BolgeXeber.Com » Bölgə » Şabranda büdcə təşkilatlarına, sahibkarlara divan tutulur

Şabranda büdcə təşkilatlarına, sahibkarlara divan tutulur

2-10-2014, 09:55
Oxunub: 3 932 Rayon maliyyə idarəsinin rəisi kimləri və nə üçün özündən asılı vəziyyətə salmağa çalışır?

Əldə etdiyimiz bilgilərə görə, Şabran Rayon Maliyyə İdarəsi rayonun əksər büdcə təşkilatlarının işinə müdaxilə edir və onların normal fəaliyyət göstərmələrinə imkan vermir. Bu və digər önəmli məlumatları bizimlə paylaşan mənbə iddia edir ki, rayon maliyyə idarəsinin rəisi B.Nəzərov mütəmadi yoxlamalar aparmaqla yerli təşkilatları təngə gətirib. Şabran Rayon Maliyyə İdarəsinin rəisinin adıçəkilən rayonda fəaliyyət göstərən büdcə təşkilatlarını və onların rəhbərlərini özündən asılı vəziyyətə salmağa çalışdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Nəzərov tabeçiliyində çalışan şəxslərə Şabran rayonunda azı ildə iki dəfə yoxlama aparmaq barədə xüsusi tapşırıq verib:

"Şabran Rayon Maliyyə İdarəsi tərəfindən aparılan hər yoxlama isə sonda bir sıra şəxslər üçün əlavə problemlər yaradır. Çünki hər yoxlamanın sonunda yerli büdcə təşkilatlarının səlahiyyətli şəxsləri irəli sürülən "tələb"ləri yerinə yetirməli, qarşıya qoyulan "şərt"lərə əməl etməlidirlər. Bu isə onların ciddi narazılığına səbəb olur. Lakin müəyyən səbəblər üzündən məsələ ilə bağlı heç kimə heç nə deyə, şikayət edə, etirazlarını bildirə bilmirlər. Odur ki, məcburiyyət qarşısında qalıb deyilənləri tam şəkildə icra edirlər. Əks halda, Şabran Rayon Maliyyə İdarəsinin qəzəbinə tuş gələ, yoxlamalardan üzüqara çıxa bilərlər. Artıq rayon sakinlərinə belə, bəllidir ki, Şabran Maliyyə İdarəsinin rəisi nə yolla olursa-olsun büdcə təşkilatlarını və onların rəhbərlərini özündən asılı vəziyyətə salmağa çalışır".

Şabran rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının son zamanlar nədənsə düzgün hesablanmadığını qeyd edən məlumatlı şəxs iddia edir ki, nəticədə iri həcmli vəsaitlər naməlum istiqamətə yönəldilir: "Həmin pulların hara getdiyini dəqiq demək çətin, ümumiyyətlə, mümkün deyil. Ancaq bircə onu qeyd edə bilərəm ki, əməkhaqlarının düzgün hesablanmaması nəticəsində böyük həmcli vəsaitlər tamam başqa istiqamətə yönəldilir. Kim bilir, bəlkə də Şabran Rayon Təhsil Şöbəsi bu məsələdə rayon maliyyə idarəsinin adının hallanmasında maraqlıdır. Yəni bir növ təhsil şöbəsi maliyyə idarəsini hədəf kimi göstərməklə yaxasını kənara çəkməyə, təhlükəni özündən uzaqlaşdırmağa çalışır. Hər halda aidiyyəti qurumlar məsələni araşdırsalar, o zaman çoxlarına hər şey aydın olacaq". Hazırda Şabran Rayon Maliyyə İdarəsinin rəisinin kimə arxalandığını, kimlərin himayəsində olduğunu araşdırmağa çalışdığını deyən məlumatlı şəxsin sözlərinə görə, son zamanlar idarə rəisi güzəranını əməlli-başlı yaxşılaşdırmağa nail olub: "Rayon sakinlərilə söhbət zamanı məlum oldu ki, son zamanlar Şabran rayonunda sahibkarlıq subyektlərində yoxlamalar aparılan zaman qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmur, yoxlamalar əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmır. Həmçinin yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin edilmir. Bu isə sonda iş adamlarının, biznesmenlərin qanunvericlikdə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. Məhz elə bu səbəbdən də bu gün Şabran rayonunda fəaliyyət göstərən ticarət obyektləri, büdcə təşkilatları, idarə və müssisə rəhbərləri maliyyə idarəsinin əməllərindən təngə gəliblər".gundelik-baku

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.