BolgeXeber.Com » Bölgə » Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında açınacaqlı vəziyyət

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında açınacaqlı vəziyyət

16-07-2014, 16:45
Oxunub: 2 460 Həkim səhlənkarlığının sonu ölümdür



Ümumdünya Səhiyyə Təşkilatı hər il hesabatlarında qeysəriyyə əməliyyatlarının çoxaldığını, bunu ananın və dölün həyatı üçün risk olduğunu açıqlasa da, nəticələr tamamilə əksini göstərir. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn, əməliyyat zamanı qədərindən artıq narkoz qəbul etmiş nevroz və bronxial astmalı uşaqların, qarın boşluğunda və uşaqlığında tikiş daşıyan yarımcan anaların sayı durmadan artmaqdadır. Artıq süni mayalanma, surroqat ana, dölün cinsinin valideynlərin istəyinə uyğun seçilməsi uşağın dünyaya gəlməsi prosesi "qismət” məsələsindən çoxdan çıxıb desək, yanılmarıq.

Sanki normal doğuş həm qadınların, həm də doğum evlərinin gözündən düşüb. On il əvvəl nadir hallarda, məcburiyyətdən həyata keçirilən qeysəriyyə əməliyyatı, artıq doğum evlərinin əsas iş prinsiplərinə çevrilib. Məsələnin acınacaqlı tərəfi odur ki, qeysəriyyə əməliyyatını təkcə insan taleyini biznes predmetinə çevirmiş özəl klinikalar həyata keçirmir. Statistika göstərir ki, dövlət hesabında olan doğum evləri də, qeysəriyyə əməliyyatlarına həddən artıq "meyllidir”. Bütün dünya hər şeyin təbii yolunu seçdiyi halda bizdə hər şey əksinə gedir. Yəni normal doğuş mümkünlüyü varkən, yeni nəsil narkoz kimi ağır maddə ilə "qidalanıb” dünyaya gəlir. Təəssüflər olsun ki, gələcək nəslin zəhərlənmiş dünyaya gəlməsində isə analar və həkimlər birgə "fəaliyyət” göstərir. Daha bir acınacaqlı hal isə anaların hələ dünyaya gəlməyən övladlarına qıymasıdır. Qeysəriyyə əməliyyatlarının bu qədər artdığı bir zamanda abort edənlərin sayı da hədsiz dərəcədə çoxalıb. Araşdırmalar göstərir ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Həmçinin dünyada hər il 55 milyon körpə dünyaya gəlməmiş ana bətnində qətlə yetirilir. Azərbaycanda isə abortların sayının ildən-ilə artdığını Dövlət Statistika Komitəsinin rəqəmlərindən görmək mümkündür. Belə ki, 2005-ci ilin statistikasına əsasən, ölkəmizdə 19 min 586 abort faktı qeydə alındığı halda, 2010-cu ildə isə bu rəqəm 26 min 800 olub. Əslində, bu rəqəmlərin daha çox olduğu, abortların əksəriyyətinin qeyri-qanuni yolla həyata keçirildiyi və qeydiyyata alınmadığı deyilir. Bu baxımdan statistik rəqəmlər də nisbi xarakter daşıyır. Abort-vəhşicəsinə, qəsdən canlı bir insanın qətli, öldürülməsidir. Bəli, məhz qəsdən öldürülmə və məhz Allah tərəfindən yaradılmış olan insanın öldürülməsidir. Bu əməl insanın özünün yarada bilməyəcəyi bir varlığın canını almaq deməkdir. Qeyd edək ki, abortdan sonra yaranan fəasadlar da az deyil. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə hər il dünyada 70 mindən artıq qadın məhz abort ücbatından həyatını itirir. Bunun bir səbəbi abortun peşəkarlar tərəfindən həyata keçirilməməsidirsə, ikinci bir səbəbi isə qadınların riskli hesab edilən abortlara meyllənməsidir. Riskli abortlar adətən 12 həftəlik və daha böyük hamiləliyin süni şəkildə pozulmasıdır ki, bu, qadın üçün hər an təhlükə deməkdir. Amma təcrübə göstərir ki, nə abortu həyata keçirən həkimlər bunun fərqindədir, nə də ki, qadınlar öz sağlamlıqlarının. Dəfələrlə olub ki, abort etdirdikdən sonra qadınlar ya müxtəlif xəstəliklərə yoluxublar, ya da dünyalarını dəyişiblər. Belə ki, bu günlərdə Hcıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib.

Mərhumun həyat yoldaşı Elşən Əzizovun verdiyi məlumata görə, hadisə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, iyulun 2-də Hacıqabul rayon Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, üç uşaq anası Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşdiyindən, yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın dünən səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb. Göründüyü kimi, burada açıq-aşkar həkim səhlənkarlığından üç uşaq anası dünyasını dəyişib. Görünən odur ki, Beydulla Qarayev rəhbərlik etdiyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanasındakı həkim kollektivi onlara həvalə edilən işin öhdəsindən lazımınca gələ bilmirlər. Vəzifə borclarını layiqincə yerinə yetirməkdənsə, səhlənkarlıq edərək, vətəndaşın dünyasını dəyişməsinə səbəb olurlar.
gundelik-baku