BolgeXeber.Com » Bölgə » Qax rayonunda fındıq üsyanı – əhali cavab tələb edir

Qax rayonunda fındıq üsyanı – əhali cavab tələb edir

30-07-2014, 18:45
Oxunub: 2 945 Əhali hökumətdən cavab gözləyir...

Elektron poçtuna Qax rayonunun Baydarlı kəndindən bir fermerin təəssüf doğuran məktubu daxil olub.

Onu oxucuların və millətə zülm etməkdən qorxmayan kəmfürsətlərin, eləcə də bu məsələyə müdaxilə etmək səlahiyyəti olan müvafiq qurum rəhbərlərinin diqqətinə çatdırırıq:

“Mart-aprel aylarında kəndlinin cibində bir qara qəpik olmayan vaxtlarımızda təsərrüfatlarımızda olan fındıq ağaclarına qulluq üçün gübrə almışıq. Daha doğrusu, əlimizdə nəğd pul olmadığından gübrəni fındıq məhsulu ilə barter etmişik. Yəni bir kisə gübrəyə 15 kiloqram fındıq vermək şərtilə. Onda 12-13 manatlıq gübrə bizə 30-40 manata başa gəlir. Ancaq bizə çatan məlumatlara görə hüquqlarımızı bilməməyimizdən istifadə edərək bizi aldadırlar və gübrələr əhaliyə hökumət tərəfindən güzəştli şərtlərlə, ən azı yarı qiymətinə verilir. Amma işbazlar savadsızlığımızdan istifdə edərək gübrəni bizə 3-4 dəfə baha qiymətə sırıyırlar. Bizim Bakıya gəlib bunu öyrənməyə nə imkanımız, nə gücümüz var. Sizdən xahiş edirik ki, bizə yardım edəsiniz və bu təkcə Baydarlı kəndinə, Qax rayonun fermerlərinə deyil, fındıqla ailəsini dolandıran bütün bölgə camaatına bir Ramazan hədiyyəniz, savab əməliniz olar. Biləsiniz ki, təkcə bizdə deyil, bütün qonşu rayonlarda da oxşar acınacaqlı vəziyyət hökm sürür və əhali od qiymətinə gübrə satıb fındığımızı su qiymətinə alanların əlindən zəncir çeynəyir...”