BolgeXeber.Com » Bölgə » Füzulidə ehsan süfrələrində yenilik

Füzulidə ehsan süfrələrində yenilik

18-08-2014, 12:55
Oxunub: 2 911 Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə rayonun ağsaqqaları, nüfuzlu simaları, ziyalıları və din xadimləri Rayon İcra Hakimiyyətinə, rayon Ağsaqqallar Şurasına mütəmadi olaraq müraciətlər edirlər. Həmim müraciətlərdə yas məclislərinin təşkili, sadələşdirilməsi ilə bağlı məsələyə münasibət bildirilmiş, dəyərli fikirlər, diqqətçəkən təkliflər söylənmişdir.
Bildirilmişdir ki, bu gün milli-mənəvi dəyərlərimizin bir hissəsi sayılan xeyr-şər məclislərində baş verən neqativ hallar cəmiyyətdə haqlı olaraq narazılıqlara səbəb olur.
Müasir dövrdə şəriətin bir çox vacib hökmləri unudulur bidət hərəkətlərinə meyl edilir. Məhrumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimləri təmtəraqlı ehsan məclislərinə çevrilmişdir, islami dəyərlər unudulmuşdur. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda məhrumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır. Xüsusilə yas mərasimlərində insanın qəlbinə qonşudan geri qalma prinsipi hakim kəsilib. İnsanlar arasında gərəksiz rəqabətin aparılmasının, toylardan yaslara keçməsi anını yaşayırıq. Bilmək lazımdır ki, öz yas mərasimini sadə formada, maddi və mənəvi ziyanlara düşmədən, mərhumun ruhuna əngəl gəlməyəcək şəraitdə keçirməsi daha qəbulolunandı. Təəssüf ki, Azərbaycanda ehsan anlayışı “aş” səviyyəsində anlaşılır. Bu isə cahillikdən doğan bir şeydi. İslamda israf haramdır. Yas mərasimlərində israfçılıq haram olmaqla yanaşı, cəmiyyətdə ictimai bərabərsizliyə yol açır. Bu halların qarşısının alınması üçün ictimai qınaq çox önəmlidir.
Son günlər Füzuli rayonunda ictimai müzakirələrin nəticəsi olaraq ərazidəki bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız üsulla keçirilir. Rayonun Horadiz şəhərində, Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Birinci Mahmudlu, Bala Bəhmənli, Qazaxlar və başqa kəndlərində son günlər olan yas mərasimləri sadə və islam qaydalarına uyğun olaraq həyata keçirilir.
Yas mərasimlərində verilən ehsan süfrələrində çay,qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılmışdır.
Əhali yas mərasimlərinin bu cür keçirilməsindən razıdır.
Bolgexeber.com