BolgeXeber.Com » Bölgə » Suraxanı RETSİ-də özbaşınalıq hökm sürür

Suraxanı RETSİ-də özbaşınalıq hökm sürür

28-08-2014, 12:25
Oxunub: 2 863 Abdulla Əliyev qəsəbələri elə indidən elektrik enerjisinə həsrət qoyub



Deyəsən, "Bakıelektrikşəbəkə" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsi Hövsan qəsəbəsi sakinlərini qışda elektrik enerjisi üzünə həsrət qoyacaq. Belə ki, son bir həftə ərzində artıq neçənci dəfədir ki, günün axşam saatlarında "Bakıelektrikşəbəkə" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsi Hövsan qəsəbəsini zülmətə qərq edir.

Sonuncu dəfə belə hadisə avqustun 26-da axşam saat 21 radələrində baş verdi. Suraxanı Rayon Enerji Təchisatı və Satışı İdarəsi qəsəbəyə verilən elektrik enerjisini dayandırdı. Nəticədə qəsəbənin bir sıra yaşayış binaları, mağazalar, ictimai-iaşə obyektləri saatlarla elektrik enerjisi üzünə həsrət qaldılar. Naəlac qalan sakinlər gecəni çıraqla və şamlarla keçirməli oldular. Yaşayış məskəninə nəql edilən enerji bir də günün səhər çağlarında - gün çıxan vaxt, elektrik enerjisinə o qədər də ehtiyac olmadığı vaxt bərpa edildi. Qeyd edək ki, bu cür xoşagəlməz hadisə ötən həftə də baş verdi. Qəribədir, avqustda - yayın belə qızmar vaxtında, elektrik enerjisinə ehtiyacın hələlik az olduğu bir vaxtda qəsəbələri zülmətə qərq edən Suraxanı Rayon Enerji Təchisatı və Satışı İdarəsi qışda - yanvar-fevral aylarında Suraxanı sakinlərinə hansı zülmləri bəxş edəcək? Anormallığa baxın - belə çıxır ki, bu qurumun qışa hazırlığı sıfır səviyyəsindədir. Nəzərə alaq ki, hələ indi nəinki Suraxanının, ümumiyyətlə respublikamızın heç bir sakini elektrik qızdırıcılarından istifadə etmir. Bu səbəbdən də elektrik şəbəkəsi yüklənmir. Amma indi belə çıxır ki, havaların şaxtalı keçəcəyi qış aylarında Suraxanı Rayon Enerji Təchisatı və Satışı İdarəsi və onun rəisi Abdulla Əliyev qəsəbələri elektrik enerjisinə həsrət qoyacaq. Çünki onda elektrik enerjisinə tələbat daha çox olacaq. Halbuki Abdulla Əliyevin işçiləri elə indidən bu işin öhdəsindən gələ bilmirlər.
gundelik-baku