BolgeXeber.Com » Bölgə » SHXÇDX-nin Şirvan şöbəsinin rəisi ilə bağlı ilginc faktlar ortaya çıxıb

SHXÇDX-nin Şirvan şöbəsinin rəisi ilə bağlı ilginc faktlar ortaya çıxıb

19-07-2014, 14:35
Oxunub: 3 058 General 10-MO-570 dövlət nömrə nişanlı qara rəngli «Lexus»u hansı pulla alıb?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür. SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. Məhz bunun nəticəsidir ki, böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər yaşanır. Qısacası yeni yaradılan qurum özünü doğrulda bilmədi.
Əmək fəaliyyəti dövründə bir dəqiqə belə olsa, bu sistemdə çalışmayan Arzu Rəhimov qanunsuz işlərə əl atmaqla cəmiyyətin SHXÇDX-yə olan inamını sarsıtdı. Yarandığı gündən adı müxtəlif qalmaqallara qarışan dövlət xidməti bu gün öz profilindən tamamilə uzaqlaşıb. Xidmətin yerlərdəki şöbə və idarələrində rəhbər vəzifələrdə çalışan şəxslər hərbi çağırış sistemini bərbad vəziyyətə salıblar. Əksər şöbə rəisləri çağırışçı gənclərə qazanc mənbəyi kimi baxırlar. Bu haqda dəfələrlə məlumat vermişik, amma Arzu Rəhimov və aidiyyəti orqanların rəhbərləri hələ də susurlar. Əldə etdiyimiz məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində də acınacaqlı vəziyyət hökm sürür. Rayondakı mənbələrdən aldığımız informasiyalara görə, Arzu Rəhimova yaxınlığı ilə seçilən şöbə rəisi, polkovnik-leytenant Həsənov Sacəddin Əşir oğlu qeyri-qanuni əməllərə imza ataraq əhalinin narazılığını qazanıb: «Şirvan Hərbi Komissarlığının fəaliyyət göstərdiyi illərdə yerli əhali bu qurumun işindən razı idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlayandan sonra vəziyyət dəyişdi. Hər çağırış dövrü xidmətin Şirvan şəhər şöbəsində sanki bazar açılır. Şöbə rəisi Sacəddin müəllim üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən böyük problem çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Sacəddin Həsənovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin qiyməti çox bahadır. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Sacəddin Həsənov nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub imza çəkir. Sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Xəstə çağırışçıların valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Arzu Rəhimovun kadrı öz bildiyini edir». Mənbənin sözlərinə görə, həkimlər və şöbənin rəhbər heyəti çağırışçının xəstə olduğunu bilə-bilə onları ordu sıralarına cəlb edirlər: Fakt bu adam xəstədir, amma Sacəddin Həsənov və işçiləri onlardan nəysə umurlar. Belə özbaşınalıq heç yerdə görülməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şöbəsinin əməkdaşları özlərinə məxsus prinsiplərlə işləyirlər. Şöbənin bəzi işçilərinin altında bahalı maşınlar var. Onlar vəzifə maaşı ilə dodaq uçuqladan qiymətə olan avtomobilləri necə sürürlər? Sacəddin Həsənov həyata keçirdiyi qeyri-qanuni işlərin sayəsində Şirvanın ən imkanlı şəxslərindən birinə çevrilməyi bacarıb. Maliyyə durumu çox yüksək səviyyədədir. Gözdən pərdə asmaq üçün «Lada Priora» sürür. Amma həyətində bir neçə bahalı maşınlar dayanır. Məndə olan məlumata görə, onun paytaxtda mənzilləri və ticarət obyektləri var. Lazım gəlsə həmin mənzillərin və obyektlərin dəqiq yerini sizə deyə bilərəm. Şirvan şəhər Səfərbərlik və Hərbi xidmətə Çağırış Şöbəsində mövcud olan problemlərdən biri də hərbi xidmətdən qayıdan gənclərlə bağlıdır.
Belə ki, hərbi xidməti başa vuran şəxslər mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti hərbi çağırış şöbələrində qeydiyyata düşməlidir. Xidmətin Şirvan şöbəsində ehtiyata buraxılmış gənclərin qeydiyyata düşməsi problemli məsələdir. Əslində, 10-15 gün ərzində həmin şəxsləri qeydiyyata alıb hərbi biletlərini özlərinə qaytarmalıdırlar. Şöbənin məsul şəxsləri isə bu prosesi 1, hətta 2 aya kimi uzadır. Hərbi xidməti başa vurmuş insanlar süründürməçiliklə üzləşirlər və bunun dərdindən müəyyən miqdarda «şirinlik» verib hərbi biletlərini tez götürürlər. Sacəddin Həsənov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. İyulun 1-dən şirvanlı gənclərin hərbi xidmətə çağırışına start verilib. Eşitdiyimə görə, şöbə rəisinin vasitəsilə artıq bir neçə sağlam gənc «niqodnıy» hərbi biletlə təmin ediliblər. Təəssüf ki, əlaqədar hüquq-mühafizə orqanları şöbədə üzə çıxan qanunsuzluqların izinə düşüb araşdırma aparmırlar. Hərbi Prokurorluğun və xidmətin məsul şəxsləri şöbədə hökm sürən qanunsuzluqlarla bağlı ölçü götürmürlər. Arzu Rəhimov Şirvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsində nələrin olub-bitdiyini çox yaxşı bilir. Sadəcə, özünü görməzliyə vurur ki, bu da Sacəddin Həsənovun onun «tələbləri»ni lazım olan səviyyədə ödəməsi ilə bağlıdır». Mənbə həmçinin Sacəddin Həsənovun vəzifəsini necə qoruması barədə də danışdı: «Hərbi komissarlıqlar ləğv olunanda polkovnik-leytenant təşvişə düşdü. Bütün hərbi komissarlar kimi, o da sərəncama götürülmüşdü. Amma necə oldusa, Arzu Rəhimova «xod» tapdı və xidmət rəisini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək postunda qaldı. Bundan başqa hər çağırış dövrünün sonunda Bakıya gəlib lazımi tapşırıqları yerinə yetirir. Bu səbəbdən də ona «gözün üstə qaşın var» deyən yoxdur». Bu da sizin üçün növbəti fakt Arzu Rəhimov. Bizə inanmırsınızsa, kabinetinizdən çıxıb heç kimin xəbəri olmadan xidmətin Şirvan şöbəsinə gedin və yaşanan özbaşınalıqları öz gözlərinizlə görün. Arzu müəllim, diqqətinizə bəzi məqamları çatdırmaq istəyirik. Bu günlərdə jurnalistlərə açıqlama verən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirdi ki, məmurlarla bağlı mətbuatda gedən məlumatlar araşdırılır: «Dövlət məmurları və onların ailə üzvləri ilə bağlı mətbuatda gedən məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır, araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Kütləvi informasiya vasitələrində bəzi vəzifəli şəxslər və onların ailə üzvləri ilə bağlı məlumatlarda hüquqi tərəflərlə yanaşı, etik məsələlər də var. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Dövlət qulluqçularının etik davranış kodeksi var. Hər bir dövlət qulluqçusu, vəzifəli şəxs özünə, öz ailəsinə qarşı bu məsələlərdə həssas və diqqətli olmalıdır». Hörmətli general yəni bu o deməkdir ki, «Gündəlik Bakı»da sizin və kadrlarınızın haqqında dərc olunan tənqidi materiallar araşdırılacaq və müvafiq tədbirlər həyata keçiriləcək. Biz sizin haqqınızda yalnız həqiqətləri yazırıq. Misal olaraq oğlunuz, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Murad Rəhimovla bağlı yazdığımız faktları göstərə bilərik. Səhv yazmışıqsa deyin ki, səhvdir, cənab general. Murad Rəhimov gənc yaşına baxmayaraq, dəyəri yüz min dollarla ölçülən maşınlar sürür, elit məkanlarda istirahət edir və sair. Maraqlıdır, siz 1200 manata yaxın olan aylıq əməkhaqqınızla Murad Rəhimova bu imkanları necə yaratmısınız? Arzu müəllim şəxsən bizim üçün bu məsələ çox maraqlıdır. Hesab edirik ki, yüz minlərlə oxucu kütləsi də tələbə oğlunuzun hansı pullarla krallara layiq həyat yaşamasını bilmək istəyir. Gələn saylarımızda Arzu Rəhimovun 10-MO-570 dövlət nömrə nişanlı qara rəngli «Lexus»u və xidmətin Sabirabad rayon şöbəsində düşdükləri hərbi hissələri məlum olduğu halda bəzi çağırışçıların necə «niqodnıy» hərbi bilet almaları barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.
Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.
P.S. Şöbə rəislərinə şok məlumat: özünüzdə nə varsa saxlayın, yoxsa sentyabra qədər peşman ola bilərsiniz