BolgeXeber.Com » Bölgə » Xaçmaz səhiyyəsində bərbad vəziyyət

Xaçmaz səhiyyəsində bərbad vəziyyət

2-10-2014, 09:50
Oxunub: 3 801 Səyyaf Tağıyevin nöqsanlı fəaliyyəti Xaçmaz səhiyyəsini uçuruma aparır

Rayon mərkəzi xəstəxanasında nazirliyin təlimatlarına əməl olunmur.İndiyədək bir neçə dəfə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında mövcud olan əyrintilər, neqativ hallar barədə məlumat vermiş, ümumi vəziyyətin ürəkaçan olmadığını qeyd etmişik. Əldə etdiyimiz informasiyalar əsasında onu da bildirmişik ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının tibb personalı adıçəkilən səhiyyə ocağının rəhbərliyindən, konkret olaraq baş həkim Səyyaf Tağıyevdən şikayətlənirlər. Bilgilərdə qeyd olunur ki, tibb müəssisəsinin rəhbərliyi xəstəxananı şəxsi mülkü kimi idarə edir.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı, eləcə də narazı həkimlərin və xəstə yaxınlarının dediklərindən belə məlum olur ki, məhz Səyyaf Tağıyevin nöqsanlı fəaliyyəti nəticəsində xəstəxanada ümumi vəziyyət mənfiyə doğru dəyişib. Buna misal olaraq xəstəxananın aparıcı mütəxəssislərinin müxtəlif yollarla uzaqlaşdırılmasını göstərmək olar. Belə ki, rəhbərliyin haqsız iradları, əsassız tənqid və təzyiqlərinə dözə bilməyən peşəkar kadrlar Səyyaf Tağıyevin ucbatından çalışdıqları tibb müəssisəsini tərk etmək məcburiyyətində qalıblar.

Bu və digər məqamlarla bağlı əldə etdiyi informasiyaları bizimlə bölüşən məlumatlı şəxsin sözlərinə görə, Səyyaf Tağıyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunduğu gündən həm tibb ocağının, həm personalın, həm də xəstələrin qara günləri başlayıb: "Səyyaf Tağıyevin qeyri-peşəkar davranışı tibb müəssisəsinin peşəkar, təcrübəli kadrlarının mövcud şəraitə dözməyərək xəstəxanadan getmələrilə nəticələnib. Səhiyyə Nazirliyi isə bununla bağlı edilən şikayətlərə nədənsə məhəl qoymur, məsələyə müdaxilə etməkdən çəkinir. Görünür, bu kimi məsələlərdə Səyyaf Tağıyevin maraqları ilə nazirliyin maraqları hansısa məqamlarda uzlaşır".

Bu arada, mənbənin verdiyi digər bir məlumatda bildirilir ki, son vaxtlar Xaçmaz rayonunda hələ vaxtilə sovetlər dövründə kökü kəsilmiş xəstəliklər yenidən baş qaldırıb: "Bu, baş həkimin nöqsanlı fəaliyyətindən xəbər verir və rayonda heç bir profilaktik tədbirlərin keçirilmədiyinin bariz nümunəsi kimi özünü göstəririr. Onu da qeyd edim ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə göstərilən tibbi xidmətlər istənilən təbəqə üçün demək olar ki, pulludur. Hələ bu azmış kimi, baş həkim xəstəxananın hər şöbəsinə, hər kabinetə xüsusi "qayda" da tətbiq edib. Maraqlıdır, görəsən, bu qədər nöqsanlardan sonra nəhayət, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında yol verilən özbaşınalıqlara "dur" deyən olacaqmı?.."

Xaçmaz Rayon Maliyyə İdarəsi tərəfindən sözügedən tibb müəssisəsinə ayrılan vəsaitlərin böyük bir qisminin mənimsənildiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, xəstəxanadakı mövcud vəziyyəti göz önünə aldıqda aydın şəkildə görünür ki, ortada ciddi maliyyə maxinasyaları var: "Bundan başqa, Səyyaf Tağıyevin rəhbərlik etdiyi tibb ocağında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə, pulsuz dərmanlarla təmin olunmurlar". Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin nüfuzlu şəxslərdən biri tərəfindən himayə olunduğunu vurğulayan mənbənin iddiasına görə, bu səbəbdən də rayon icra hakimiyyəti Səyyaf Tağıyevin əməllərinə göz yumur, rayon mərkəzi xəstəxanasında yaşanan neqativ hallara əhəmiyyət verilmir: "Bu isə rayon camaatının haqlı etirazına, kəskin narazılığına səbəb olur. Çünki onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsindən razı deyillər. Rayon sakinləri də təsdiqləyə bilərlər ki, bu tibb müəssisəsində nadir hallarda xəstələrin təmənnasız müayinə və müalicə olunması halına rəst gəlmək mümkündür".gundelik-baku

Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.