BolgeXeber.Com » Bölgə » Kürdəmirdə gənclərlə bağlı görüş keçirilmişdir

Kürdəmirdə gənclərlə bağlı görüş keçirilmişdir

28-08-2014, 09:55
Oxunub: 3 115 Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində Kürdəmirdə görüş keçirilmişdir

Avqustun 27-də rayonun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyəti və UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində görüş keçirilmişdir.
Layihə çərçivəsində Rayon İcra Hakimiyyətində yaradılmış Kürdəmir Gənclərinə Dəstək Qrupunun iştirakı ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Taəddin Novruzov , Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abasov da iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı gənclər siyasətindən, gənclərlə bağlı rayonda həyata keçirilən quruculuq işlərindən, rayon gənclərinin problemlərindən bəhs etmişdir. O, bildirmişdir ki, hazırda Kürdəmir rayon İcra Hakimiyyəti qarşısında dayanan ən ümdə məsələlərdən biri rayon gənclərinin asudə vaxtının düzgün təşkil olunması , onların işlə təminatı , gənclərin rayonun abadlaşdırılması və təbliği sahəsində görülən işlərə cəlb olunmasıdır. Vəsilə Əsgərli xüsusilə müasir texnologiyalardan istifadəyə bələd olan gənclərə ehtiyac duyulduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Rayonumuzda ekoloji maarifləndirmə sahəsində aparılan işlərə diqqət çəkmiş və bu sahədə gənclərin fəallığına ciddi ehtiyac duyulduğunu bildirmişdir.
Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev,Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abasov layihə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişlər.
Görüşdə çıxış edən Kürdəmir Gənclərinə Dəstək Qrupunun rəhbəri Ramil Kərimov Dəstək Qrupu adından Kürdəmir rayon İcra Hakimiyyətinə rayonun seçilmiş ərazilərində əhali arasında və müxtəlif müəssisələrin işçiləri arasında ətraf mühitin tullantısız olmasını təmin etmək üçün bacarıqların formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili mövzusunda layihə təklif etmişdir. Vəsilə Əsgərli də öz növbəsində birgə əməkdaşlığın qurulmasından məmnun olduqlarını qeyd edərək bildirmişdir ki, rayon İcra Hakimiyyəti həmin görüşlərin təşkilinə dəstək verəcək və bundan sonra da “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində yaradılmış Kürdəmir rayon Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaqdır.
Sonda hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması mərasimi keçirilmişdir. Protokolda rayonun 5 kəndində , o cümlədən rayon mərkəzində ticarət subyektlərinin sahiblərinə və əhaliyə ətraf mühitin mühafizəsi, ekoloji mühitin qorunması ilə bağlı birgə seminar və görüşlərin keçirilməsi öz əksini tapmışdır.