarəti yox dərəcəsindədir. Səhv etmirəmsə, şəhərin ayrı-ayrı yerlərində 28 ət satışı dükanı var. Bu dükanların yarıdan çoxu baytarlıq tələblərinə cavab vermir. Buna baxmayaraq, idarə müdiri Yasər Əsgərov baytarlıq tələblərini ödəməyən ət dükanlarına nəyinsə müqabilində sertifikat verib. İdarənin həkimləri ət dükanlarında gündəlik «yoxlama» aparırlar. Ət kəsimi məntəqələrinin sahibləri baytar həkimlərlə «salam-sağol» edib işlərini görürlər. Ət dükanlarında anti-sanitariya baş alıb gedir, təmizliyə riayət olunmur və üfunət iyindən baş çatlayır. Müvafiq qanunlara əsasən, kəsilməsi nəzərdə tutulan heyvanlar bir gün qabaqcadan termometriya olunmalıdır. Əks təqdirdə onların kəsilməsi qadağandır. Amma Şirvan Baytarlıq İdarəsinin əməkdaşları heyvanların hərarətini yoxlamadan necə gəldi kəsilməsinə icazə verirlər. Heyvanlar kəsildikdən sonra ətinə orqanoleptik baxış həyata keçirilmir. Gündəlik kəsilən heyvanlardan laboratoriya analizi üçün qan nümunələri götürülmür. Belə analizlər aparılmadıqca insanların da heyvan mənşəli xəstəliklərə yoluxması riski yüksək olur. Yasər Əsgərovun fəaliyyətindəki qanun pozuntuları bununla bitsə dərd yarıdır. Şirvanda fəaliyyət göstərən ictimai iaşə obyektlərində, şadlıq sarayları, kafe və yeməkxanalarda vəziyyət kritik həddə çatıb. Bu obyektlərdə baytar nəzarəti yoxdur. Həmin kafe, şadlıq sarayı və yeməkxanalarda müştərilərə təqdim olunan yeməklərin hazırlandığı ətin mənşəyi dəqiq bilinmir. Baytarlıq İdarəsinin müdiri ət dükanlarının rəhbərləri ilə işbirliyində olduğundan xəstə heyvanların kəsilməsi hallarına yol verilir. Yəni yerli sakinlər hər an təhlükəli xəstəliyə yoluxa bilərlər». Fikrimizcə, Yasər Əsgərovun bu formada hərəkət etməsi, yəni heç kimdən və heç nədən çəkinmədən özbaşına əməllərə imza atması cəzasızlıq mühitinin nəticəsidir. Başqa sözlə, idarə müdiri Heydər Əsədovun baytarlıq sahəsində aparmaq istədiyi islahatların əksinə gedərək sanki ona mane olmağa çalışır. Ümid edirik ki, Dövlət Baytarlaq Xidmətinin rəisi Siyalə Rüstəmova Şirvanda xoşagəlməz işlərə səbəb olan Yasər Əsgərovun barəsində zəruri tədbirlər görüb ona yerini göstərəcək. Gələn saylarımızda Şirvan Sukanal İdarəsinin yanındakı evin kimə tikilməsi, baytarlıq aptekində işləyən xanım və Yasər Əsgərova «krışa»lıq edən dövlət qəzetinin əməkdaşı ilə bağlı böyük yazı dərc edəcəyik. Bizi izləyin.gundelik-baku

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.