BolgeXeber.Com » Bölgə » Qazaxda ünvanını azan yardımlar

Qazaxda ünvanını azan yardımlar

5-07-2014, 15:20
Oxunub: 3 440 Yasin Mürsəlovun ƏSMM-ində korrupsiya halları kütləvi xarakter alıb

Bir müddət əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallardan birində biz qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında həyata keçirilən islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Ən azından bu barədə redaksiyamıza bəzi bölgələrdən daxil olan məlumatlarda xəbərlər yer almağa başlayıb. Bu xüsusda yerlərdən aldığımız məlumatlarda bildirilir ki, nazir Səlim Müslümovun apardığı kadr islahatları nəticəsində əhaliyə ünvanlı sosial yardımların verilməsində indiyə qədər mövcud olan bir çox nöqsanların aradan qalırılacağına ümid yaranıb. Təbii ki, bu proseslər hələlik islahatların yalnız gözləntisində olan digər rayonların sakinlərini də ümidləndirib. Xüsusilə Qazaxdan daxil olan məlumatlarda bu rayonda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Yasin Mürsəlovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Məlum olduğu kimi, son vaxtlar Qazax ƏSMM-nin fəaliyyətində yer almış ciddi qanun pozuntularına dair müxtəlif açıqlamalar KİV-ə ünvanlanan şikayət məktublarında tez-tez öz əksini tapmaqdadır. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Qazax ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Son bir neçə ay ərzində Yasin Mürsəlovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter almışdır. Mənbələr bildirirlər ki, keçmiş mərkəz rəhbərinin qeyri-qanuni olaraq ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girməsi və bu əsasda dövlət vəsaitlərinin mənimsənilməsi halları indi də sürəkli şəkildə Yasin Mürsəlov tərəfindən həyata keçirilir. Mənbələr bildirirlər ki, bundan əvvəl Qazax ƏSMM-də müfəttiş kimi çalışan yeni direktorun əslində bu sahədə yetərincə iş təcrübəsi belə yoxdur. Bununla belə məzunu olduğu “Odlar Yurdu” Universitetinin rektoru, Qazax rayonundan Milli Məclisin deputatı Əhməd Vəliyevlə qohumluq əlaqələri bütün bu çatışmayan cəhətlərin ört-basdır olunmasına kifayət etmişdir. Elə nazir Səlim Müslümovdan Yasin Mürsəlovun təyinatı barədə xahişi də Əhməd Vəliyev özü etmişdir. ƏSMM-nin işlərini isə elə əvvəlki qayda-qanunlara riayət olunmaqla, direktorun müavini Elxan Vəkilov aparır. Buna görə də daxil olan şikayət məktublarında Qazax sakinləri eynilə ƏSMM-nin keçmiş rəhbərliyi dövründəki yaramazlıqlardan şikayətçidirlər. Yasin Mürsəlovun bu vəzifəyə gətirilməsi Mərkəzin fəaliyyətində heç bir müsbət dəyişiklikliyə səbəb olmamışdır. Bu gün də Qazaxda müxtəlif maxinasiyalar hesabına sosial yardımdan yararlanan insanlar əslində buna ehtiyacı olmayanlar olur. Bu sahədə ədalət prinsiplərinin pozulması səbəbindəndir ki, Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq indi də təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir. Yasin Mürsəlovun bu quruma nisbətən az müddət rəhbərlik etməsinə baxmayaraq, Qazax ƏSMM-də baş verənlərə dair müxtəlif instansiyalara, o cümlədən redaksiyamıza daxil olan məlumatlarda bu mərkəzin yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Yasin Mürsəlov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Qaxax ƏSMM-nin yeni direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Bu günlərdə aldığımız yeni məlumatda isə artıq Yasin Mürsəlovun tamamilə fərqli əməllərindən bəhs olunur. Fərqli dedikdə əlbəttə ki, bu ƏSMM rəhbərinin hansısa bir xeyirli, yararlı hərəkətindən söhbət ola bilməz. Sadəcə olaraq, bu dəfə Yasin Mürsəlov ayrılıqda götürülmüş bir neçə vətəndaşın deyil, birdən-birə bütöv bir kəndin sakinlərinin narahatlığına səbəb olmuşdur. Mənbənin təqdim etdiyi məlumata əsasən, bir müddət bundan əvvəl Yasin Mürsəlov özünün idarə etdiyi “Opel” markalı avtomobillə Qazaxın Alpout kəndindən Ülkməzli kəndinə gələrkən qəza törədib. Nişan mərasimindən qayıdan ƏSMM direktoru içkili vəziyyətdə olduğundan, Ülkməzli kəndinin girəcəyində idarəetməni itirərək, avtomobili elektrik dirəyinə çırpıb. Zərbədən dirək yıxılıb və bunun nəticəsində kənd sakinləri bir neçə saat ərzində işıqsız qalıblar. Yeri gəlmişkən məlumatda belə bir məqam da vurğulanır ki, hazırda baş vermiş hadisənin ört-basdır olunması üçün Qazax rayon DYP şöbəsinin rəisi Ramiz Qasımov tərəfindən müvafiq tədbirlər görülür...