BolgeXeber.Com » Bölgə » Bərbad vəziyyətdə olan Göygöl təhsili

Bərbad vəziyyətdə olan Göygöl təhsili

11-07-2014, 10:10
Oxunub: 3 533 Mikayıl Cabbarovun Göygöl "yarası"

Ölkənin təhsil sistemində həyata keçirilən islahatlar dərinləşdikcə, bu sahədə inkişaf və irəliləyişləri görmək cəmiyyətimizin hər bir üzvünün arzusu və özəl haqqıdır. Xüsusən təhsil sahəsində çalışan minlərlə pedaqoq və müəllimlərimiz həm də dövlət islahatlarının nəticəsi olaraq maddi rifahlarının yüksələcəyinə böyük ümidlər bəsləyirlər. Lakin təəssüflər olsun ki, günümüzün reallığı hamımıza tam fərqli bir mənzərəni təqdim edir. Xüsusən respublikanın rayonlarında təhsilin səviyyəsində nəinki gözlənilən irəliləyişlər müşahidə olunmur, əksinə bir çox bölgələrdə bu səviyyə getdikcə daha da aşağı düşür. Bu isə ilk növbədə təhsil sisteminin bəzi strukturlarında hələ də yaşanmaqda olan ciddi kadr problemləri ilə bağlıdır. Xüsusilə respublkanın rayon və bölgələrində fəaliyyət göstərən bir çox təhsil şöbə və idarələrinin işi bu günümüzün tələblərinə qətiyyən cavab vermir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatların bir qismində qeyd olunur ki, Göygöl rayonu Təhsil Şöbəsində hökm sürən özbaşınalıq, rəhbərliyin tətbiq etdiyi avtoritar idarə üsulu və səriştəsizliyi bütün yeniliklərin və inkişafa aparan başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur. Məlumatlarda bildirilir ki, Göygöl RTŞ-nin müdiri Elbrus Atayev tutduğu vəzifəyə yalnız özünün və yaxınlarının maddi rifahlarının yüksəldilməsi üçün təyin olunduğuna tamamilə əmindir. Əslində Göygöl RTŞ-nin fəaliyyətində yer almış nöqsanlardan artıq uzun müddətdir ki, ən müxtəlif instansiyalara şikayət ərizələri ünvanlanmaqdadır. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl əməkdar müəllim Sabir Məmmədov Baş prokurora ünvanlanan şikayət ərizəsində yazmışdı ki, Elbrus Atayev 1 saylı orta məktəbə 35 nəfərdən çox müəllimi rüşvət alaraq işə götürüb. Həmin müəlllimlərə isə 6-8 saat dərs verilib. Bir qədər sonra isə Sabir müəllim bilavasitə ərizə ilə redaksiyamıza müraciət edərək Göygöl RTŞ-nin müdiri Elbrus Atayevin qanunsuz əməllərini ifşa edən bir sıra əlavə faktlar da təqdim etmişdi. Qeyd edək ki, E.Atayev əvvələr məhz həmin məktəbdə direktor vəzifəsində işləyib və elə həmin vaxtlarda artıq onun çeşidli korrupsiya əməllərinə yol verməsi pedaqoji heyətin diqqətindən yayınmayıb.Xəbər verildiyi kimi bir müddət əvvəl Təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb. O cümlədən bu tədbirlər çərçivəsində Göygöl RTŞ-nin müdiri Elbrus Atayevə də töhmət verilib. Bu xəbərə münasibət bildirərək biz vurğulamışdıq ki, əslində Göygöl RTŞ-nin müdirinin törətdiyi qanunsuz əməllərin müqabilində adi bir töhmət heç də layiqli cəza hesab oluna bilməz. Bu məmurun törətdiyi əməllərə görə layiqli cəza alacağını, bir müddət əvvəl Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən E. Atayev barəsində araşdırmalara başlanılarkən gözləmək olardı. Hətta bu xüsusda yayımlanan məlumatlarda təhsil şöbəsi rəhbərinin həbs ediləcəyi ehtimalı da irəli sürülmüşdü. Lakin bütün bunlara rəğmən Elbrus Atayev bu gün də Göygöl təhsilini talamaqda davam edir. Rayon ictimaiyyəti isə Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatların nəhayət ki, bir gün Göygölə də şamil olunacağına ümidlərini hələ ki, itirmir. Buna görə də Göygölün təhsil problemlərinə həssaslıq göstərən rayon ziyalıları Mikayıl Cabbarovdan bu istiqamətdə daha qəti addımların atılacağını səbirsizliklə gözləyirlər...