BolgeXeber.Com » Bölgə » 2 saylı doğum evində nələr yaşanır?

2 saylı doğum evində nələr yaşanır?

22-07-2014, 11:45
Oxunub: 3 046 Bu səhiyyə ocağına üz tutan sevinir və bir də oradan baş götürüb qaçan
Yəqin ki, bir çoxlarına doğum evlərindəki vəziyyət məlumdur. Çünki hər bir ailədə körpənin dünyaya gəlməsi sevinci yaşanır ki, bu da ilk olaraq doğum evindən başlanır. Doğum evlərində isə vəziyyət həm bir-birindən fərqli, həm də qəlizdir. Hər bir doğum evinin özünəxas "qayda-qanun”u var. Amma təəssüf ki, bu qayda-qanunlar heç də vətəndaşları düşünərək nəzərə alınmayıb. Çünki bəzi baş həkimlər bu qanunları sadəcə öz şəxsi mənafeyləri üçün istifadə edirlər.

Bu kimi durumlarda adı tez-tez hallanan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 24 ünvanda yerləşən 2 saylı doğum evidir. Belə ki, bu doğum evi barədə heç də xoş olmayan söhbətlər gəzir ki, Bu da öz növbəsində həmin səhiyyə ocağı barədə mənfi təəssürat oyadır. Məlumat üçün qeyd edək ki, xəstəxananın baş həkimi Mehriban Abasquliyevadır. Yolu sözügedən xəstəxanadan keçən analar və onların yaxınları bildirirlər ki, bu xəstəxananı seçməklə çox böyük səhv etmişik və bir də bu səhvi təkrarlamarıq. Səbəb isə xəstəxanadakı özbaşınalığın baş alıb getməsi ilə bağlıdır. Deyilənə görə, doğum evində "şirinlik” adı altında adamı elə soyurlar ki, övlad sahibi olmağın sevincini də yaşaya bilmirsən. Xəstəxananın içində divara prezidentin "Xəstəxana pulsuz xidmət göstərməlidir” sözləri iri hərflərlə yazılıb asılsa da, elə həmin şüarın vurulduğu divarın arxasındakı otaqda ultrasəs müayinəsinə görə hər xəstədən 15-20 manat alınır. Bundan əlavə, hər həkim öz tabeliyində olan sanitara pasiyentləri məhz onun yanına gətirmək tapşırığı verir. Bunun üçün sanitarlar xəstəxananın həyətində dayanıb müştəri gözləyir və bir növ pusqu qururlar. Yaxınlaşan pasiyentlərə və onların yaxınlarına isə məhz öz həkimlərinin daha yaxşı olduğunu deməklə, onu reklam edirlər.

Doğum evində çalışan tibb bacıları və sanitarlar xəstələrdən bütün gün ərzində hər şeyə görə pul istəyir, qohum-yaxınlar tərəfindən gətirilən nə sovqat varsa, xəstəyə yalnız "şirinlik”, "hörmət” müqabilində çatdırılır. Xəstələrin termosu belə, nəyinsə müqabilində doldurulur. Deyilənə görə, xəstəxanaya müraciət edən zaman həkim ilk olaraq, onun xəstələri üçün hər cür şərait yaradıldığını vurğulayır. Əldə edilən məlumata görə, özəlləşdirilmiş palatalar boş qalsa belə, onlara digər həkimlərin xəstələrini yerləşdirmək olmaz. Belə ki, dövlət xəstəxanasında mənimsənilmiş otaqlar sanki həmin həkimin xüsusi mülkiyyətidir. Burada həmçinin mənimsənilmiş palatalardan savayı, "yaxşı” və "pis” palatalar da var. Belə ki, "yaxşı palatalarda” qalmağın qiyməti 6 gün üçün 50-150 manatdır. "Pis” palatalarda qalmaq isə ümumi "haqq”a daxildir. Deyilənə görə, "yaxşı” palatalar istilik sistemi, kondisioner, yaxşı yorğan-döşək, soyuducu, səliqəli tualet və sairə özəllikləri ilə fərqlənir. Uşaq dünyaya gəldikdən sonra isə körpənin yaxınları doğum evinə bez alıb verməlidirlər. Və yaxud bir az hörmət etmək kifayətdir ki, körpəyə yaxşı qayğı göstərilsin, həmçinin vaxtı-vaxtında bezi dəyişdirilsin. Göründüyü kimi, həqiqətən də, baş həkimlərin özlərinin "qayda-qanunu” var. Bu səbəbdən də, əziz gənc analarımız doğum evi seçərkən daha diqqətli olmaq məsləhətə uyğundur. Çünki sonrakı peşmançılıq fayda etməz. Qarşı tərəfin münasibət bildirmək hüququnu tanıyırıq.gundelik-baku.