BolgeXeber.Com » Bölgə » Elmar Vəliyev universitetlərdən də “xərac” alır

Elmar Vəliyev universitetlərdən də “xərac” alır

7-07-2014, 12:00
Oxunub: 2 722 Şəhərdə abadlıq işlərinin aparılması xərclərinin bir hissəsi ali təhsil ocaqlarının rektorlarının boynuna qoyulub

Gəncədə son dövrlər həyata keçirilən abadlıq və quruculuq işləri üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılsa da, bu, icra başçısı Elmar Vəliyevə kifayət etmir. Bolgexeber.com bildirir ki.Jam.az-a verilən məlumata görə, şəhərin meri bu işlərin reallaşdırılması üçün bütün büdcə təşkilatlarına aylıq haqq təyin edib.
Məlumatda deyilir ki, büdcə təşkilatlarından pulun yığılması prosesini icra başçısının müavinləri həyata keçirirlər. Onlar hər ayın bəlli günlərində idarə və müəssisə rəhbərlərinə zəng vuraraq, İcra Hakimiyyətinə gəlmələrini tələb edirlər.
Başqa məlumatda isə deyilir ki, Elmar Vəliyev təkcə büdcə təşkilatlarından deyil, həmçinin Gəncədə fəaliyyət göstərən sahibkarlardan da pul toplatdırır. Belə ki, sahibkarlar hər ay müəyyən məbləğdə pulu şəhər İcra Hakimiyyətində onlara təhkim edilmiş şəxsə verməlidirlər. İddialara görə, Gəncədə hər ay təkcə sahibkarlardan yığılan məbləğ 1 milyon manata yaxındır.
Amma Vəliyevin «rezerv»ləri də var. Bu sırada Gəncədəki ali təhsil ocaqları əsas ehtiyat «fond» sayılır. Məlumatda deyilir ki, Gəncə Dövlət və Dövlət Aqrar universitetləri də hər ay rektora haqq vermək məcburiyyətindədir. Və bu yığım əsasən şəhərdə abadlıq və quruculuq işlərinin həyata keçirilməsi adı altında reallaşdırılır. Aydın məsələdir ki, rektorlar qızıl küpünün üzərində oturmayıblar. Və onlar bu pulu tələbələrin hesabına toplayırlar. Dolayısı ilə Gəncənin icra başçısı rektorlardan deyil, universitet tələbələrindən “xərac” alır.
Qeyd edək ki, indiyə qədər heç bir icra başçısı Elmar Vəliyevin atdığı addımı ata bilməyib. Yəni, hələ indiyə qədər heç bir icra başçısı rəhbəri olduğu şəhər və ya rayondakı universitet, kolleclərin rəhbərlərindən pul tələb etməyib. Amma Gəncənin rəhbəri adını ilklər sırasına yazdırıb.