BolgeXeber.Com » Bölgə » "SUVAR" dağ-turizm bazasında müştərilərdən əlavə pul qopardılır?

"SUVAR" dağ-turizm bazasında müştərilərdən əlavə pul qopardılır?

27-08-2014, 11:20
Oxunub: 4 188 Bahalığa narazılıq edən şəxslər Qusar Rayon Polis Şöbəsi ilə qorxudulur

Meşələrlə örtülü dağların və dərələrin qoynunda yerləşən, şəlaləli çayları, diş donduran buz kimi soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlardan biridir. Ölkəmizin şimal-şərqində, Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın ən gözəl guşələrindəndir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Yayda sərin meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Məlumat üçün bildirək ki, Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən biri də "SUVAR" dağ-turizm bazasıdır. Rayonun Ləzə kəndindən bir qədər yuxarıda, Şahdağın ətəyində, 1850 metr dəniz səviyyəsindən yuxarıda yerləşən "SUVAR" dağ-turizm bazası hər tərəfdən dağlarla əhatə olunub. Qeyd edək ki, sözügedən istirahət mərkəzinin ümumi ərazisi 5 hektardır və orada 1, 2 və 3 otaqlı 28 kottec fəaliyyət göstərir. Eyni vaxtda 100 nəfər qonağı qəbul edə bilən mərkəzdə 2 nəfərlik bir otaqlı kottecin qiyməti 50 manat, 2 nəfərlik iki otaqlı kottec 80 manat, 4 nəfərlik üç otaqlı kottec 120 manat, 6 nəfərlik iki mərtəbəli üç otaqlı kottec isə 150 manatdır.

Nəzərinizə çatdıraq ki, bu günlərdə qəzetimizin əməkdaşlarından biri "SUVAR" dağ-turizm bazasında olub və oradakı qiymətlərin digər istirahət mərkəzlərindən bir xeyli yüksək olduğunu müəyyənləşdirib. Belə ki, əməkdaşımız gəzintidən sonra nahar etmək üçün adıçəkilən obyektə üz tutub. Orada isə üzü tüklü, saçı həddindən artıq uzun, xalatsız xörək paylayan birisi sifarişi qəbul edib. Məsələnin əsas məğzi ondadır ki, xoş və mehriban sifəti olmayan bu oğlan açıq-aşkar hesabda əməkdaşımızı aldadıb və ondan orta səviyyəli nahara görə nə az, nə çox düz 99 manat tələb edib. Əməkdaşımız etirazını bildirdikdə "mənlik heç nə yoxdur" deyən ofisiant bunun obyekt sahibi Rauf Günəşovun tapşırığı olduğunu qeyd edib. Yəni hesabı məhz obyekt sahibi müəyyənləşdirib. Bu isə açıq-aşkar soyğunçuluqdur. Çünki heç bir istirahət mərkəzində orta səviyyəli nahara görə müştəridən 99 manat tələb olunmur. Görünür, "SUVAR" dağ-turizm bazasının rəhbərliyi bu cür əməllərilə daha çox gəlir əldə etmək məqsədi güdür. Lakin onlar bir məsələni unudurlar ki, bu cür əməllərilə nəinki Qusar rayonunun, ümumiyyətlə, ölkənin turizm sektoruna kifayət qədər ciddi zərbə vururlar. Çünki adi nahara görə müştəridən 99 manat tələb edən istirahət mərkəzinə turist axını ildən-ilə zəifləyəcək. Bu da sonda ölkənin turizm sektoruna vurulan ağır zərbə kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, məsələ ilə bağlı apardığımız kiçik araşdırmadan sonra belə məlum oldu ki, "SUVAR" dağ-turizm bazası Qusar rayonu ərazisində xidmət haqlarına görə ən bahalı istirahət mərkəzi hesab olunur. Məhz elə bu səbəbdəndir ki, həm Qusar, həm paytaxt, həm də ölkənin digər rayonlarının sakinlərinin əksəriyyəti istirahət etmək üçün "SUVAR" dağ-turizm bazasına deyil, digər turizm obyektlərinə üz tuturlar. Çünki digər istirahət mərkəzlərində qiymətlər "SUVAR" dağ-turizm bazası ilə müqayisədə daha ucuzdur.

Bildiyiniz kimi, yay mövsümündə turizm sektorunda xüsusi canlanma hiss olunur və insanlar istirahət etmək üçün müxtəlif turizm şirkətlərinə üz tuturlar. Təbii ki, burada müştəri üçün qiymətlərin hansı civarda olması da əsas səbəblərdən sayılır. Odur ki, hər bir müştəri çalışır ki, istirahət edərkən o qədər də böyük vəsait xərcləməsin, eyni zamanda yüksək servis xidməti nəzərə alınsın. Belə olan halda, təbii ki, müştərilər ucuz və keyfiyyətli xidmət təklif edən istirahət mərkəzlərinə üstünlük verirlər. Deməli, istirahət mərkəzlərində qiymətlərin təklifi də nəzərə alınmalıdır. Lakin "SUVAR" dağ-turizm bazasında müştərilərin deyil, məhz adıçəkilən obyektin sahiblərinin maraqları, onların asan yolla daha çox gəlir əldə etmək istəkləri üstünlük təşkil edir. Elə buna görədir ki, sözügedən obyektdə qiymətlər "ceyran belində"dir. "SUVAR" dağ-turizm bazasında qiymət bahalığı bir yana, müştərilər üçün yaradılmış şərait də heç ürəkaçan deyil. Adıçəkilən obyektin yeri-yurdu sərin olsa da, bir balaca külək əsəndə toz az qalır içdiyin çayın, yediyin yeməyin rəngini dəyişə. Masalar və stullar quru torpağın ustünə düzüldüyündən gediş-gəliş zamanı ayaq altından qalxan toz stolun üstündə, qənd qabında bənd alır. Açığını deyək ki, "SUVAR" dağ-turizm bazası gigiyenik tələblərə cavab vermir. Bundan başqa, həmin obyektdə bir sıra özbaşınalıqlar hökm sürür. Məsələn, işçilərlə əmək müqaviləsi bağlanmır, müxtəlif vasitələrlə vətəndaşlar aldadılır, onlara artıq hesab deyilir, cibləri soyulur. "SUVAR" dağ-turizm bazası rəhbərliyi bu cür yollarla külli miqdarda gəlir əldə etsə də, müxtəlif üsullarla vergi tutulmalarından kənarda qalaraq dövlət büdcəsindən yayındırılan vəsaitlər ciblərinə axıdırlar. Ən maraqlı məqam isə ondadır ki, "SUVAR" dağ-turizm bazasında müştərilərdən əlavə pul qoparmaq üçün müxtəlif vasitələrdən yararlanırlar. Məsələn, ofisiantlar ilk öncə müştərilərə çayın qiymətinin 2 manat olduğunu deyirlər. Lakin müştərinin sifariş verib-verməməsindən asılı olmayaraq süfrəyə məcburi şəkildə əlavə olaraq 10 manatlıq çay dəstgahı düzülür. Beləliklə, məcburi qaydada 2 manatlıq çaya 10-15 manatlıq zay məhsullar əlavə olunur. Buradan da belə görünür ki, "SUVAR" dağ-turizm bazasında nahar etmək istəyənlər ciblərini geniş şəkildə açmalıdırlar. Vay halına ki, burada nahar edəsən! Menyuda kababların və tabakanın qiymətinin 5-7, salatların 3-4, spirtli içkilərin isə 10-15 manat olduğu göstərilsə də, yeməkdən sonrakı hesab ümumi qiymətdən azı 2-3 dəfə baha olur. Səbəbi isə çox sadədir: obyektin əlavə haqqı var! Xülasə, "SUVAR" dağ-turizm bazası ilə bağlı apardığımız araşdırmanın nəticəsi olaraq deyə bilərik ki, burada qiymətlər nəinki qonşu və ətraf rayonlar, hətta Avropanın əksər dövlətlərilə də müqayisəyə gəlmir. Çünki "SUVAR" dağ-turizm bazasında təklif edilən əsas xidmətlər maya dəyərindən bir neçə dəfə baha satılır. Hətta ölkənin demək olar, bütün ərazilərində standart qiymətə təklif edilən su və meyvə şirələri də adıçəkilən obyektdə süni qiymətlə təklif edilir. Beləcə, "SUVAR" dağ-turizm bazasında iki nəfər yüngül nahar edirsə, sonda həmin müştərilərdən 2 qat artıq pul alınır. Narazılıq edən şəxs isə polislə hədələnir. Artıq bir neçə dəfə sözügedən turizm istirahət mərkəzində bahalığa narazılıq edən şəxslər həbs edilib. Bundan başqa, "SUVAR" dağ-turizm bazasında narazılıq edənlər obyektdə saxlanılan idmançılar tərəfindən döyülür və Qusar Rayon Polis Şöbəsinin post-patrul xidməti əməkdaşları ilə qorxudulur...

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
gundelik-baku