BolgeXeber.Com » Bölgə » Ağcabədidə baş həkim həkimlərdən aylıq alır- İDDİA

Ağcabədidə baş həkim həkimlərdən aylıq alır- İDDİA

31-07-2014, 11:10
Oxunub: 3 009 Novruz Abbasov xəstəxananı hansı qaydalarla idarə edir?

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında vəziyyət kritik həddə çatıb. Belə ki, xəstəxanadan nə həkimlər, nə də pasiyentlər razıdır. Sözügedən tibb ocağına rəhbərlik edən Novruz Abbasovun qanundan kənar hərəkətləri rayon mərkəzi xəstəxanasındakı durumu iflic halına salıb. Adıçəkilən tibb müəssisəsində tibbi xidmətin keyfiyyətindən söz belə gedə bilməz. Novruz Abbasovun adıçəkilən tibb ocağında qanunsuz hərəkətlərə başı elə qarışıb ki, tibbin keyfiyyətindən xəbəri belə yoxdur.

Son zamanlar həmin xəstəxana ana və uşaq ölümləri ilə yadda qalıb. Bizə verilən məlumata görə, baş həkim xəstəxanaya işçini nəyinsə müqabilində götürür. Xəstəxanadakı boş yerlərə elə qiymət tətbiq edib ki, həkimlərin həmin miqdarı ödəyərək işlə təmin olunmasına belə imkanı çatmır. Bununla Novruz Abbasov özünə yaxşı qazanc yeri tapıb. Çünki boşalan yerlər satışa çıxarılıb və baş həkim bu alverdən heç də az qazanmır.

Redaksiyamıza daxil olan məlumata görə, baş həkim bir çox kənd sahə xəstəxanalarına öz yaxın adamlarını tibb məntəqəsinə rəhbər təyin etdirməklə onların əli ilə ayrılan vəsaitlərin silinməsində və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. İndi isə həmin yerlər baş həkim tərəfindən satılır. Bundan başqa daxil olan məlumatda göstərilir ki, uzun illərdir ki, Ağcabədinin tibb ocaqlarına ayrılan dərman və tibbi pereparatların heç 10 faizi də tibb ocaqlarına verilmir. Hər il Ağcabədi səhiyyəsinə dövlət tərəfindən ayrılan dərman pereparatlarının demək olar ki, 90 faizi müxtəlif apteklərdə satılır. Verilən məlumata görə, məlum apteklərdə yoxlama aparılsa, həmin xəstəxanalarda külli miqdarda qeydiyyatda olmayan dərmanlar tapılacaq. Həmin dərmanların məhz dövlətin Ağcabədi səhiyyəsinə ayırdığı dərmanlar olduğu bildirilir.

Həmçinin bildirilir ki, gərəkdiyi zaman problem yaranmaması üçün baş həkim elə xəstəxanalarda və tibb məntəqələrində həmin dəmanları xəstə yaxınlarına satır. Heç bir xəstə heç bir zaman pulsuz bir bint belə almağı düşünə bilməz. Prezidentin tapşırığı ilə dövlətdən maliyyələşən səhiyyə ocaqlarında vətəndaşlara təmənnasız xidmət göstərilməli olduğu təqdirdə, Ağcabədidə isə həkimlər əli cibində olmayan xəstələrin üzünə belə baxmırlar. Cibində pulun yoxdursa və xəstəxanaya müayinə olunmağa gəlmisənsə, heç kim səninlə maraqlanmayacaq. Bundan başqa əldə etdiyimiz xəbərə görə, baş həkim şəhər xəstəxanalarında poliklinikalarında işləyən bir çox həkimlərdən, cərrahlardan aylıq hesab alır.

Məlumatlı mənbə iddia idda eidr ki, qeyd etdiyimiz xəstəxanada həkim və cərrahlardan, şöbələrin müdirlərindən baş həkim "aylıq" alır.

Təəssüflə də olsa qeyd etməliyik ki, bütün baş verən qanunsuz əməllərlə bağlı heç bir tədbir görülmür. Sözügedən xəstəxanaya çox da ağır durumda olmayan xəstələr yerləşdirilir, lakin əksəriyyəti həyatla vidalaşır. Doğum şöbəsində dəfələrlə ana və uşaq ölümü ilə rastlaşmışıq. Bütün bunlar həmin xəstəxanada çalışanların qeyri-peşəkar, məsuliyyətsiz olmasından xəbər verir. Bir halda ki, həkimlər nəyinsə müqabilində işə götürülür, həmin həkimlərdən nə savad gözləmək olar, nə də peşəkarlıq. O baxımdan da sözügedən tibb müəssisəsində yaşanan neqativ halların günahkarı Novruz Abbasovdur.

Görünür, aidiyyəti qurumlar bununla bağlı heç bir iş görmürlər. Adıçəkilən tibb müəssisəsində doğuş zamanı həkimlər xəstələrə qeysəriyyə üsulu ilə doğuşun həyata keçirilməsinə məsləhət görürlər. bu da hamıya bəllidir ki, qeysəriyyə üsulu ilə doğuş təbii doğuşdan qat-qat bahadır. Həm də həkimlər üçün rahatdır. Bəzən həmin xəstəxanada çalışan həkimlər hamilə qadınları aldadaraq uşaqda hansısa problemin olduğuna və təbii doğuşun körpə üçün riskli olduğuna inandıraraq qadınların qeysəriyyəyə üstünlük verməsinə çalışırlar. Təbii doğuşdan imtina isə bir çox hallarda pis nəticələrlə bitir.

Artıq insanların bu xəstəxanaya etibarı qalmayıb. Baş verən hadisələr səhiyyə ocaqlarına olan inamı itirib.
gundelik-baku.com