BolgeXeber.Com » Bölgə » Qazaxda hərbi əlilin evinə telefon çəkmirlər

Qazaxda hərbi əlilin evinə telefon çəkmirlər

2-10-2014, 13:15
Oxunub: 4 011 Tural Mürşüdov: «Rabitə şöbəsinin müdiri Nizaməddin müəllim deyir ki, pul verməsən mümkün deyil»

Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, ehtiyyatda olan gizir Mürşüdov Tural Müştab oğlu evinə telefon çəkdirə bilmir. O,göndərdiyi müraciətində bildirir ki, rayon Rabitə Şöbəsinin müdiri Nizaməddin müəllim onun evinə telefon çəkilişinin yalnız pulla mümkün ola biləcəyini deyib.

Tural Mürşüdov yazır ki, şöbə müdiri ona həmin istiqamətdə boş yer olmadığını da çatdırıb. «Hətta olsa belə, mənə hər hansı bir güzəşt etməyəcəyini deyir. Və bildirir ki, pul ödənilməsi çəkiliş mümkün deyil. Halbuki hərbi xidmət zamanı əlil olmuş şəxslərə bu xidmət pulsuzdur. Üstəlik, mənin o qədər imkanım yoxdur ki, bu pulu ödəyim».

İkinci qrup əlil qeyd edir ki, son dövrlər səhhətində yaranmış problemlərdən dolayı mütəmadi olaraq evinə Təcili Yardım çağırmaq məcburiyyətində qalır. «Ona görə də, evimdə telefon olması şərtdir. Amma Qazax rayon Rabitə Şöbəsinin rəhbərliyi iki ayağını bir başmağa dirəyərək, buna imkan vermir. Açığı Qazaxda dövlət başçısının tapşırıqlarına heç bir sahədə məhəl qoymurlar. Özbaşınalıq halları baş alıb gedir. Bunun qarşısını alınmalıdır. İnsanlar bu münasibətdən əziyyət çəkirlər».

Tural Mürşüdov sonda bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də üzləşdiyi problemlə bağlı yardım istəyir. «Ümid edirəm ki, nazir Əli Abbasov mənim kimi hərbi əlillərin səsini eşidib, onların evlərinə telefon çəkilişlərini təmin edəcək». jam.az