BolgeXeber.Com » Bölgə » Qobudan Prezident Administrasiyasına yürüş ola bilər - (Fotolar)

Qobudan Prezident Administrasiyasına yürüş ola bilər - (Fotolar)

10-09-2014, 14:10
Oxunub: 2 835 Sakinlər onları qışda evdən didərgin salan problemin həllini tələb edirlər

Abşeron rayonunun Qobu qəsəbəsində enerji böhranı yaşanır. Yeni sahədə məskunlaşan sakinlər redaksiyamıza müraciət edərək bildirirlər ki, qəsəbədə enerji təminatı biabırçı durumdadır: “Bir transformator var və o da həddindən artıq yüklənib. Axşam düşəndə qəsəbə zülmətə qərq olur. 220 əvəzinə evlərə 60 volt cərəyan gəlir. Hər gün bir elektrik cihazımız sıradan çıxır. Bir qədər əvvəl köhnə sayğacları söküb smart kartla olan sayğac quraşdırdılar. Cərəyan o qədər zəifdir ki, smart kartlı sayğaclar işləmir”.

Sakinlər deyirlər ki, transformatorun yenilənməsi üçün aidiyyəti qurumlara müraciət ediblər. Amma xeyri olmayıb: “Əgər smart kartlı sayğaclar işləməyəcəkdisə, nəyə görə dövlətə külli miqdarda ziyan vurub bu sayğaclar qoşulurdu? Həmin sayğaclara xərclənən dövlət puluna yeni transformator alıb quraşdıra bilməzdilər? Biz dəfələrlə aidiyyəti orqanlara müraciət etsək də, heç bir tədbir görülmür. Abşeron Elektrik Şəbəkəsindən və “Azerenerji”dən deyirlər ki, bu bizə aid məsələ deyil. Biz bilmək istəyirik ki, bəs bu məsələ kimə aiddir? Hər gün yeni evlər tikildikcə həmin tikilən evlər də həmin transformatora qoşulur və enerji verilişi zəifləyir”.

Şikayətçilər bildirirlər ki, yeni xətlər primitiv üsullarla çəkilir: “Heç bir işıq dirəyi istifadə edilmədiyindən elektrik xətləri qaz borularına bağlanır. Bu harada görünüb ki, elektrik xətti qaz borusuna bağlana? Bunun qarşısı alınmasa, qəsəbədə növbəti faciə olacaq. Hər gün enerji verilməsi saatlarla, hətta günlərlə dayanır. Səbəb isə göz qabağındadır. Yəni transformatorların yüklənməsidir”.

Sakinlər deyir ki, onların müraciətlərini qulaqardına vuran qurumlar qəsəbənin yeni salınan və əhalinin yaşamadığı ərazilərində yeni transformatorlar quraşdırır, yeni elektrik xətləri çəkir: “Həmin ərazilərdə torpaqları satırlar deyə oralara tez-tələsik kabellə yeni xətlər çəkirlər. Oradan gəlirləri var deyə bizi orada məskunlaşacaq vətəndaşlardan ayırırlar. Ayrı-seçkilik edirlər. Dövlət yeni transformatorların quraşdırılmasına, elektrik kabellərin çəkilməsinə büdcədən vəsait ayıranda məgər Abşeron Elektrikşəbəkədəkilərə deyir ki, pul alın, sonra iş görün?

Yeni torpaqları satmaq üçün “Azenko” şirkəti kabelləşmə aparır. Bu da onu göstərir ki, yeni yerləri tez və baha satmaq üçün dəridən-qabıqdan çıxırlar. Biz artıq neçənci qışdır ki, evimizdə yatmırıq. Qışda enerjiyə olan tələbatımız artır və transformator da hər dəfə partlayır. Həftələrlə işıq olmur. Artıq qış gəlir və biz yenə də evimizdən köçməyə məcbur olacağıq. Görəsən, hansı zəmanədə yaşayırıq ki, evin ola-ola bir neçə ay kirayədə qalasan? Bizim tələbimiz budur ki, ən azı bu yüklənmədən qurtarmaq üçün və yeni evlər tikildiyinə görə 2 transformator qoyulsun. Əks halda biz məcbur olub qəsəbənin mərkəzi yolunu bağlayıb, Prezident Administrasiyasına yürüş edək”.

Sakinlər inanırlar ki, prezidentin Bakı və ətraf qəsəbələrinin inkişafı haqda fərmanı nəhayət ki, Abşeron Rayon İcra Hakimiyyətinə də gedib çatacaq və problemləri həll ediləcək.(musavat.com)