BolgeXeber.Com » Bölgə » İcra başçısı-deputat qarşıdurması böyüyür

İcra başçısı-deputat qarşıdurması böyüyür

25-08-2014, 16:00
Oxunub: 2 701 Sabunçudan olan digər deputat icra başçısına haqq qazandırdı

“Hər hansı qəsəbə və ya kəndə icra nümayəndəsinin təyin olunması icra başçısının səlahiyyətinə aid olan məsələdir, deputatın yox”.

Bu sözləri Editor.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, 26 saylı Sabunçu seçki dairəsindən Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.

Xatırladaq ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb. Rayonda nüfuz sahibi olan millət vəkilini hədələyən icra başçısı onun qarşıdan gələn seçkilərdə deputat seçilməsinə imkan verməyəcəyini bəyan edib.

Sonradan məlum olub ki, icra başçısı ilə deputatın qarşıdurmasına səbəb Bilgəhə yeni icra nümayəndəsinin təyin olunması olub. İcra başçısının öz həmyerlisini Bilgəhə icra nümayəndəsi göndərməsi deputat tərəfindən hiddətlə qarşılanıb.

Editor.az-a açıqlamasında Sabunçudan olan digər millət vəkili Fazil Mustafa bildirib ki, icra nümayəndəsinin kimliyi başçının səlahiyyətinə aid olan məsələdir: “Bunun deputat nə dəxli? Mən bu məsələdə icra başçısına haqq qazandırıram”.

“Sizin necə, icra başçısı ilə hər hansı probleminiz varmı” sualına cavabında millət vəkili deyib ki, hər şey qaydasındadır.