BolgeXeber.Com » Bölgə » Zərdabda ali məktəblərə daxil olanların sayının azalmasının səbəbkarı kimdir?

Zərdabda ali məktəblərə daxil olanların sayının azalmasının səbəbkarı kimdir?

24-07-2014, 14:25
Oxunub: 2 673 Zərdab təhsili acınacaqlı durumdadır

Son günlər ali məktəblərə keçirilən imtahanlar üzrə ən pis nəticələrdən biri də Zərdab rayonudur. Bununla bağlı əldə etdiyimiz xəbərlərdə qeyd olunur ki, Zərdab Rayon Təhsil Şöbəsinin işinin qeyri-qənaətbəxş olması bu rayondan ali məktəblərə daxil olanların sayının azalmasına səbəb olub. Məsələ burasındadır ki, təhsil şöbəsinin rəhbəri Baba Babayev ətraf kəndlərin məktəblərinin acınacaqlı durumda olmasından öz mənfəəti üçün istifadə edir. Rayon üzrə məktəblərdən yalnız 19-u normal şəkildə fəaliyyət göstərir. Zərdab rayon təhsili günü-gündən acınacaqlı vəziyyətə düşür.

Bununla bağlı qəzetimizi bilgiləndirən şəxsin sözlərinə görə, təhsil şöbəsinin müdiri Baba Babayev rayon təhsilini ölkə qanunları ilə deyil, sırf özünün müəyyənləşdirdiyi qaydalarla idarə edir: «Rayon təhsil şöbəsinin müdiri Baba Babayev özünü elə aparır ki, sanki Zərdabın tam hüquqlu sahibidir». Məlumatlı şəxsin bildirdiyinə görə, onun yol verdiyi nöqsanlar, rayonun təhsil sistemi üçün yaratdığı əlavə problemlər, əyrintilər kifayət qədərdir:

«Bu əməllərdən yalnız bir qismini nəzərinizə çatdırmaqla, Zərdab təhsilinin hansı vəziyyətdə olmasını və onun kimə həvalə edildiyini özünüz təsəvvür edəcəksiniz. Beləliklə, təhsil şöbəsinin müdiri rayonda fəaliyyət göstərən orta məktəblərə direktor təyin edərkən qarşı tərəfin müəyyən «şərt»lərə əməl etməsini tələb edir. Əks halda, təcrübəsindən, peşəkarlığından asılı olmayaraq, heç kəs arzu etdiyi vəzifəni tuta bilməz. Odur ki, təhsil sahəsində çalışan şəxslər Baba Babayevin «tələb»lərinə razılıq vermək məcburiyyətində qalırlar». Hazırda Zərdab rayon təhsilində ciddi qüsurların olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, əksər kənd məktəbləri baxımsızlıqdan boş qalıb: «Bu kimi hallar onu deməyə əsas verir ki, Zərdab Rayon Təhsil Şöbəsində işlər qaydasında getmir. Hazırda rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai məktəb, 19 uşaq bağçası fəaliyyət göstərir. Məktəblərdə ümumilikdə 1000-dən artıq müəllim çalışır və 9 minə yaxın şagird təhsil alır. Rəsmi məlumatlarda və müvafiq sənədlərdə Zərdab rayonu üzrə məktəblərin sayı 43 göstərilsə də, əslində onlardan yalnız 20-i normal şəkildə fəaliyyət göstərir. Belə ki, rayon mərkəzindən bir xeyli aralıda yerləşən kəndlərdə məktəblər yarımişlək vəziyyətdədir. Lakin nədənsə bu, rayon təhsil şöbəsinin müdirini qətiyyət narahat etmir. Əksinə, o, ətraf kəndlərin məktəblərinin acınacaqlı durumda olmasından da öz mənfəəti üçün istifadə edir».

Bu arada, Zərdab Rayon Təhsil Şöbəsilə bağlı kifayət qədər məlumata sahib olan mənbənin verdiyi bilgilərdə qeyd olunur ki, Hesablama Palatası bu yaxınlarda Baba Babayevin fəaliyyətilə əlaqədar genişmiqyaslı yoxlamalara başlamaq niyyətindədir: «Hesablama Palatası Zərdab Rayon Təhsil Şöbəsinin fəaliyyətilə bağlı ciddi araşdırmalara başlayacaq. Belə ki, Hesablama Palatası son illər ərzində dövlət büdcəsindən Zərdab rayon təhsilinə ayrılmış vəsaitlərin hara və necə xərclənməsi istiqamətində köklü yoxlamalar aparacaq». Məhz həmin yoxlamalar zamanı Zərdab Rayon Təhsil Şöbəsində kütləvi maliyyə pozuntularının aşkarlanacağına əmin olduğunu deyən məlumatlı şəxs iddia edir ki, dövlət büdcəsindən Zərdab Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin xərclənməsində ciddi nöqsanlar mövcuddur: «Belə ki, təhsil xərclərinin proqnoz layihələri əməkhaqqı və əməkhaqqına üstəlik xərc maddələri üzrə müvafiq iqtisadi əsaslandırma aparılmayıb.

Eyni zamanda, xərc smetaları üzrə nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməyib, bir sıra xərc maddələri üzrə icra faizi aşağı olub, təyinatdan kənar vəsait xərc edilib. Həmçinin Zərdab Rayon Təhsil Şöbəsi üzrə malların satın alınması zamanı satınalma metodu tərtib edilmədən vəsait sərf olunub, satınalmada nəzərdə tutulmayan malların alışına vəsait ayrılıb, tender aparılmadan vəsait xərclənib». Sadaladıqlarımız bir daha onu təsdiqləyir ki, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev üzərinə düşən vəzifənin öhdəsindən lazımi səviyyədə gəlmir. Belə çıxır ki, sözügedən yoxlamanın nəticəsində bu faktlar bir daha təsdiqini tapacaq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelik-baku