BolgeXeber.Com » Bölgə » Mehriban xanım Əliyevanın Füzuliyə diqqət və qayğısı..

Mehriban xanım Əliyevanın Füzuliyə diqqət və qayğısı..

26-08-2014, 10:00
Oxunub: 5 044 Xeyriyəçilik, yaxşı əməl, mənəvi saflıq bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdir. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə həmişə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyrxah əməllərin müəllifinə çevrilir. Humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır.
Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.
Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğısını və diqqətini əhalimiz daim hiss edir. Siyasi və ictimai xidmətləri ilə dünyada böyük nüfuz qazanan hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində Muğam Mərkəzinin gənc istedadların istifadəsinə verilməsi onun milli musiqiyə, muğam sənətinə, füzulililərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək istifadəyə verilmişdir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Mehriban Əliyeva füzulili körpələri də yadından çıxarmır. Hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, Bala Bəhmənli kəndində isə 60 çarpayılıq uşaq bağçasının tikintisi başa çatmışdır.
Öz tarixi keçmişləri ilə fəxr edən Füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirlər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirmişdir. Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi başa çatmışdır və yaxın günlərdə istifadəyə veriləcəkdir.
Əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamı güclənir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər bu inamla yaşayır və işləyirlər.
Biz füzulililər Ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, humanizm və nəciblik, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.
Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.
Füzulililər fəxr edir ki, Mehriban xanım Əliyeva harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!
Bolgexeber.com