BolgeXeber.Com » Bölgə » Ucar rayon səhiyyəsi niyə ağlar günə qalıb?

Ucar rayon səhiyyəsi niyə ağlar günə qalıb?

19-08-2014, 10:35
Oxunub: 4 409 Zeynal Bayramlının rəhbərliyi problemlərlə müşahidə olunur

Hələ ötən il təxminən 500 milyon manat səhiyyəyə vəsait ayrılmağına baxmayaraq, bu gün Azərbaycan vətəndaşı öz sağlamlığını itirməmək üçün xarici ölkələrə müalicə və müayinə üçün üz tutmalı olur. Müşahidələr göstərir ki, İrana üz tutan vətəndaşlarımızın 70-80 faizi müalicə üçün bu ölkəyə gedənlərdir. Bu, isə Azərbaycanın səhiyyə sisteminin iflasının göstəricisidir. Bu gün ölkənin bərbad səhiyyə sisteminin xidmətlərindən yararlanmaq mümkün belə, deyil.

Nəticə etibarı ilə isə vətəndaşın sağlamlığına xeyli ziyan dəyir. Elə bu səbəbdən də, mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə də birincisi ölkə səhiyyəsinin mövcud durumudur. Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəti xarici ölkələrə üz tutur. Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da, xəstə yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində olan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar isə özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Etiraf edək ki, bölgələrimizdə səhiyyənin durumu daha acınacaqlıdır. Bunu deməyimizin əyani sübutu isə bölgələrdən daxil olan şikayətlər, etirazlardır. Belə etirazlar içində, şikayətlərlə bol olan rayonlardan biri məhz Ucar rayonudur. Ucar rayon Mərkəzi Xəstəxanası barədə dəfələrlə mediadan da izləmiş, orada baş verənləri eşitmişik. Bu gün yenidən bu mövzuya toxunmağımızın səbəbi Ucar rayon səhiyyəsinin acınacaqlı durumda olması ilə bağlıdır. Qeyd edək ki, Ucar Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlıdır. Sakinlər rayonda vəziyyətin olduqca bərbad olduğunu vurğulayırlar. Belə ki, xəstəxanada lazımi avadanlıqların olmaması, xəstələrə göstərilən xidmətin yox dərəcəsində olması söyləntiləri var. Belə ki, sakinlər əlacsız qalıb, ən yaxın rayona getməli olurlar. Əslində isə, rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 4 xəstəxana, 16 ambulator poliklinika müəssisələri fəaliyyət göstərir. Həmin səhiyyə ocaqlarında 96 həkim və 386 orta tibb işçisi çalışır. Əldə etdiyimiz məlumatlara görə, Zeynal Bayramlı xəstəxanaya baş həkim təyin olunandan sonra səhiyyə müəssisəsində müxtəlif problemlər baş qaldırıb. Rayon sakinlərinin iddiasına görə, əsaslı şəkildə təmir olunan Mərkəzi Xəstəxanada baş həkimin gəlişindən sonra heç bir şey dəyişməyib. Əksinə neqativ hallar bir az da artıb. Baş həkimin tibb müəssisəsini köhnə qaydalarla idarə etdiyi bildirilir. Xəstəxana dövlətdən maliyyələşdiyi halda, bura müraciət edən vətəndaşlardan nəysə umulur. Pulsuz səhiyyə xidməti burda keçərli deyil. Baş həkim işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir. Hətta burada çalışan işçilərin əksəriyyətinin heç savadı belə, yoxdur. Burada dünyasını dəyişənlər də, az olmayıb. Xəstə yaxınları isə bu durumlarda həkimlərin səhlənkar olduqlarını bildirirlər. Burada doğum şöbəsində isə vəziyyətin daha bərbad olduğu və bir neçə dəfə ana və körpə ölümləri ilə nəticələndiyi faktları var. Belə çıxır ki, baş həkim Zeynal Bayramlı xəstəxanada baş verənlərlə, rayon sakinlərinin sağlamlığı ilə maraqlanmır. Əgər belə olmasa idi, rayondakı səhiyyə ocaqları vətəndaşlara hazırkı vəziyyətdə xidmət göstərməzdi.