BolgeXeber.Com » Bölgə » Sənədsiz evlərlə bağlı daha bir vəd

Sənədsiz evlərlə bağlı daha bir vəd

11-07-2014, 12:35
Oxunub: 2 458 Rəsmilər söküləcək evlərə görə qaneedici kompensasiya veriləcəyini deyir
Paytaxt sakinlərini illərlə narahat edən problem - sənədsiz evlərlə bağlı məsələ yenə də gündəmdədir. Bəzi ekspertlər bildirir ki, Bakı sakinlərinin bir qismini narahat edən əsas problemlərdən biri öz həllini tapma ərəfəsindədir. Bakıda 500 minə yaxın sənədsiz ev və tikilinin olduğu bildirilir.

Qeyd edək ki, Bakı və ətraf qəsəbələrdə qeyri-qanuni xeyli tikililər mövcuddur. Bu da bir çox hallarda vətəndaşlarla dövlət qurumları arasında ciddi problemə səbəb olur. Həmin tikililərin dövlət qeydiyyatına alınması isə ciddi əngəllərlə qarşı-qarşıyadır. Problemin həlli üçün üç il əvvəl təşəbbüs qaldırılsa da, məsələ dalana dirənib. İndi isə bildirilir ki, qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı dövlət başçısının sərəncamına nəzər yetirilməyə başlanıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. Bir neçə kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından başlanacağı da bildirilir.
Həmçinin bildirilir ki, söküləcək evlərə normal şəkildə kompensasiya veriləcək. Bu, hətta söküləcək sənədsiz evlərə də aid edilir. Bir neçə gün əvvəl baş nazirin müavini Abid Şərifov da mətbuata açıqlamasında bildirib ki, söküləcək evlərə görə qaneedici kompensasiya ödəniləcək və bu, dövlət başçısının tapşırığı, göstərişidir.

Qeyd edək ki, söküntü işləri ilə əlaqədar həmin evlərin sökülməsi və əvəzində kompensasiyanın verilməməsi problem yaradır. Bakıda “Sovetski”, “Kubinka”, “Basin” kimi məhəllələrdə aparılan söküntü işləri bu səbəbdən narazılıqla qarşılanıb. Plana düşən evlərə görə normal şəkildə, bazar qiymətinə uyğun kompensasiyanın verilməməsi vətəndaşların evsizlik problemi ilə qarşılaşması təhlükəsi yaradıb. Evin qanunsuz tikilməsinə göz yumması müqabilində rüşvət almış səlahiyyət sahibləri isə həmişə məsuliyyətdən kənarda qalıb. Bəzi ərazilər üçün verilən kompensasiyanın məbləği məqbul olsa da, kiçik sahəyə malik evlər üçün sərfəli deyil. Ekspertlər isə bildirirlər ki, qeydiyyat sənədi olmayan evlərin sökülməsi müqabilində onlara kompensasiyaların verilməsi müsbət haldır.

Ekspert Samir Əliyev də “Yeni Müsavat”a açıqlamasında bildirib ki, SSRİ dağıldıqdan sonra regionlardan paytaxta güclü axın olub. Bakı və Bakı ətrafında çoxlu sayda sənədli və sənədsiz evlər tikilib. İndi söküntü işləri ilə əlaqədar həmin evlərin sökülməsi və əvəzində kompensasiyanın verilməməsi ciddi narahatçılıq yaradır: “Evin qanunsuz tikilməsinə göz yumması müqabilində rüşvət almış səlahiyyət sahibləri həmişə məsuliyyətdən kənarda qalır. Zərbə ya evini itirən vətəndaşa, ya da həmin evə görə, kompensasiya ödəyən dövlət büdcəsinə dəyir. Nəyə görə, hansısa məmurun səlahiyyət həddini aşmasının zərərini vətəndaş və onun vergisi hesabına formalaşan dövlət büdcəsi ödəməlidir? Bu gün əsas narazılıq verilən kompensasiyaların məbləği ilə bağlıdır. Bəzi ərazilər üçün verilən kompensasiyanın məbləği məqbul olsa da, kiçik sahəyə malik evlər üçün sərfəli deyil. Evin qeydiyyatsız olması isə vətəndaşın kompensasiya tələb etmək hüququnu daha da məhdudlaşdırır. Belə vəziyyətdə vətəndaşın qiymət diqtəsi etmək imkanı da olmur. Bu vəziyyətdə ona təklif edilən kompensasiya məbləği ilə razılaşmalıdır, əks halda, ümumiyyətlə, kompensasiya ala bilməyəcək. Yaxşı olardı ki, həm Bakıda, həm də ölkənin digər ərazilərində tikilmiş qanunsuz evlər təcili sənədləşdirilməlidir. Evin sənədsiz olması vətəndaşa təkcə kompensasiya üçün lazım deyil. Həmçinin evin girov qismində qoyulması evə qeydiyyat hüququnu itirir. Hazırda bələdiyyələrin əmlak vergisi yığa bilməməsinin əsas səbəbi də evlərin qeydiyyatsız olmasıdır. Qanunsuz evlərin sökülməsinə görə kompensasiya verilməsi yaxşı haldır, ancaq daha vacibi ədalət prinsipinin qorunmasıdır. Çünki qanunsuz evlərə görə verilən kompensasiya məbləği bir sıra hallarda bazar dəyərindən çox aşağı olur. Bu da haqlı narazılıq yaradır. Ona görə də kompensasiya verildikdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Hökumət yeni qanunsuz tikililərə imkan verməməlidir”.

Yayılan son məlumatlara görə isə ya sənədsiz evlərdə yaşayanlar, ya da onların məskunlaşdığı ərazilərdəki kommunikasiya xətləri köçürüləcək. Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı yaxın bir-iki ay ərzində müvafiq addımların atılacağını vəd edib. Onun sözlərinə görə, bir neçə ay ərzində istər Bakıda, istərsə də respublikanın ayrı-ayrı bölgələrində evlərin və digər qanunsuz obyektlərin tikintisinə qarşı daha ciddi tədbirlər görmək gündəmdədir: “Elə yerlər var ki, vətəndaş oranın sürüşmə zonası olub-olmadığını bilmir. Lakin ona orada torpaq verilir və adamlar başlayır həmin yerdə nəsə tikməyə. Bir müddət sonra isə orada hansısa səbəbdən sürüşmə baş verir və nəticədə həmin adamın xərci də batır. Bununla da biz vətəndaşlarımıza bilərəkdən və yaxud bilməyərəkdən problemlər yaradırıq. Kürün və digər çayların hövzəsində, selə qarşı tədbirlər görülən yerlərdə, kommunikasiyaların üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz borularının üzərində evlərin tikilməsi üçün rəsmi və qeyri-rəsmi icazələrin verilməsi hallarına rast gəlmək olar. Yəqin ki, yaxın aylarda bu insanların təhlükəsizliyinin qorunması məqsədilə tədbirlərin görülməsi məsələsinə baxılacaq”.

Qeyd edək ki, 2011-ci ilin martında dövlət başçısı İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinə göstərişindən sonra sənədsiz evlərin sənədləşdirilməsi sanki bir neçə ayın məsələsi sayılırdı. İ.Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verəndən bir il sonra ayrıca bir sərəncam imzalamışdı. 2012-ci ilin iyununda verilən həmin sərəncama görə, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, neft və qaz yataqlarının olduğu torpaq sahələrindəki ev və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılmalı idi. Komissiya da həmin sahələrdə inşa edilmiş yaşayış evlərinə və digər tikililərə aid məsələləri araşdırıb təkliflərini üç ay müddətində prezidentə təqdim etməli idi. Ancaq ortalıqda hələ ki hər hansı siyahı yoxdur.
musavat.com