BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısından şikayətlər artır

Gədəbəyin icra başçısından şikayətlər artır

2-08-2014, 17:25
Oxunub: 3 077 Oqtay Əliyev: "Rayon rəhbərinin camaata verdiyi zülm dözülməzdir"

Hüseyn Allahverdiyev: "Ramiz Yediyarovun məqsədi nə idi ki, istirahət məkanını yerlə-yeksan etdi?
Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov yerli əhali üçün başağrısına çevrilib. Ötən sayımızda rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyekti qanunsuz olaraq yerlə-yeksan edildiyini xəbər vermişdik. Bildirmişdik ki, ölkəmizin ən geridə qalan rayonlarından olan, dağlarla əhatə edilən və düşmən Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydəki əsas problemlərdən biri də Ramiz Yediyarovun əməlləridir. Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb.

Xüsusən 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb. Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Gədəbəy rayon Miskinli kənd sakini Əliyev Oqtay İbrahim oğlu icra başçısı tərəfindən incidildiyini bildirdi. Qeyd etdi ki, gədəbəylilər ölkə başçısının həyata keçirdiyi işlərə baxıb həmişə fəxr edir: "Amma Ramiz Yediyarov prezidentin gördüyü müsbət işlərin üstündən sanki xətt çəkməyə çalışır. Ölkə rəhbərinin sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua aldım. O da qayıtdı ki, get tik. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Halbuki aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar".

Şikayətçi deyir ki, obyektin bir hissəsi dağıdılandan sonra onu Gədəbəy Rayon İcra Hakimiyyətinə çağırıblar: "İcra başçısının birinci müavini Qüdrət Paşayev məndən tikintiyə yenidən icazə verilməsi üçün 100 min dollar pul istədi. Mən onun təklifi ilə razılaşmadım və Bakıya gəldim. Paytaxtda olarkən icra başçısının göstərişi ilə əraziyə buldozerlər yeridilərək min bir əzab-əziyyətlə tikdiyim istirahət mərkəzini yerlə-yeksan ediblər. Bilmirik Gədəbəydə özümüzü ermənidən qoruyaq, yoxsa rayonun icra başçısı Ramiz Yediyarovdan? Cənab prezidentimiz Gədəbəy rayonuna lazım olan diqqəti ayırır. Ancaq icra başçısının camaata verdiyi zülm dözülməzdir. Mən obyekti tikməklə insanlara yeni iş yeri yaradıram. Rayonda işsizlik baş alıb gedir. İcra başçısı isə imkan vermir işsizliyi aradan qaldıraq. Gedib Rusiyada işləyib zülmlə pul qazanıb gətirib doğma rayonumuza sərmayə qoymaq istəyirik, lakin Ramiz Yediyarov buna imkan vermir. Axı nə üçün icra başçısı sahibkarlığın və turizmin inkişafına əngəl yaradır? Bu qədər özbaşınalıq və qanunsuzluq olmaz. Tam tikilib başa çatan obyekti sökmək hansı qanuna sığır? Rayon rəhbəri ölkənin mövcud qanunvericiliyinə hörmətsizlik göstərir. Bu adam nə bilirsə onu da edir. Onun üçün dövlətin maraqları yox şəxsi maraqları daha önəmlidir. Prezident xalqın qayğısına qalır icra başçısı isə camaata əlavə problemlər yaradır. Gədəbəyin icra hakimi birinci müavini Qüdrət Paşayevlə baş-başa verərək özbaşınalıq edir. Keçən il obyektin tikintisinə razılıq vermişdilər, amma bu il gəlib sökdülər. Bunu necə başa düşmək olar? Əgər tikinti qanunsuz idisə, niyə keçən il icazə verirdilər? Qüdrət Paşayev açıq-aşkar şəkildə mənə dedi ki, 100 min dollar pul verməlisən. Bu qədər pulum yox idi, açığı olsaydı belə verməyəcəkdim. Axı nəyə görə verməliyəm ki? Tikintiyə başlayanda Qüdrət müəllimə 20 min dollar verdim. O mənə dedi ki, rayonda quruculuq işləri aparılır sən də buna öz köməkliyini göstər. Ermənistanla sərhəd olan bir yerdə cənnət yaradıb vətəndaşların istifadəsinə vermək istəyirdim ki, gəlib burda rahat dincəlib istirahət etsinlər. Obyekti hansı zülmlə tikdiyimi Allah bilir. Nə üçün icra başçısına 100 min dollar verməliyəm?"

Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib. Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib. Gədəbəy Azərbaycanda qəhrəman rayon kimi tanınır. Rayon camaatı düşmənə sinə gərib: "Mənim rəhmətlik babam Cavad Əliyev, onun atası Əli Əliyev vaxtilə ermənilərə qan uddurublar. Ermənistanda Cavad Əliyevi "beş atılan Cavad" kimi tanıyıblar. Azərbaycanlılarla ermənilərin arasında nifaq toxumları yenicə səpildiyi vaxtlarda babam düşmənə qarşı güclü mübarizə aparıb. Ətraf rayonlarda böyük ad-sanı olub. Mən ondan qalan baba yurdumda bir nəvə olaraq iş görmək istəyirdim. Qanunları ayaq altına atan icra hakimi buna maneçilik törətdi. Babam ermənilərə qarşı mübarizə aparanda Ramiz Yediyarov, Qüdrət Paşayev, Rüstəm Nağıyev və digərləri Gədəbəyin xəritədə harda yerləşdiyini belə bilmirdilər. İndi bu şəxslər qəhrəman bir insanın nəvəsinin başına olmazın müsibətlər gətirirlər. Ramiz Yediyarov Ermənistanda olanda Cavad Əliyev ermənilərə göz verib işıq vermirdi".

Ramiz Yediyarovun həyata keçirdiyi qanunsuz işlər Gədəbəy camaatını hakimiyyətdən incik salır. Şəxsi maraqlarını hər şeydən üstün tutan icra başçısı sahibkarlığa mane olur. Oqtay Əliyev bildirdi ki, Ramiz Yediyarovun əməlləri sakinlərin haqlı narazılığına səbəb olur: "Qardaşım Azərbaycanın ərazi bütövlüyü uğrunda canla-başla döyüşüb, düşmənə ağır itkilər yaşadıb. Ramiz Yediyarov, müharibə vaxtı Gədəbəyi düşməndən kimlərin müdafiə etdiyini bilirsinizmi? Müharibədə can qoyan oğlana bir sot torpaq düşmür? İcra başçısı rahat şəraitdə yaşamalıdır, amma başqaları acından ölməlidir? Prezidentin bu adamın əməllərindən xəbəri yoxdur. Ramiz Yediyarov bilsin ki, onun həyata keçirdiyi qanunsuz işlər belə qalmayacaq. Obyektdə son tamamlama işləri gedərkən gəlib uçurtmaları heç cür başadüşülən hal deyil. İcra başçısının və müavinlərinin məqsədi məndən pul qoparmaq idi. Tikinti işləri gedərkən icra hakimiyyətinin vəzifəli şəxsləri dəfələrlə gəlib baxdılar. Əgər qanunsuz idisə elə həmin vaxt sökərdilər də, niyə sökmürdülər? Fikirləşirdilər ki, biznes adamıyam buna görə də əlavə pul almaq istəyirdilər".

Gədəbəy rayonundan olan sakin, ehtiyatda olan polis işçisi, müharibə veteranı Allahverdiyev Hüseyn Nəbi oğlu da icra başçısının vətəndaşlara süni maneələr yaratmasından gileyləndi: "Oqtay Əliyevin valideyni uzun müddət məktəbdə müəllim işləyib. Əmisi də həmçinin. Bu şəxslər indi də məktəbdə müəllim işləyirlər, ziyalı insanlardır. Bu, gözəl, ziyal ailədir. Ailənin böyük övladı cavan yaşlarından əlinə silah alaraq ermənilərə qarşı döyüşüb. Biz gədəbəylilər torpağımız, Vətənimiz uğrunda canımızdan keçən insanlarıq. Hər zaman həm dövlətimizə, həm də prezidentimizə sadiqlik nümayiş etdirmişik. İndi gəlin görək həmin ailə kimlərin qarşısında aciz qalır? İllər boyu rayonda dövlətə, xalqa xidmət edən müəllim indi icra başçısı Ramiz Yediyarovun qarşısında aciz qalıb. Bu insanlar xalqa, yurda, Vətənə sadiq adamlardır. Rusiyanın müəyyən şəhərlərində qazandıqları pulları gətirib Vətəninə, yurduna, dövlətinin inkişafına xərcləyən iş adamlarına qarşı bu cür münasibət yolverilməzdir. Əgər hansısa iş adamı rayonda sakinlərin istirahət etmək istədikləri yerdə hər hansı obyekt açırsa bunun nəyi pisdir? Bu obyekt hansısa dövlət əhəmiyyətli yolun çəkişilinə mane olurdusa, yaxud elektrik enerjisinin olduğu əraziyə düşürdüsə, przidentimizdən, dövlət məmurlarımızdan müvafiq komissiyanın yaradılmasını xahiş edirəm. Axı həmin obyektin inşası üçün dövlət orqanlarından, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi şəkildə icazə alınıb. Təəssüf ki, indi əlimiz heç yerə çatmır. Hamı bilir ki, indi hər hansı yerdə özbaşına tikinti işi aparmaq, obyekt tikmək qeyri mümkündür".

Hüseyn Allaherdiyev bildirdi ki, bu, bir günün işi deyildi - iki il idi orada obyektin tikintisi həyata keçirilirdi: "İcra başçısı Ramiz Yediyarova sualım var: - bu obyekti hansı əsaslarla yerlə yeksan etdiniz? Xahiş edirəm bu məsələ araşdırılsın. Obyekt elə yaxşı yerdə tikilmişdi ki, yay vaxtı sakinlən mal-qaranı yaylağa aparırdılar. Ramiz Yediyarovun məqsədi nə idi ki, qanunla, sənədlərlə tikintisinə icazə verilən obyekti yüerlə yeksan etdi. Onun əlində əsas vardı? Özü də məhkəmə qərarı olmadan əraziyə polis işçilərini göndərmişdi".

Həmin obyektin tikintisinin kimə ziyanı vardı: "Axı həmin obyektin fəaliyyətinə icazə verilsəydi, neçə-neçə ailə burada istirahət edə, dincələ bilərdi. Bəyəm bu, icra başçısı Ramiz Yediyarova hansısa ziyan gətirəcəkdi? Sabahrayona kimsə qonaq gəlsəydi, gedib bu istirahət məkanında dincələ bilərdi. Əməkdar müəllim xahiş etdi ki, obyekti uçurmayın. Heç olmasa icazə verin avadanlıqları özümüz daşıyaq. Təəssüf ki, ona qarşı hörmətsizlik etdilər. Rüstəm müəllim ağsaqqala qarşı sayğısızlıq nümayiş etdirdi". gundelik-baku