BolgeXeber.Com » Bölgə » Qubanın icra başçısı özünü çətin duruma salıb

Qubanın icra başçısı özünü çətin duruma salıb

1-08-2014, 12:15
Oxunub: 4 436 "Mən hər gün "Yeni Müsavat" oxuyuram" deyən başçının ehtiyatı...

Son vaxtlar ölkə mətbuatında Quba rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda durumun getdikcə kritik vəziyyətə yaxınlaşması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Qubalıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyəti böyük əksəriyyətdə bu kimi halların başında məhz Quba RİH-nin başçısı Mübariz Ağayevin durması fikrində yekdildir. Ümumiyyətlə bu gün kütləvi informasiya vasitələrinə respublikanın bu və ya digər bölgəsində yar almış məmur özbaşınalıqları barədə siqnalların daxil olması heç də nadir hallarda baş vermir. Etiraf etmək lazımdır ki, dövlət tərəfindən etimad göstərilərək müəyyən yüksək vəzifələrə təyin olunan məmurların heç də hamısı bu etimadı doğrulda bilmir. Həm də müşahidə etmək olur ki, məmura verilən vəzifə yüksək olduqca, həmin şəxsin ambisiyaları və əslində xidmətində durmalı olduğu sakinlərə qarşı yol verdiyi haqsızlıqların miqyası da artır. Xüsusilə respublikanın bəzi bölgələrində icra başçısı kimi məsuliyyətli vəzifəyə təyinat alan məmurlar özlərini rayonun şəriksiz ağası və hakimi hesab edirlər. Bəlkə də həmin şəxslərin fəaliyyətində obyektivlik, şəffaflıq, ədalət və qanunçuluq prinsiplərinə riayət olunsaydı, bu münasibətlə barışmaq olardı. Lakin təəssüflər olsun ki, bu məmurların yalnız “ağalıq” iddiası öz mənafeylərinin təminatında təzahür edir. Məhz bu səbəbdən də belə üzdəniraq başçılardan müxtəlif instansiyalara şikayətlər ünvanlanmaqdadır. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin də qeyri-qənaətbəş fəaliyyətindən yerli sakinlərin müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə ünvanladıqları şikayətlərin ardı-arası kəsilmir. Ötən saylarımızda dərc olunmuş materiallardan birində biz artıq qeyd etmişdik ki, redaksiyamıza daxil olan məlumata görə Mübariz Ağayev rəhbərlik etdiyi rayonun problemlərinin həlli ilə yetərincə məşğul olmasa da, öz rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Buna çoxsaylı sübutlardan biri kimi də məlumatlarda başçının rayonda özünə dəyəri milyon manatlarla ölçülən iki villa inşa etdirdiyi göstərilmişdi. Belə ki, icra başçısı rayonun istirahət yerlərindən sayılan Qəçrəş və 2-ci Nüğədi kəndlərinin ərazisində dəbdəbəli, müasir dizaynda 3 mərtəbəli villalar tikdirib. Daxil olan məlumatda qeyd olunur ki, Mübariz Ağayev istirahət günlərini məhz Qəçrəş kəndindəki imarətində keçirir. Çünki burda hər cür rahatlıq və istrahət üçün hər şərait var. Villa müasir standartlara uyğun, Avropa üslubunda tikilib. Həmçinin məlumatlarda vurğulanır ki, Quba sakinlərinin xüsusi narazılıqlarını doğuran daha bir cəhət də budur ki, bu villaların saxlanmasına da külli miqdarda vəsait sərf olunur və həmin vəsaitlərin də mənşəyi əsasən büdcə mənimsəmələri ilə müşayiət olunan müxtəlif maxinasiyalarla təmin olunur. Belə ki, Qəçrəşdəki villanın ətrafında çoxlu sayda izləmə kameralarının quraşdırıldığı və perimetr üzrə çoxsaylı gözətçilərin xidmət göstərdiyi bildirilir. İmarətin həyətində isə bir neçə nadir növdən olan heyvanların saxlandığı və onlara xüsusi qulluq edən şəxslərin olduğu qeyd olunur. Mənbə bildirir ki, Qubanın icra başçısı iki villanın tikintisinə 1,6 milyon manata yaxın vəsait xərcləyib. Bundan başqa isə villaların döşənməsinə və həyətyanı bağçalara da əlavə olaraq yarım milyon manata qədər xərc çəkildiyi qeyd olunur. Lakin Mübariz Ağayevin yarıtmaz fəaliyyətinə dair yerli sakinlər tərəfindən mətbuata ünvanlanan şikayət ərizələrindəki məqamlar bununla tamamlanmır. Hələ bir müddət bundan əvvəl mövzuya dair dərc etdiyimiz materiallarda biz qeyd etmişdik ki, başçının qəbuluna düşmək problemi və onun vətəndaşlarla münasibətdə etinasızlıq nümayiş etdirməsi, kəskin davranış tərzinə üstünlük verməsi qubalıları Mübariz Ağayevin təyinatından narazı salan ilk əməlləri olmuşdu. Məhz bu zaman bir çoxları diqqəti belə bir məqama da yönəltməyə başladılar ki, Mübariz Ağayevin hələ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıdığı zaman, onun fəaliyyətinə dair mətbuat səhifələrində təqdim olunan faktlar heç də ürəkaçan deyildi. Bu məlumatlarda bildirilirdi ki, M.Ağayevin bilavasitə göstərişi ilə Mingəçevirdə istər dövlət qurumlarda müxtəlif vəzifələrdə çalışanlardan, istərsə də özəl sektor təmsilçilərindən mütəmadi olaraq aylıq haqq yığılır. Şəhərdə aparılan abadlıq və quruculuq işləri isə Mingəçevirlilərin şəxsi büdcələri üçün əsil talançılıq hesabına başa gəlirdi. Müxtəlif mənbələr təsdiq edirlər ki, bu məqsədlər üçün ayrılan dövlət vəsaitlərini mənimsəyən icra başçısı hətta şəhər üzrə toplanan pulların da bir hissəsini qənaət edərək cibinə qoymağı bacarırdı. İndi də Mübariz Ağayev bütün bu təcrübəsini Qubada “uğurla” tətbiq edir. Bu xüsusda bir müddət əvvəl aldığımız məlumatlarda bildirilirdi: “Şəhərdə tikinti-quruculuq işləri göz oxşayır. Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Bayraq meydanı” tikilir. Burada ucaldılacaq bayraq dirəyi 76 metr hündürlüyündə olacaq. Bundan başqa sözügedən parkda Rayon icra hakimiyyətinin yeni inzibati binası, o cümlədən gənclər mərkəzi inşa edilir. Hər iki tikilinin sahəsi 1500 kvadrat metrdir. İcra Hakimiyyətinin binası 3, gənclər mərkəzi isə 2 mərtəbəli olacaq. Lakin bütün bu abadlıq işləri sahibkarların hesabına aparılır. Yəni, sahibkarlardan materialları alıblar, ancaq pullarını vermirlər. Orada işləyən tikinti briqadaları isə aylardır ki, pul üzünə həsrətdirlər...” Eyni zamanda da məlumatlarda yığılan vəsaitlərin görüləcək işlərin həyata keçirilməsi üçün tələb olunan məbləğdən xeyli artıq olduğu göstərilirdi. Bir neçə ay bundan öncə ölkə mətbuatında yayımlanmış digər bir məlumatda isə Mübariz Ağayevin siyasi baxışlarına aydınlıq gətirə biləcək bəzi məqamlara da toxunulmuşdu. Məlumatlara görə bu ilin aprel ayının 16-da Müəllimlər İnstitutunun Quba filialında RİH başçısının müəllim və tələbə heyəti ilə görüşü baş tutub. Məhz bu görüşdə də M.Ağayev tələbələrə daha çox müxalifət mətbuatını oxumağı tövsiyyə edib: “Görüşdə icra başçısı çox pis vəziyyətə düşüb və özünü itirib. Mübariz Ağayev çıxışında deyib ki, “ey gənclər, mən hər səhər “Yeni Musavat” qəzetini oxuyuram. “Yeni Musavat” qəzeti radikal dini təriqətlər barədə yaxşı məlumat verir. Siz də oxuyun...” Daha sonra məlumatda qeyd olunur ki, bu məqamda M.Ağayevin zalda əyləşən müavini ona qaş-göz eləyib, işarələrlə başa salıb ki, sən nə danışırsan, yəni siyasi səhvə yol verirsən. Bundan sonra icra başçısını soyuq tər basıb və o alının tərini silə-silə deyib: “Mən əslində “Azərbaycan” qəzetini oxuyun demək istəyirdim”. Onun bu sözləri və pis vəziyyətə düşməsi tələbələrin gülüşünə səbəb olub. Onlar yerdən replika veriblər ki, axı “Azərbaycan” qəzeti radikal dini təriqətlər barədə yazı yazmır. Təbii ki, icra başçısının nə müxalifət mətbuatını izləməsində, nə də bunu gənclərə tövsiyyə etməsində biz heç bir qəbahət görmürük. Amma maraqlıdır, görəsən Mübariz Ağayevin bu tövsiyyələrinə yuxarı dairələrdə necə münasibət bəsləyirlər?