BolgeXeber.Com » Bölgə » Zərdab Rayon Maliyyə İdarəsinin rəisini kim himayə edir?

Zərdab Rayon Maliyyə İdarəsinin rəisini kim himayə edir?

16-08-2014, 13:40
Oxunub: 3 500 Sakit Məmmədovun qanunsuz əməlləri idarə və qurumları təngə gətirib



Son zamanlar Zərdab rayonu ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olur. Bizə verilən məlumata görə, Zərdab Rayon Maliyyə İdarəsinin rəisi Sakit Məmmədov rayonda bir sıra qanunsuz əməllərə və özbaşınalıqlara yol verir. Verilən məlumata görə, Zərdabda fəaliyyət göstərən bir sıra idarə və qurumlar Sakit Məmmədovun hərəkətlərindən cana yığılıblar.

Çünki Zərdab Rayon Maliyyə İdarəsinin taprışığı ilə büdcədən maliyyələşən yerli təşkilatların hər biri il ərzində bir neçə dəfə Sakit Məmmədovun "tapşırıqlarını" yerinə yetirməlidirlər. Məmmədov vəzifəyə gələn gündən öz qanunlarını işə salıb. Etibarlı mənbənin verdiyi məlumata görə, idarə rəisi büdcə vəsaitlərinin mənimsəməklə məşğuldur. Zərdab Rayon Maliyyə İdarəsinin rəhbərliyinin sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə olunan bir sıra uğurları şübhə altına alır, dövlətin maliyyə sütunlarına ağır zərbə vurur. Görünür, Zərdab Rayon Maliyyə İdarəsinin rəhbərliyi kimlərəsə arxayın olduğundan, bu cür ciddi problemlərdən heç bir halda narahat olmur. Maraqlıdır, görəsən, maliyyə idarəsinin müdiri kimə və nəyə arxayındır? Onu himayə edən şəxs kimdir?.." Zərdab Rayon Maliyyə İdarəsinin əməkdaşları tərəfindən "Dövlət büdcəsi haqqında" Qanunun tələblərinin kobud şəkildə pozulduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, rayonun bütün idarə və müəssisələri, habelə büdcə təşkilatları yerli maliyyə idarəsinin rəhbərliyinin əməllərindən təngə gəliblər. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Zərdab Rayon Maliyyə İdarəsinin müdiri vəzifə başına keçəndən sonra tətbiq etdiyi ilk qayda rayondakı bütün idarə və müəssisələrin onun icazəsi olmadan işə adam qəbul etməməsi olub: "Artıq xeyli müddətdir ki, Zərdab rayonundakı əksər qurumların rəhbərliyinə tapşırılıb ki, əgər kimsə belə bir addım atarsa, o zaman maliyyə idarəsi tərəfindən ciddi yoxlamalara məruz qala bilərlər. Ona görə də, hələ ki, heç kim cürət edib rayon maliyyə idarəsinin rəhbərinin sözündən çıxa bilmir. Buna görə də əksər müəssisə, idarə və təşkilat rəhbərləri kimisə işə qəbul edərkən mütləq Sakit Məmmədovla məsləhətləşirlər".

Qəzetimizə verilən məlumata görə, rayondakı büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını işə yazdırıb, sonra da onların əmək haqlarını özlərinə götürürlər. Yalnız yoxlamadan yoxlamaya iş yerində tapılan bu şəxsləri müdafiə etmək də məhz müəssisə rəhbərinin vəzifəsidir. Maliyyə İdarəsinin müdiri də bundan xəbər tutduqdan sonra həmin işə götürülənlərə şərik olmağa başlayıb. Yəni o, alınan əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir. Bütün bunlar Maliyyə İdarəsinin rəisinin kiməsə arxalandığını, kiminsə himayəsində olduğunu göstərir. Sıravi maliyyə işçisi çox gözəl bilir ki, nə vaxtsa dövlət büdcəsini talasa, məsuliyyətə cəlb oluna bilər. Görünür, kiməsə arxayın olduğundan, onu bu cür ciddi problemlər heç cür narahat etmir. Ən qəribəsi də odur ki, bütün bunlara baxmayaraq, ona "gözün üstündə qaşın var" deyən də yoxdur. Maraqlıdır, görəsən niyə? Onun güvəndiyi, himayəsinə arxayın olduğu şəxs kimdir? Ki, idarə rəisi istədiyini edir. Qanundankənar işlərlə məşğuldur. Rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrin, o cümlədən büdcə təşkilatlarının rəhbərlərini təngə gətirib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
gundelik-baku