BolgeXeber.Com » Bölgə » Nəsiminin icra başçısı milyonları hara xərcləyib?

Nəsiminin icra başçısı milyonları hara xərcləyib?

17-07-2014, 12:40
Oxunub: 2 466 Nəsiminin rəhbəri iş adamlarının fəaliyyətinə kənar müdaxilələr edir



Prezident İlham Əliyev dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin işinə müdaxilə etməməyi tapşırıb və onlara ciddi şəkildə xəbərdarlıq edib. Ölkə rəhbərinin bu yöndə bildirdiyi iradlar haqlıdır və yerindədir. Çünki yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri sahibkarları başqa-başqa işlərə cəlb etməklə onların büdcəsinə ziyan vururlar.

Beləcə, sahibkarlığın inkişafı əngəllənir. Dövlət büdcəsindən istər paytaxt, istərsə də kənd rayonlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müntəzəm olaraq vəsaitlər ayrılır. Lakin bəzi məmurlar həmin vəsaitləri öz büdcələrinə keçirdiklərinə görə nəzərdə tutulan təmir-tikinti layihələrini yerli sahibkarlara gördürürlər. Ki, bu da son nəticədə müxtəlif narazılıqların meydana çıxmasına səbəb olur. Əslində, sahibkarların etirazı başadüşüləndir. Belə ki, onlar məcburi qaydada fəaliyyət dairələrindən kənar işlərə cəlb edilirlər. Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən irili-xırdalı bütün kommersiya obyektlərinin sahibləri İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin əlindən dad deyirlər. İcra başçısının sahibkarları hansı formada incitməsini qeyd etməmişdən öncə bildirək ki, Məhəməliyev Nəsib Məhəmməd oğlu 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini "hüquqşünaslıq” ixtisası üzrə bitirib. 2006-cı ilin mart ayından bu günədək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. Etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, icra başçısı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə əməlli-başlı müsibət yaşadır: «Ölkəmizdə sahibkarlığın inkişafı üçün hər cür şərait var. Prezidentin göstərişi ilə banklar və Sahibkarlığa Kömək Milli Fondu biznes fəaliyyəti ilə məşğul olan insanlara güzəştli kreditlər ayırır və digər tədbirləri həyata keçirirlər. Biz bütün bunları təqdir edirik. Dövlət səviyyəsində sahibkarlığın inkişaf etdirilməsinə xüsusi qayğı göstərilir. Amma Nəsiminin icra başçısı Nəsib müəllim sahibkarların sərbəst fəaliyyət göstərməsinə imkan vermir. İcra başçısının adamları hər ay gəlib bütün dükanlardan müxtəlif bəhanələr adı altında «şirinlik» yığıb gedirlər. Nə qədər etiraz etmək olar? Guya etiraza məhəl qoyan var? Nəsimi rayonunun abadlaşmasından ötrü dövlət büdcəsindən vəsait ayrılır. İcra hakimiyyətinin rəsmiləri gəlib deyirlər ki, filan qədər verin rayonda təmir-bərpa işləri aparılacaq. Bəs dövlət büdcəsindən ayrılan pullar hara, yaxud kimin cibinə gedir? Birdəfəlik bizə desinlər ki, təmir-tikinti işlərini sahibkarlar həyata keçirməlidir işimizi bilək. Nəsib Məhəməliyev büdcənin vəsaitlərini sağa-sola xərcləməklə məşğuldur. Onun rayona rəhbərlik etdiyi 8 il ərzində prezident Nəsimi Rayon İcra Hakimiyyətinə külli miqdarda vəsaitin ayrılması barədə sərəncam imzalayıb. İcra başçısı milyonları hara xərcləyib? Niyə sahibkarların sərbəst fəaliyyətinə imkan vermir? Dünyanın hansı ölkəsində belə təcrübə var?» Verilən bilgiyə görə, icra başçısı rəsmi dövlət bayramları ilə əlaqədar keçirilən tədbirlər zamanı da sahibkarları incidir: «Məsələn, hansısa körpələr evində xeyriyyə tədbiri keçirilməlidir. Nəsimi Rayon İcra Hakimiyyətinin aidiyyəti yetkililəri tədbirin bütün maliyyə xərclərini sahibkarların üzərinə yıxır. Rayon rəhbəri sahibkarların hesabına görülən işləri öz adına çıxır. Nəsimidə aparılan təmir-tikinti işlərinin əksəriyyətinin xərcini iş adamları çəkir. Başçı sahibkarları incitmək üçün bütün yollara əl atır. Nəsimi rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər Nəsib Məhəməliyevin yaratdığı əlavə problemlərin əlindən beziblər. İcra başçısı vəzifədən çıxarılmayana qədər sahibkarların durumu yaxşılaşmayacaq. Artıq 8-ci ildir ki, bu adam eyni prinsiplə işləyir. Onun üçün rayonun və sahibkarlığın inkişafı yox, şəxsi büdcəsinin şişməsi daha önəmlidir». Növbəti saylarımızda Nəsib Məhəməliyevin biznes şəbəkəsi və Dağıstandakı əlaqələri barədə məlumat verməyə çalışacağıq.

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yarada bilərik.