BolgeXeber.Com » Bölgə » Şəmkir səhiyyəsini uçuruma aparan səbəblər nədir?

Şəmkir səhiyyəsini uçuruma aparan səbəblər nədir?

30-09-2014, 15:15
Oxunub: 3 483 Baş həkim Nurəddin Əhmədovun fəaliyyətində ciddi nöqsanlar mövcuddur

RMX rəhbərindən yuxarılara saysız-hesabsız şikayətlər ünvanlansa da, buna əhəmiyyət verən yoxdur

Şəmkir rayonunun səhiyyə sistemi bərbad vəziyyətdədir. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq. Müəyyən səbəblərə görə adının çəkilməməsini xahiş edən qaynağın bildirdiyinə əsasən Şəmkir Rayon Mərkəzi Xəstəxanası (RMX) müasir tibb avadanlıqlarla təchiz edilsə də, baş həkim Nurəddin Əhmədovun qanuna sığmayan əməlləri vətəndaşların bunlardan istifadəsinə imkan yaratmır: "Həkimlərin əksəriyyəti müasir aparatlarda işləməyi bacarmır.

Buna baxmayaraq, xəstəxana rəhbəri həmin tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmür. Rayonun səhiyyə sistemi zaman keçdikcə uçuruma bir qədər də yaxınlaşır. Məlumat üçün bildirim ki, Şəmkirdə 21 xəstəxana, 24 həkim, 24 feldşer-mama məntəqəsi, təcili yardım stansiyası, stomatoloji poliklinika, gigiyena və epidemiologiya mərkəzi, rayonlararası taun əleyhinə şöbə fəaliyyət göstərir. Bu tibb ocaqlarında 340 nəfərdən çox həkim, 1130 nəfərə yaxın orta tibb işçisi, 600 nəfər kiçik tibb işçisi işləyir. Nurəddin Əhmədov baş həkim vəzifəsinə təyin ediləndən sonra Şəmkirin səhiyyə sistemində durğunluq yaranıb. Mərkəzi xəstəxananın həkimləri vətəndaşlara normal münasibət və xidmət göstərmirlər. Onların gözü ancaq və ancaq vətəndaşların cibindədir. Kim istəyirsə ki, həkimlər ona yaxşı xidmət göstərsin mütləq əlini cibinə salmalıdır. Əks təqdirdə həkimlər vətəndaşlara yüksək səviyyəli xidmət göstərmir. Sanitar əks-epidemik tədbirlər vaxtında görülmədiyinə görə, rayonda infeksion xəstəliklər kəskin şəkildə artıb. Ən böyük problem isə doğum şöbəsində yaşanır. Belə ki, yeni doğulan körpələrə vərəm əleyhinə peyvəndlər vurulmur. Bu azmış kimi, həkimlərin məsuliyyətsizliyi ucbatından bəzən ya uşaq, ya da ana dünyasını dəyişir. Nurəddin Əhmədov isə belə halların ictimailəşməsinə imkan vermir. O bəzi yollara üz tutaraq yaranan problemləri tez bir zamanda aradan qaldırır". Mənbə vurğulayır ki, Səhiyyə Nazirliyi tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılan təxminən 120 adda dərman və tibbi ləvazimatlar təyinatı üzrə sərf edilmir: "Baş həkim bu dərmanların tibb idarələrinə, o cümlədən təcili təxirəsalınmaz tibbi yardım stansiyalarına paylanmasına qarşıdır. Çünki xəstəxana rəhbəri həmin dərmanları ya öz apteklərində satışa çıxarmaqla, ya da onların bir hissəsini nəyinsə əvəzində qonşu rayonlara göndərməklə maliyyə imkanlarını yaxşılaşdırır. Şəmkirin səhiyyəsi acınacaqlı halda olduğu üçün rayon əhalisi daha çox Gəncə və Bakıya üz tutur. Həmçinin mərkəzi xəstəxanada peşəkar həkim qıtlığı var. Sözsüz ki, bu da bəzi fəsadların yaranmasına gətirib çıxarır. Məsələn, xəstəxanada vətəndaşlara düzgün diaqnoz qoyulmur. Normal səviyyədə tibbi biliyi olmayan şəxslər insanlara səhv diaqnoz qoymaqla onların əlavə problem yaşamasına səbəb olurlar. Nurəddin müəllim vəzifə səlahiyyətlərinin öhdəsindən layiqli şəkildə gələ bilmir. Son vaxtlar ondan yuxarılara ünvanlanan şikayətlərin sayı-hesabı yoxdur. Amma aidiyyəti qurumların nümayəndələri gəlib baş həkimin fəaliyyətini yoxlamırlar". Mənbənin sözlərinə görə, vətəndaşlar üzləşdikləri haqsızlıqlara qarşı dəfələrlə etiraz səslərini ucaldıblar. Di gəl ki, onların şikayətinə reaksiya verən yoxdur: "Bir neçə il əvvəl mərkəzi xəstəxanada böyük səs-küy qopmuşdu. Ağır vəziyyətdə bura gətirilən xəstənin adamlarından həkimlərin nəysə tələb etməsi və baş həkimin bununla bağlı şikayətə əhəmiyyət verməməsi sonda mübahisənin yaranmasına səbəb olmuşdu. Hətta əlbəyaxa dava düşmüşdü. Baş həkim xəstəyə lazım olan dərman preparatlarının yaxınlıqdakı aptekdən alınmasının zəruri olduğunu bildirəndə isə mübahisə pik nöqtəyə çatmışdı. Xəstəxanada belə hallar tez-tez qeydə alınır. Nurəddin müəllim aşkar surətdə vətəndaşları incidir, onlara problem yaradır". Mövzu ətrafında apardığımız qısa araşdırmalardan sonra öyrəndik ki, Nurəddin Əhmədov bir sıra qanunsuz işlərə qol qoyaraq dövlət büdcəsinə ziyan vurub: "Bir neçə il öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri üçün büdcədən 98630 manat pul ayrılıb. "İlkin TT" MMC-nin iştirakı ilə həyata keçirilən işlər o qədər də ürəkaçan olmayıb. Baş həkimlə əlbir olan şirkət rəhbərliyi bu məbləğin müqabilində çox zəif iş görüb. Yəni büdcə vəsaitləri mənimsənilib. Digər tərəfdən səhiyyə ocağına vaksinlərin, reaktivlərin, zərdablar və plyonkaların satın alınması prosesi də baş həkim üçün gəlir mənbəyi olub. Belə ki, "Riyad-Farm" MMC ilə bağlanılmış müqaviləyə əsasən baş həkim 89999,9 manatlıq dərman preparatları alıb. Amma o sonradan bu dərmanları rayonda fəaliyyət göstərən başqa dərman şirkətinə sataraq gəlir əldə edib". Qeyd edək ki, əlimizdə konkret faktlar olmadığından Nurəddin Əhmədovun büdcə vəsaitlərini mənimsəyib-mənimsəmədiyini dəqiq deyə bilmərik. Lakin baş həkimlə bağlı bu cür söz-söhbətlər dolaşırsa, nazir Oqtay Şirəliyev onun fəaliyyətini nəzarətə götürməlidir.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

gundelik-baku