BolgeXeber.Com » Bölgə » Biləsuvar rayon Təhsil işçilərinin konfransı keçirilmişdir-FOTO

Biləsuvar rayon Təhsil işçilərinin konfransı keçirilmişdir-FOTO

5-09-2014, 18:20
Oxunub: 4 967 5 sentyabr 2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon Təhsil işçilərinin konfransı keçirilib

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Təhsil Nazirliyinin məsul işçisi Bibixanım İbadova, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, məktəb direktorları, müəllimlər, ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
İclası giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov konfransın gündəliyi barədə məlumat verdikdən sonra ötən 2013-2014-cü tədris ilində təhsil sahəsində görülmüş işlər və 2014-2015-ci tədris ilində qarşıda duran məsələlər barədə ətraflı məruzə etdi.
Sonra rayonun Xırmandalı kənd 2 saylı tam orta məktəbinin direktoru Cəmil Tomarov, Aşağı Cürəli Kənd tam orta məktəbinin direktoru Ələsgər Şahbazov, Çinarlı kənd tam orta məktəbinin müəlliməsi Gülşən Şirəliyeva və imtahanlarda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan Qulamhüseyn Məmmədov, Nazim Əzizzadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildirdilər.
Təhsil Nazirliyinin məsul işçisi Bibixanım Ibadova çıxış edərək ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi.B.İbadova təhsil sahəsində rayonda son illər görülmüş işləri yüksək qiymətləndirərək bunun builki ali məktəblərə qəbulda da özünü büruzə verdiyini qeyd etdi.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti günü-gündən inkişaf etməkdədir. Onun miras qoyub getdiyi müstəqil, demokratik dövlətçilik konsepsiyası və siyasi-ideoloji xətt bu gün şücaətlə qorunur və gələcək nəsillərin daha firavan həyatı üçün real zəmin yaranır. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz Ümummilli Liderin və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan, cənab prezident İlham Əliyevdir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Respublika Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycanın yeni inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabət qabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəfləri müəyyən edir. Aparılan islahatlar təkcə bunula məhdudlaşmır. Respublikamızda yeni-yeni təhsil ocaqlarının inşa olunması, əsaslı təmiri, eləcə də xarici ölkələrdə gənclərimizin təhsilinin davam etdirilməsindən ötrü həyata keçirilən tədbirlər də bu islahatların tərkib hissəsidir.
M.Quliyev bildirdi ki, ötən illər ərzində rayonumuz da ölkə təhsilinə öz töhvələrini vermişdir. Ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar hazırda respublikamızın ən müxtəlif fəaliyyət sahələrində çalışırlar.
Rayonumuzda yeni istifadəyə verilən təhil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də Biləsuvar rayonun təhsil müəssisələrində çalışan pedoqoji kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Respublikamızda, o cümlədən, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ötrü Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda 4 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Ümumilikdə son illər rayonumuzda 11 yeni məktəb tikilmiş 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.Cari ildə isə 240 yerlik Amankənd tam orta məktəbi üçün müasir standartlara cavab verən yeni məktəb binası tikilmiş və 1176 yerlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı şəkildə təmir olunaraq pedoqoji kollektivin və şagird kontingentinin istifadəsinə verilmişdir. Hal-hazırda isə rayonun Xırmandalı kəndində 640 yerlik və Aşağı Cürəli kəndində 450 yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmış, bir neçə gündən sonra o məktəblər müəllim və şagirdlərinin istifadəsinə veriləcəkdir.
Bütün bunlarla yanaşı rayonda bu il ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd verən məzunlardan 240 nəfəri müvəffəqiyyət əldə etmişdir. Bunlardan 21 nəfəri 600-dən, 46 nəfəri 500-dən yuxarı bal toplamışlar.
M.Quliyev qeyd etdi ki, qarşıdan növbəti tədris ili gəlir. Əmin olmaq istərdik ki, bu yeni tədris ilində də Biləsuvar rayonunun təhsil işçiləri əzmlə çalışacaq və respublikamızda təhsil strategiyasının həyata keçirilməsi işinə öz töhvələrini verməkdə davam edəcəklər.
Tədbirdə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və pul mükafatları təqdim olundu.
Konfransın sonunda Biləsuvar rayon Təhsil işçilərinin Sentyabr Konfransı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.
Bolgexeber.com